Yeni iqtidar partiyası Yunanıstanı iqtisadi böhrandan çıxara biləcək?

Yeni iqtidar partiyası Yunanıstanı iqtisadi böhrandan çıxara biləcək?

 

Zeynal Əmrəliyev: "Avropa Birliyi ölkələrindən məsafəli durmaq Aleksis Çipras üçün uğurlu olmadı"

Kamran Sultanlı: "Yunanıstan Qərb və Rusiya arasında rəqabət məkanlarından biridir"

Turan Rzayev: "Miçotakis və partiyası seçkilərdə qələbə qazansa da, onları daha çətin sınaq gözləyir"

İyulun 7-də Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilib. Belə ki, baş nazir Aleksis Çiprasın qərarı ilə dörd ay əvvələ çəkilən seçkiyə 20 siyasi partiya qatılıb və onlar parlamentdəki 300 yer uğrunda mübarizə aparıb. Seçkinin nəticələrinə görə, Kiriakos Miçotakisin rəhbərlik etdiyi müxalif Yeni Demokratiya Partiyası baş nazir Aleksis Çiprasın başçılıq etdiyi hakim SİRİZA partiyası üzərində qələbə qazanıb. Bununla da müxalifət lideri Yunanıstanın yeni baş naziri olacaq. Onu da qeyd edək ki, artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın yeni baş naziri Kiriakos Miçotakis arasında telefon danışığı baş tutub. Bu barədə axar.az-da yer alan informasiyada deyilir ki, Ərdoğan Miçotakisi təbrik edib, nəticələrin Yunanıstan-Türkiyə əlaqələrinə müsbət təsiri olacağına ümid etdiyini vurğulayıb. Miçotakis isə öz növbəsində, Türkiyə prezidentinə təşəkkürünü bildirərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf edəcəyini bildirib.

"Yunanlar arasında ümumilikdə siyasi elitaya qarşı bir inamsızlıq yaranıb"

Картинки по запросу Zeynal Əmrəliyev

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevin sözlərinə görə, seçkinin növbədənkənar olmasının səbəbi Avropa Parlamentinə keçirilən seçkilərdə iqtidar partiyasının - SİRİZA-nın məğlubiyyəti idi: "Əslində, bunu iqtidara etimad referendumu kimi də qəbul etmək olar. Lakin öncədən bəlliydi ki, bu seçki iqtidarın sonu olacaq. Ölkədə artıq solçu qüvvələrin nüfuzu azalıb. Daha doğrusu, iqtidar nüfuzdan düşüb. Çıxılmaz iqtisadi böhranla bərabər, Yunanıstan qeyri-sabit siyasi dövrə qədəm qoydu. Artıq ölkədə iqtidarlar bir-birini əvəz edir. Əhali problemlərini həll edəcəkləri vədləri ilə hakimiyyətə gəlmək istəyən siyasətçilərin sözlərinə nağıl kimi baxır. Yunanlar arasında ümumilikdə siyasi elitaya qarşı bir inamsızlıq yaranıb. Gənc və populyar siyasətçi olan, solçu inqilabi çıxışları ilə kapitalizmin bir çox qaydasını "lənətləyən" Aleksis Çipras da bu inamsızlıq mühitini aradan qaldıra bilmədi. 2015-ci ildə hakimiyyətə gəlmiş 44 yaşlı siyasətçi bu 4 ilin ərzində məsələnin heç də meydanlardan "odlu-alovlu" nitq söyləmək olmadığını gördü. 2012-ci ildə keçirilmiş seçkilədə ikinci yerə çıxıb hökuməti qurmaq vəzifəsini alsa da "Mən Avropa Birliyi ilə əməkdaşlıq edən partiyalarla koalisiyaya girmərəm" deyərək bu təklifi rədd etmişdi".

"Əgər ittifaq meyilli sağlar da məsələni həll edə bilməsə, o zaman ölkədə onsuz da mövcud olan anti-Avropa əhval-ruhiyyəsi daha da güclənəcək"

Ekspert hesab edir ki, anti-Avropa rüzgarı Aleksis Çiprası 3 il sonra seçkinin birincisi edərək hakimiyyətə gətirdi, ancaq Avropa Birliyi ölkələrindən məsafəli durmaq siyasəti onun üçün uğurlu olmadı: "Yunanıstan elə yerində saydı, hətta daha da gerilədi. Solçu hökumətin əhali arasında nüfuzu bununla aşağı düşməyə başladı. Bu da Avropa Parlamentinə seçkilərdə özünü göstərdi. Seçkilərdə Kiriakos Miçotakisin rəhbərlik etdiyi müxalif Yeni Demokratiya Partiyası öz inamlı qələbəsini qazandı. Solçuların problemi həll edə bilməməsi sağçıların yenidən iqtidara gəlişinə şərait yaratdı. Əgər ittifaq meyilli sağlar da məsələni həll edə bilməsə, o zaman ölkədə onsuz da mövcud olan anti-Avropa əhval-ruhiyyəsi daha da güclənəcək. Həmçinin ölkənin siyasi həyatında da ənənəvi partiyaların sıradan çıxması ehtimalı var. Hələlik isə Yunanıstan Kiriakos Miçotakislə "bəxtini bir daha sınayacaq". Əgər uğurlu alınmasa, ehtimal ki, bu, ənənəvi siyasi qrupların sonunu gətirəcək".

"Yunanıstan Avropa Birliyi və NATO üzvü olmasına baxmayaraq, Rusiyanın yaxın dostu kimi çıxış edirdi"

Yunanıstanın Qərb və Rusiya arasında rəqabət məkanlarından biri olduğunu vurğulayan müstəqil ekspert Kamran Sultanlı isə bu qənaətdədir ki, yunan siyasətində uzun illər iki ailə hökmranlıq edib: "Yunanıstan Balkan regionda Avropa Birliyi və NATO üzvü olmasına baxmayaraq, Rusiyanın yaxın dostu kimi çıxış edirdi. Rəsmi Afinanın Moskva ilə əlaqələrində bir-sıra amillər rol oynayırdı. Rusiya Balkan regionun Avro-Atlantik məkanına inteqrasiyasının qarşısını almaq üçün bu ölkədəki özünə ideoloji yaxın qüvvələrdən istifadə edirdi. "Afon" dağında yerləşən kilsə və dindar kəsim, Yunanıstanla Makedoniya arasındakı "Prespa" anlaşmasına qarşı çıxan daxildəki müxalif qüvvələrdən yararlanmağa cəhd edirdi. Aleksis Çipras da hakimiyyətə Avropa Birliyinə qarşı olan mövqeyi ilə gəlmişdi. Yunan siyasətində uzun illər iki ailə hökmranlıq edib. Çiprasın seçilməsində ən əsas məqsəd ənənəvi elitaların təsir dairəsini daraltmaq olsa da, qədim ellin ölkəsində Çipras buna nail ola bilməyib. Qərb dövlətlərində formalaşan anti-qlobalist və anti-elitist baxışlar özünü Yunanıstanda da göstərməkdədir".

"Kiriakos Miçotakis bu seckilərdə qalib gəlsə də, artıq onun üzərinə çətin missiya qoyulub"

İnsanların artıq Yunanıstanın ənənəvi elitasına inanmadığını deyən ekspertin fikrincə, Kiriakos Miçotakis bu seckilərdə qalib gəlsə də, artıq onun üzərinə çətin missiya qoyulub:"Yunanıstanın hazırda borcu ÜDM-ün 181 faizi civarındadır. Bu borcun 60 faizi Avropa dövlətlərinədir. Bundan əlavə, ölkənin borc yükünün böyük qismi həm də BVF-yədir. Yunanıstanın faktorial indeksi 32 faiz geriləyib. Ölkənin xarici borcu 379-440 mld. dollar arasında dəyişir. Ölkə iqtisadiyyatında bu durumu çözmək heç də asan olmayacaq. Bundan başqa, Yunanıstanda yeni virtual hərəkatların trendi son dövrlər artır. Yunanıstan siyasi səhnəsində virtual trend genişləndikcə ənənəvi siyasi partiyalara olan inam da azalacaq. Hələlik Yunanıstan siyasi səhnəsində klassik elitaları zərərləşdirmək mümkün olmayıb. Yunanıstan Çin, Avropa Birliyi və Rusiya arasında rəqabət məkanından biridir. Afinanın son dövrlər Misir-Cənubi Kipr-İsraillə birlikdə Şərqi Aralıq dənizində enerji üzrə aktivləşməsi bu ölkənin regionda Türkiyə ilə əlaqələrini gərginləşdirəcək. Türkiyə tərəfi Kiriakos Miçotakisin qələbəsinə görə təbrik edib və əlaqələrin yaxınlaşacağına ümid etdiyini açıqlayıb. Lakin regionda konfrantiv proseslərin artdığı bir dövrdə gərginliyin səngiməsi az gözləniləndir".

"Miçotakis rəhbərliyindəki hakimiyyət Yunanıstanı düşdüyü iqtisadi böhrandan çıxarmaq üçün əsaslı işlər görməsə hakimiyyətdə elə də uzun qala bilməyəcək"

Картинки по запросу politoloq Turan Rzayev

Artıq Yunanıstanda Miçotakis dövrünün başladığını bildirən politoloq Turan Rzayev isə hesab edir ki, hazırda iqtisadi böhran dedikdə ilk ağla gələn ölkə məhz Yunanıstandır: "Son bir neçə ildir ki, Avropa Birliyi sanki varlığını və dayanıqlığını sınayırmış kimi çox ciddi iqtisadi problemlərlə üzləşir. Xüsusilə Cənubi Avropa ölkələrində bu böhran daha çox hiss olunmaqdadır. Ümumilikdə isə iqtisadi böhran dedikdə ilk ağla gələn ölkə məhz Yunanıstandır. Yunanıstan uzun illərdir ki, iqtisadi böhrandan çıxış yolları axtarır. Bu səbəbdən Yunanıstan vaxtından 4 ay tez seçkilərə getmək məcburiyyətində qaldı. Seçkilərin nəticəsində isə Miçotakisin Yeni Demokratiya Partiyası qələbə qazanaraq parlamentdə səs çoxluğu əldə etmiş oldu. Təbii ki, seçkilər sonrası belə bir sual ortaya çıxır: Miçotakis və yeni iqtidar partiyası Yeni Demokratya Partiyası Yunanıstanı düşdüyü dərin iqtisadi böhrandan çıxara biləcəkmi? Miçotakis və partiyası seçkilərdə qələbə qazansa da, onları daha çətin bir sınaq gözləyir. Çünki artıq heç kəsə sirr deyil ki, Yunanıstanda hakimiyyətə gəlmək elə də əhəmiyyətli deyil. Düşünürəm ki, Miçotakis rəhbərliyindəki hakimiyyət Yunanıstanı düşdüyü iqtisadi böhrandan çıxarmaq üçün əsaslı işlər görməsə hakimiyyətdə elə də uzun qala bilməyəcək".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}