“Sədərək”də nə baş verir? - Rəsmi açıqlama


Dövlət Vergi Xidməti (DVX) “Sədərək” ticarət mərkəzində baş verən etiraza münasibət bildirib.

DVX-dan bildirilib ki, “Sədərək” ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir: “Hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir.

Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir. Dislokasiya tədbirlərinin aparılması barədə məlumat əvvəlcədən ictimaiyyətə açıqlanıb və bu proses iri ticarət obyektləri daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini əhatə edir”.

Dövlət Vergi Xidmətindən sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hər hansı narahatlıq olmadığını, “Sədərək”, “Binə” və bu kimi digər ticarət mərkəzləri daxil olmaqla dislokasiya prosesinin qısa müddətdə başa çatdırılacağını bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. Yeni vergi siyasətilə razılaşmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmırlar. Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

qafqazinfo.az




Oxşar Xəbərlər

Xəbər lenti