"3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, övladımı təhqir və təhdid ediblər" - ŞİKAYƏT / FOTO


Naxçıvan şəhəri, Şahbuz rayonu, Sələsüz kənd sakini Hüseynov Əfqan Cəlil oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir.

“Mən, Hüseynov Əfqan Cəlil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, 1-ci qrup əlil həyat yoldaşım və 2 azyaşlı övladım var.

12 mart tarixində qızım məktəbin Uşaq Birlyinin rəhbəri Çiçək Novruzovanın nəvəsiylə dalaşdığına görə, mənə heç bir xəbərdarlıq etmədən, 3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, müəllimi çölə çıxararaq uşağı təhqir və təhdid ediblər. Müəllimə 7-ci sinif şagirdi olan nəvəmin boynunun arxasından vuraraq, "nəvəmlə niyə dalaşmısan?" deyirmiş.

Bunu eşidən kimi dərhal anamla birgə məktəbə getdim. Araşdırma nəticəsində bəlli oldu ki, guya, mənim qızım onun qaynının nəvəsini söyüb. Əsəbimdən neynədiyimi bilmirdim. Cibimdə olan balaca quranı çıxarıb dedim ki, qızım düzünü de, and iç, düz deməsən atan ölər. Uşaq and içdi ki, ata, mən söyməmişəm, mənə şər atırlar.

Müəllimələrə dedim ki, eşitmisinizsə, gəlin and için. Heç kəs and içmədi.

Məsələ ilə bağlı polisə ərizə vermişdim. Amma heç bu işlə maraqlanan olmadı. Bir müddət sonra saytların birində məsələ işıqlandırıldı. Bu vaxt polis təhqiqatçısı İlkin müəllim uşağın izahatını aldı və bildirdi ki, istəyirəm qızı məhkəmə tibbi ekspertizadan keçirim.

Özümün də iştirakımla uşağı ekspertizadan keçirdik. Orda da döyülməyi ilə bağlı izlər ortaya çıxdı.

Bununla bağlı Daxili İşlər Nazirliyinə də məktub yazmışam. 15 gün keçmiş nazirliyin əməkdaşı və təhsil idarəsindən bir nəfər gəlib hadisəni yenidən dinlədilər. Nazirliyin əməkdaşı dedi ki, nazir özü bu işlə məşğul olacaq. Müəlliməyə 5 maddə ilə iş düşdüyünü bildirdi.

Bunlar gedəndən sonra təhqiqaçı ilə əlaqə saxlayıb, ekspertizanın rəyinin çıxacağı vaxtı soruşdum. Bildirdi ki, hələ çıxamyıb.

Beləliklə, 1 ay keçdi. Daha sonra dedi ki, poçtla göndərmişəm get götür. Getdim, dedilər hələ gəlməyib. Bir daha zəng vurdum. Dedi ki, öyrəndim, dəftərxanadan hələ çıxmayıb.

Nazirliklə əlaqə saxladıq, məlumat vermədilər. Daha sonra poçtdan zəng vurdular ki, sənə məktub var. Məktubu götürdüm və artıq anladım ki, burda oyun dönür.

Çiçək müəllimənin oğlu Şahbuzda tikinti müdiri olduğu üçün imkanları həddindən artıq yaxşıdır. Mənimsə maddi imkanım zəifdir. Məndə olan məlumata görə, məktəbin direktor əvəzi olan Sahilə müəllimənin qohumu prokurorluqda olduğuna görə, həmin məktəb haqqında heç kəsin şikayətinə baxılmır.

Sizin sayt vasitəsilə cənab Fuad Nəcəfliyə, cənab İlham Əliyevə müraciət edirəm, bu özbaşınalığın davam etməsinə imkan verməyin. Özüm NTV-də operatoram, məni işimlə və ölümlə hədələyirlər.

Onu da qeyd edim ki, rayon başçısının müavini məni qəbul edərək, işə nəzarət edəcəklərini demişdi. Bu işin başında kimlərin adı varsa, polis bu işə yaxın durmur. Təhqiqatçı mənə dedi ki, bu iş polisdən çıxdı, sən başqa qurumlara müraciət et.

Məktəbdə dərslər düzgün keçirilmir, özbaşınalıq hökm sürür. Valideyn buna etiraz etdikdə isə uşağı şərlənir, məktəbdə biabr olur. Uşaq oğru çıxarılır. Valideyn də rüsvay olduğu üçün məktəbdən uşağı çıxarır. Məktəbdə ancaq Çiçək və Sahilə müəllimənin qohum-əqrabaları işləyir. Hətta əksəriyyəti qohum uşaqlarıdır. Arada eşidirik, orda-burda deyir ki, mənim yerimdən tərpənməyim üçün gərək oğlumun pulu qurtara, o da heç vaxt ola bilməz, gərək dünyanın sonu olsun. İmkanları olsa məni öldürərlər. Özümdən yox, uşaqlarımdan qorxuram. 2016-ci ildə beyin iflici olan yoldaşımdan qorxuram". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti