“Bir-iki il həbsdə yatdı, indi də əmlakından gen-bol istifadə edir” - Onları kim buraxır?


“Azərbaycanda həbs edilən nüfuzlu adamların sonralar azadlığa buraxılması dəfələrlə təkrar olunub. Özü də bu, ağır cinayətlər törətmiş şəxslərə münasibətdə özünü büruzə verib”.

Sozcu.info xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

O, son dönəmlər Azərbaycanda həbs olunan yüksək ranqlı məmur təbəqəsinin bir neçə ildən sonra azadlığa buraxılması məsələsini şərh edib:

"Humanist addımlar atılmalıdır. Ancaq baxır kimlərə qarşı. Məsələn, insanlara qarşı ayrı-seçkilik ediləndə bu, artıq cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar var ki, ifadə və fikir azadlıqlarına görə həbsə düşürlər, amma bu, yüngülləşdirmə onlara tətbiq olunmur, həbsdə qalırlar. 

Akif Çovdarov, yaxud “Broker Əbülfəz” kimi tanınan şəxslərin cəzalarının qalan hissəsinin yüngülləşdirilməsi cinayətlərin qarşısının alınması ideyasına ziddir. Çünki hər bir insan cinayət etməzdən qabaq başa düşməlidir ki, bunu etsə, məsuliyyətə cəlb oluna bilər. Ancaq görəndə ki, onun əməlinə oxşar əməlləri törətmiş şəxsləri sonradan azadlığa buraxıb əmlaklarını geri qaytarırlar, onda bu, artıq cinayətin qarşısının alınmasında böyük manelələr yaradır”.

Ə. Mustafayev deyib ki, insanları cinayət törətmədən çəkindirmək lazımdır, amma məlum qərarlar, əksinə, sövqedicidir:

“Çünki oxşar əməli törədə biləcək insanlar baxırlar ki, bu adamlar cinayət törədib böyük pullar qazandı, getdi 1, yaxud 2 il həbsdə yatdı və çıxdı, indi də əmlakdan gen-bol istifadə edir. Bu, təhrikedici bir məqamdır.

Cəmiyyətin və hüququn mənafeyinə zidd olan qərarlardır. Zərərçəkmişlərin də hüquqları var ki, şikayət etsinlər. Onlar özlərini nə qədər zərərçəkmiş sayırlar və buna hazırdırlar, bilmirəm, amma cəmiyyət bu mövzuda aktiv olmalı və öz etirazını mətbuat vasitəsilə bildirməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti