8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Torpaq üstündə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun məhkəməsi keçirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, qardaşlar arasında torpaq sahəsi üstündə mübahisə başlayıb. Şirxan Məhərrəmov mülkiyyət hüququnun ona verilməməsini əsas gətirərək qardaşı Səməd Məhərrəmova atəş açıb. Cinayət işi materiallarında yazılır ki, Şirxan Məhərrəmov qardaşına 3 dəfə tüfəngdən atəş açıb. İlk olaraq 34 metrdən, sonra isə 17 metr məsafədən, üçüncü dəfə isə yerə yıxılan qardaşının baş nahiyəsindən vuraraq qətlə yetirib.
Məhkəmədə ittihama münasibət bildirən Ş.Məhərrəmov özünü təqsirli bilib, amma ittihamda göstərilən bəzi məqamlarla razılaşmayıb.
Prosesdə sərbəst ifadə verən Ş.Məhərrəmov sərbəst ifadə verib. O söyləyib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar. Daha sonra isə torpaq sahəsini aralarında bölmək istəyiblər.
Onun sözlərinə görə, böyük qardaş Səməd Məhərrəmov buna etiraz edib və torpaq sahəsini heç kimlə bölməyəcəyini deyib:
"Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi ki, tikməyək. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Ərazidə iş gedirdi, xətt qırılmasın deyə. Mənə araxadan yaxınlaşıb təpiklə vurdu. Daha dözə bilmirdim. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirdim".
Suallara cavab verən Şirxan Məhərrəmov qardaşını öldürmək qərarına gəlməsininin səbəbini belə izah edib: "Ona dedim ki, məni bezdirmisən, səni öldürəcəm. Mənə dedi ki, səndə o ürək hardandır? Buna görə də onu vurdum. Mən əsəblərimi cilovlaya bilmədim. Məni dəfələrlə təhqir edib".
Ş.Məhərrəmov qardaşına 2 dəfə atəş açdığını söyləyib. Qeyd edib ki, qardaşına ilk dəfə atəş açıb, amma ikinci atəşin necə açıldığından xəbərsiz olub: "Üçüncü dəfə atəş açmamışam. Oradan boş giliz tapıldı. Onu da yazıblar ki, mən atmışam".
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da ifadəsində söyləyib.
Məhkəmədə şahid qismində Xəzəngül Məhərrəmova ifadə verib. O, təqdirləndirilən şəxsin və mərhumun anasıdır.
"Mən istəməzdim ki, iki balamı da bu vəziyyətdə görüm. Mən onları nə zülmlə böyütmüşəm"- deyən yaşlı qadın təqsirləndirilən oğlunu müdafiə edib, deyib ki, mərhum oğlu Şirxana nəsə deyib ki, o da onu vurub.
Prosesdə hadisənin əsas şahidi Çiçək Məhərrəmova da ifadə verib. O, mərhumun xanımdır. Hadisəni ilk görən, ilk eşidən odur.
Çiçək Məhərrəmova qeyd edib ki, ilk güllə səsindən sonra evdən çıxıb. İkinci gülləni atan zaman isə onları görüb: "Mən qışqırdım. Yaxınlaşanda Şirxan üçüncü dəfə də atəş açdı. Sonra getmək istəyəndə mən Şixana dedim ki, heç olmasa kömək elə, həkimə aparaq. Mənə tərəf silahı qaldırdı. Oraya fəhlələr də gəldi. Onlar Şirxana dedi ki, nə edirsən? Sonra silahı yerə saldı. Orada da qardaşı Azada zəng elədi ki, gəl mal-heyvana sahib çıx, Səmədi öldürdüm".
Məhkəmədə qardaşların üçüncüsü Azad Məhərrəmov da didirilib. O da hadisədə əsas təqsirkarın mərhum qardaşı olduğunu deyib.
Azad Məhərrəmov söyləyib ki, torpağı üçü birlikdə alıb, birlikdə təsərrüfatla məşğul olublar. Amma sonradan qardaşı torpağı onlara vermək istəməyib: "Yaxşı təsərrüfatımız var idi. Amma mal-heyvanı hissə-hissə satdılar. Necə oldu, bilmədik. Mən özüm maşınla mal daşıyırdım. Həmin gün də Şirxan zəng elədi ki, Səmədi öldürüb".
Məhkəmədə elan edilib ki, qardaşlar arasında torpaq sahəsi üstündə məhkəmə davası da olub. Həmin məhkəmələrin qərarına əsasən torpaq sahəsinin mərhuma məxsus olduğu qeyd edilib.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
Məlumata görə, 1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.
Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində baş verib. 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb./musavat.com/