Neft bazarında aşağı qiymət həyəcanı səngimir

 

Hökumət dollara olan tələbatı qarşılayır, ekspertlər isə iqtisadiyyatı gözləyən başqa təhlükələri göstərirlər

Bu günlərdə Azərbaycan əhalisini narahat edən başlıca məsələ dünya neft bazarında gedən proseslərdir. İnsanlar 2014-2015-ci illərdəki böhranın təkrarlanması, manatın devalvasiyaya uğraması qorxusu ilə kütləvi şəkildə banklara axışıb, əllərində olan manatı dollara dəyişməyə çalışırlar.

Neft bazarında isə vəziyyət getdikcə gərginləşir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun pandemiyaya keçdiyin elan etməsi fond birjalarının ardınca bu bazarda da qiymətlərin kəskin enişinə səbəb olub. Bütün dünyada sərt karantin tədbirlərinin tətbiq olunması neft bazarında tələbin artmasına olan inamı daha da sarsıdıb ki, bu da özünü qiymətlərdə dərhal büruzə verib. Martın 12-də səhər birjalar açılan kimi London birjasında "Brent” markalı neft 5 faizdən(1,88 dollar) çox ucuzlaşaraq 33,91 dollara düşüb. Nyu-York birjasında WTI nefti isə 5,09 faiz(1,68 dollar) dəyər itirərək 31,3 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin qiyməti də 0,43 ABŞ dolları, yaxud 1,18 faiz azalıb. "Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,04  dollar təşkil edib.

Koronavirusun təsiri ilə yanaşı, hasilatın artırılmasına dair məlumatlar da neft bazarında ucuzlaşmanı sürətləndirir. Belə ki, Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkəti Avropa ölkələrinə ucuz qiymətə neft ixracını üç dəfə artırmağa hazır olduğunu bildirib. "Bloomberg”in yaydığı məlumata görə, "Arab Light” markalı neftin cəmi 25 dollara Rotterdama tədarük edilməsi nəzərə tutulur. Bununla da Səudiyyə Ərəbistanı Rusiyanın "Urals” markalı neftinə nisbətən xeyli aşağı qiymət təklif etməklə adıçəkilən ölkəni Avropa bazarından sıxışdırmağı hədəfləyir.

Mənbələrin bildirdiyinə görə, Avropanın "Royal Dutch Shell”, BP, "Total”, OMV, "Repsol”, "Cepsa” kimi ən iri neft şirkətləri "Saudi Aramco”dan əvvəlkindən dəfələrlə artıq həcmdə neft tədarükü təklifləri alıb: "Əlavə tədarük həcmi 25 faizdən 200 faiz arasında dəyişir”. (Report).

Səudiyyədən əlavə, İraq, Birləşmiş Ərəb Əmirlikləri də neft hasilatını artırmaq planlarını açıqlayıblar.

Bazara daha bir mənfi siqnal ABŞ-dan gəlib. Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 7,66 milyon barel artaraq 451,783 milyon barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,27 milyon barel artacağını proqnozlaşdırırdı.

EIA-nın proqnozlarına əsasən, bu il "Brent” markalı neftin qiyməti orta hesabla 43 ABŞ dolları (bir barel üçün) təşkil edəcək. Ötən il bu göstərici 64 dollara bərabər olub. Proqnoza əsasən, bu ilin II rübündə "Brent” markalı neftin ortalama qiyməti 37 dollar olacaq, ilin ikinci yarısında isə 42 dollara yüksələcək.

Agentlik bildirir ki, 2021-ci ildə "Brent” neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 55 dollara yüksələcək.

Göründüyü kimi, dünya neft bazarında qiymətartırıcı faktorlar hələ ki müşahidə olunmur. Bu şəraitdə yeganə ümid OPEK+ formatının yenidən bərpa olunmasıdır. Rusiya tərəfi artıq bir neçə dəfə format çərçivəsində əməkdaşlıq imkanlarının bitmədiyini elan edib. Hətta bu ölkənin baş naziri Mixail Mişustin bəyan edib ki, formatın fəaliyyətsiz hala gəlməsi Moskvanın təşəbbüsü ilə baş verməyib. Onun sözlərinə görə, Rusiya mövcud razılaşmanın (gündəlik hasilatın 1,56 milyon barel azaldılması) müddətinin ən azı ikinci rübün sonuna, yaxud il bitənədək uzadılmasını təklif edib: "OPEK+ razılaşmasından çıxmaq Rusiyanın təşəbbüsü deyildi. Bizim mövqeyimiz tamamilə əsaslandırılmış və inandırıcı idi. Çünki dünya iqtisadi əlaqələrinin zəifləməsi və beynəlxalq ticarətin azalması ilə bağlı enerjidaşıyıcılarına tələbat onsuz da azalmışdı”.

İqtisadçı-ekspert Rövşən Ağayev neft bazarındakı vəziyyətlə bağlı ümidverici amillərin olmadığı qənaətindədir: "ABŞ-ın sərhəd qapılarının Avropaya giriş və çıxış üçün bağlanması ilə bağlı Trampın açıqlaması neft bazarında qiymətləri 34 dollardan da aşağı çəkdi. Son dərəcə qeyri-müəyyən və mürəkkəb, proqnoza gəlməyən bir dövrdür.  Səudiyyənin ardınca BƏƏ, İran və Küveyt də qiymət müharibəsinə qoşuldular - ticarət tərəfdaşlarına neftin qiymətində endirimlər təklif edirlər.

Virusun yaratdığı qlobal iqtisadi böhran riski yüksək olmasa idi, neft bazarındakı bu müharibənin qısa müddətdə sabitləşəcəyi ilə bağlı nikbin danışmaq olardı.

Amma dünya iqtisadiyyatı qapandıqca, əmtəə, turist və kapital axınları məhdudlaşdıqca, qlobal iqtisadiyyatın 2008-dən sonra daha təhlükəli ressesiyaya girməsi daha real görünür.

İqtisadçı-ekspert Rövşən Ağayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rövşən Ağayev

İndiki stiuasiyanı daha təhlükəli edən odur ki, 2008-dən sonra qlobal borcun miqyası 100 trilyon dollar artıb. Əlavə olaraq, aparıcı mərkəzi bankların pul emissiyası və uçot dərəcəsi kimi çox mühüm silahları son dərəcə təsirsiz hala gəlib"...

Yuxarıda da qeyd etdik ki, neftin qiymətinin düşməsindən yaranan təşviş insanların kütləvi şəkildə dollar almağa başlamasına səbəb olub. Müstəqil ekspertlər bu vəziyyətdə hökumətin əsas addımının bankların dollar ehtiyacını tam qarşılamaqdan ibarət olduğunu bildirirlər. Maraqlıdır ki, hökumət də məhz bu varianta üstünlük verib. Martın 11-də Nazirlər Kabinetində keçirilən hökumət müşavirəsində baş nazirin "Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və "Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır: "Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir”.

Baş nazir Əli Əsədov ile ilgili görsel sonucu

Baş nazir Əli Əsədov da vəziyyətlə bağlı əhali və iş adamlarına müraciət edib: "Yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır”.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, hazırda diqqət neftin ucuzlaşmasından daha çox iuqtisadiyyatın digər sektorlarından gələn təhlükələrə yetirilməlidir: "Hazırda neftin dünya bazar qiymətlərinin 40 ABŞ dollarından aşağı düşməsi faktından çox, turist axınının azalacağı, paralel olaraqsa Çin və İran məhsullarının idxalının aşağı düşəcəyi və alış-verişinin də enəcəyi ilə əlaqədar olaraq yaranan vəziyyət baxımından, ölkəmizin real iqtisadi durumu ilə bağlı daha çox təhdidlər yaranmışdır...

Bu, daxili bazarda istehlak qiymətlərinin real vəziyyətinə daha çox təsir göstərəcək. Ümumiyyətlə, dünya bazarlarında neftin qiymətinin enməsi faktorunun 2015-2016-cı illərdəki qədər ölkə iqtisadiyyatımıza təsir etmək gücü əslində yoxdur. Yəni demək istədiyim budur ki, dövlət gəlirlərimiz yenə də əsasən neft gəlirlərindən asılı olsa da, 4-5 il bundan əvvəlkindən fərqli olaraq, dünya bazarlarındakı qiymət səviyyəsindən nisbətən daha az asılı vəziyyətdə sayılır".

Ekspert bildirir ki, neftin dünya bazar qiymətlərinin birbaşa olaraq dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur: "İkincisi də, neft faktorunun büdcəmizdə rolu 2015-2016-cı illərlə müqayisədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə desəm, qeyri-neft sektorunun gəlirləri artmışdır.

Üçüncüsü isə keçən ildən etibarən, ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Və bunun nəticəsində, neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub. Belə ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq 1 milyard manatdan artıq vəsait cəlb olunmuşdur. Və dövlət başçımız özü də qeyd edib ki, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək".

Pərviz Heydərovun ile ilgili görsel sonucu

P.Heydərov hesab edir ki, daxili istehlak bazarında bahalaşma ola bilər: "Və ilk dəfə olaraq, mövcud istehlak indeksi səviyyəsi manatın ucuzlaşması, devalvasiya nəticəsində deyil, tələb və təklifin real nisbətinə əsasən yüksəliş göstərə bilər. Hansı ki, bu, çox ciddi təhdiddir. Qeyd edim ki, neftin qiymətinin ucuzlaşmasına və buna bahəm, manatın ucuzlaşmasına görə bahalaşma bundan az təhlükəlidir. Çünki bu zaman, bərk ayaqda hökumət əhalinin maaş və pensiya artımlarına gedir. Bahalaşma sırf olaraq daxili bazarda tələbin təklifi üstələməsi fonunda ortaya çıxsa, hökumət buna getməyəcək və getmək iqtidarında da deyil. Yəni ən azı, dərhal bu, baş verməyəcək.

Odur ki, neftin ucuzlaşmasından o qədər də narahat olmağa dəyməz..."



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}