24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Elmar Məmmədyarovun istefa verməsi hakimiyyətin maraqlarına uyğundur
Oktyabrın 29-da İstanbulda Türkiyə Cümhuriyyətinin quruluşunun 95-ci ildönümü münasibətilə açılışı olan İstanbul Hava Limanındakı mərasimdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak və çıxış edib. Nazir Elmar Məmmədyarovun Azərbaycan dövlət dilində çıxışının əsasən rabitəsiz, bəzi hallarda anlaşılmaz ifadələr işlətməsi cəmiyyətdə kəskin diskussiyalara səbəb oldu. Bu da təsadüfi deyil. Azərbaycan ictimaiyyətinin dövlət dili ilə bağlı həsaslığı hər zaman mövcud olub. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının bu məsələdə həssaslığını dərindən hiss edirdi və bu həssaslığı belə ifadə etmişdi:"Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir!”
Eyni zamanda hər bir azərbaycanlının öz ana dilini bilməsinin zəruriliyini qeyd edən mərhum prezident Heydər Əliyev bu məsələ ilə bağlı mövqeyini belə ifadə etmişdi: "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”
Həqiqətən də bu gün öz ana dilini bilməyən insanlara dünyanın heç bir xalqı hörmət etmir. Əksinə, öz dilini yaxşı bilən siyasətçilərə daha artıq etmad göstərilir. Baxmayaraq ki, onların bir çoxu beynəlxalq təşkilatların rəsmi dilləri hesab olunan dillərdə belə danışa bilmirlər. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə əcnəbi dilləri gözəl bildiyi halda, təmsil etdiyi ölkənin rəsmi dövlət dilində fikirlərini ifadə etməkdə çətinlik çəkir. Onun bu nöqsanınınictimai müzakirələrə səbəb olması çox təbii bir olay olsa da, cəmiyyəti qınamağa çalışanlar da tapılır. Naziri müdafiə etməyə çalışanlardan biri də xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovdur. Mediaya açıqlamasında akademik Məhərrəm Məmmədyarov belə deyib:"Ataların bir sözü var. "Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adamlar adlandırmışdı. Akademik Məhərrəm Məmmədyarov isə oğlunun təmsil etdiyi dövlətin rəsmi dilini bilməməsini onun yeganə eybi hesab edir. Çox maraqlıdır, 94 yaşlı akademik Məhərrəm Məmmədyarov belə Ümummilli lider Heydər Əliyevin öz ana dilini bilməyənlər haqqındakı fkirinin nə qədər geniş mahiyyət daşıdığının fərqində deyil. Kimyaçı alim olan akademik Elmar Məmmədyarovu qınayanlara da irad tutur ki,öncə Azərbaycanın xarici siyasətinə baxın. "Orada səhv varsa, onu düzəldin”.
Elmar Məmmədyarovun nazir olduğu dövrdə Azərbaycan diplmatiyasının uğradığı məğlubiyyətlərdən 94 yaşlı kimyaçı akademik xəbərsiz ola bilər. Ancaq Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyasında dəstəklənməməsi kimi olaylar, bir səfirin sələfini korrupsiayada ittiham edərək yerləşdiyi ölkədə hüquq-mühafizə orqanlarına müraciət etməsi kimi hallara məhz Elmar Məmmədyarov xarici işlər naziri olduğu dövrdə baş verib. Ümumiyyətlə, Elmar Məmmədyarovun xarici işlər naziri olduğu 14 il ərzində Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə bağlı heç bir ciddi diplomatik uğur əldə edilmədiyi hər kəsə məlumdur. İşğalçı Ermənistanın beynəlxalq təşkilatlarda mövqeyinin güclənməsi də məhz Elmar Məmmədyarovun xarici işlər naziri olduğu dövrə təsadüf edir. Çox maraqlıdır ki, Ermənistanın artıq yalnız Dağlıq Qarabağın, onun ətrafındakı işğal altındakı yeddi rayonun da Azərbaycana mənsub olmasını şübhə altına almasına nail olması Elmar Məmmədyarovun nazir olduğu dövrə təsadüf edir. Bu gün Türkiyə, Pakistan kimi bir neçə ölkəni çıxmaq şərti ilə heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləmir. Hətta dünyanın siyasi gündəmini, hansı qərarların qəbul olunmasını müəyyən edən dövlətlərin rəsmi təmsilçiləri Azərbaycanın ərazi bötüvlüyünü şübhə altına almaqdan çəkinmirlər. Son belə hadisə ilə Rusiya Xarici İşlər Nazirliyinin və bu qurumun rəsmi təmsilçiərinin iki məsələ ilə bağlı tutduğu mövqe zamanı müşahidə edildi. İyun ayının əvvələrində Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan bu qurumun rəsmi saytında təhrif edilmiş şəkildə yer aldı.
İyul ayının sonunda isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan KİV-lərinə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməkdən çəkinmədi. Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin bu yaxınlarda 2016-cı ilin aprel ayında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərini şərh edərkən Azərbaycanın ərazi bütövlüyü haqqında səsləndirdikləri fikirlərin Rusiya XİN-in mövqeyi ilə üst-üstə düşmədiyini bəyan etdi. Özü də həmin insanlar Aran Qarabağın işğaldan tezliklə azad edilməsini tələb etmişdilər və çıxışlarında Dağlıq Qarabağın azad edilməsi ilə bağlı bircə kəlmə də olsun yox idi.
Bunları son olaylar kimi qeyd edirik və əslində Elmar Məmmədyarovun 14 illik xarici işlər naziri olduğu dövrdə çox belə olaylar baş verib. Son olaraq Azərbaycanın Pakistan, Moldova və Belarusiyada səfii olmuş filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadənin Azərbaycanın Xarici İşlər Nazirliyində ermənilərə işləyənlərin olmasını iddia etməsi, sözlərinin sübutu kimi gizli şifrə ilə göndərdiyi məktubdan ermənilərin xəbər tutmasını qeyd etməsi yetərli idi ki, Elmar Məmmədyarov istefaya göndərilsin, onun 14 ərzində nazir olduğu Nazirlikdə geniş yoxlamalar başladılsın. Akademik Məhərrəm Məmmədyarov oğlunu müdafiə edərkən onunxarici dilləri mükəmməl bilməsini qeyd edir. Burada professor İsfəndiyar Vahabzadənin "Diplomatiyanın yolu ingilis dilini bilməkdən başlamır. Diplomatiyanın yolu milli yanğıdan, milli közərtidən başlayır. Əgər insanın daxilində milli yanğı yoxdursa, ondan diplomat olmaz” fikirini qeyd etməklə, yazını bitirmək istəyirəm.Kimin haqlı olduğuna isə vətəndaşlar qərar verməlidir.
"Yeni Sözçü” qəzeti