ELDAR MAHMUDOV VƏ DƏSTƏSİ YENƏ BİRLƏŞSƏ... - "Baş verənlər bu adamların daxili gücü deyil"

 

İlham İsmayıl: "Bugünkü təntənələrinin səbəbi cəzasız qalmalarıdır”

Eldar Mahmudovun komandasından həbsə alınan 22 MTN-çidən həbsdə 2-3 nəfər qalıb. Sabiq nazir həmin şəxslərin yaxınlarına tezliklə onların da azad ediləcəyi mesajını yollayır.

Bu haqda Musavat.com-a daxil olan xəbərdə deyilir ki, Eldar Mahmudov Akif Çovdarov azad ediləndən sonra bir qədər də arxayınlaşıb. Həbsdən çıxan MTN generalları öz sabiq rəhbərləri ilə görüşmələrinə də hüquqi cəhətdən heç bir baryer yoxdurBu günə qədər belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudovun üzərində qeyri-rəsmi məhdudlaşdırmalar var. Belə bir halda, keçmiş əlaltıları ilə sabiq nazirin görüşməsi cəmiyyət üçün təhlükədirmi, yoxsa artıq bunlar heç nəyə yaramayan qocalardır?

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Eldar Mahmudovla Akif Çovdarovun birgə fəaliyyəti ümumilikdə cəmiyyət üçün arzuolunan deyil: "Onların gücü vəzifədə olduğu müddətdə tutduqları posta görə idisə, hazırda vəzifədə olduğu dönəmdə törətdikləri əməllərin tək özlərinə aid olmaması ilə bağlıdır. Bu gün Eldar Mahmudovun hərəkət sərbəstliyi var. Bu qədər cinayətin qabağında həbs edilmədi. Ev dustağı deyil. Akif Çovdarov da eyni zamanda sərbəst şəxsdir. Onların görüşməsi üçün heç bir maneə yoxdur.

Akif Çovdarov serial cinayətlərin qarşısında 4 il yarım həbsdə qaldı və çıxan kimi dünya vecinə olmamış kimi danışdı, bəyanatlar verdi. Baş verənlər bu adamların daxili gücü deyil. Bu adamların qabiliyyəti, işləri deyil onları bu qədər güclü göstərən. Onlar, sadəcə olaraq, ona görə sınmayıblar ki, törətdikləri əməllərə görə kimsə onlara irad bildirə bilmir. Akif Çovdarovun həbsi 4 il yarımlıq imitasiya idi. Eldar Mahmudovu da sadəcə vəzifədən çıxarıblar. Əslində isə bu adamlar ömürlük həbsə məhkum olunmalı idilər. Və onlara cəzadan şikayət vermək hüquqları da tanınmamalı idi. Çünki onlar bu dərəcədə çox cinayətlərin sahibidirlər. Onların bu gün kiçik olmalarını da söyləmək olmaz. Bu adamlar mənən kiçikdirlər. Bu gün azadlıqdadırlarsa, bu onların cinayətlərini təkbaşına etməmələri ilə bağlıdır”.

İlham İsmayıl deyir ki, istintaqa cəlb olunan və olunmayan bir çox MTN-çilər, xüsusən Eldar Mahmudovun komandasının üzvləri xeyli varidat toplayıblar: "Bu adamların bir çoxu MTN-də işə düzələnə qədər alverçi olublar. Akif Çovdarov MTN-ə gələnə qədər taxtasatan idi. Bu gün isə onun o qədər maddi ehtiyatı var ki, çətin ki, taxta satmağa qayıdar”.

 

İlham İsmayıl Eldar Mahmudovun komandasının üzvü olaraq həbsə alınan və orada müəmmalı şəkildə dünyasını dəyişən İlqar Əliyevlə bağlı baş verənləri belə şərh edib: "O, "mən hər şeyi açıb deyəcəyəm” söyləmişdi. O, məhz bu açıqlamasının qurbanı olub. Onun özünü asdığına inanmıram. İlqar Əliyev o cür çıxış etməsəydi, Akif Çovdarovdan daha tez azadlığa çıxardı. Eldar Mahmudovun komandasından bu gün həbsdə qalan çox az şəxs var. Qanunsuz dinləmələr üzrə Natəvan Mürvətova həbs olunmadı. Düzdür, sübut olundu ki, Natəvan xanım göstəriş yerinə yetirib. Hərbi qaydaya görə yuxarıdan verilən göstəriş icra olunmalıdır. "Əməliyyat-Axtarış fəaliyyəti haqda” Qanuna görə isə Natəvan Mürvətova qanunu üstün tutub həmin qanunsuz əmri yerinə yetirməkdən imtina etməli idi. Şifahi göstərişlər əsasında bu və ya digər şəxsləri dinləməyə qoyublar. Halbuki bu, mütləq nazir və müavinin imzası ilə olan yazılı arayış əsasında olmalı idi. Əgər bu olmayıbsa, dinləmə üçün 24 saat ərzində məhkəmənin qərarı alınmalı idi. Təəssüf ki, bunu etməyiblər. Amma cəzalarını da almadılar. Təsəvvür edin ki, "Natəvan, get filankəsi dinləməyə qoy” şəklində göstərişlər verilib və icra olunub. Buna görə mütləq cəzalarını almalı idilər. Almadılar və bugünkü təntənələrinin səbəbi də cəzasız qalmalarıdır”.

 

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov 2017-cı il oktyabrın 30-da Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onun adı medianın gündəminə ilk dəfə jurnalist Aqil Xəlili Bakıda "Zeytunluq bağı” ərazisində döyməsinə görə gəlmişdi. Həmin vaxt da Akif Çovdarov "sudan quru” çıxmağı bacarmışdı. Onun adı növbəti dəfə 2015-ci ildə mətbuatın diqqət mərkəzinə düşdü. Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və 20-yə yaxın vəzifəli şəxs həbs olundu. Həmin günlərdə Akif Çovdarov MTN-də idarə rəisi idi. Az keçmədi ki, Akif Çovdarov da həbs olunanlar sırasına qatıldı. Akif Çovdarov 1952-ci ilin avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. Ona verilən ittiham aktına görə Akif Çovdarov 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə SSRİ DİN Akademiyasını bitirib. Akif Çovdarov 1976-cı ilin iyul ayından etibarən Daxili İşlər Nazirliyində zabit rütbəsində bir sıra vəzifələrdə işləyib. Onu milli təhlükəsizlik orqanlarına Eldar Mahmudov işə götürüb. Həmin vaxt 2 ay idi ki, Mahmudov milli təhlükəsizlik naziri təyin edilmişdi. İttiham aktına görə Çovdarov 7-14 noyabr 2015-ci il tarixində keçmiş MTN-in sərəncamında olub. 2015-ci il noyabr ayının 14-də müvafiq əmrə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb”.

 

Sabiq MTN-çi 2015-ci il dekabrın 14-də həbs edilib. Baş Prokurorluq həmin vaxt yaydığı məlumatda bildirib ki, Akif Çovdarovla bərabər 20-dən çox adam həbs edilib. Akif Çovdarova verilən ittihamlar ağır və mürəkkəb sayıldığından Səbayel məhkəməsinin qərarı ilə o, istintaq və məhkəmə müddətini həbsdə keçirmişdi.

Baş Prokurorluğun hazırladığı ittiham aktında deyilirdi ki, Akif Çovdarov keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyərkən "tabeliyindəki əməkdaşlara sahibkarlıqla məşğul olan şəxslərlə bağlı yoxlamalar aparmasına, onları heç bir xidməti zərurət olmadan nazirliyə gətirdərək sorğularının keçirilməsinə göstərişlər verib”.

İttiham aktında o da göstərilirdi ki, sabiq general-mayor sahibkarların "hədələnmələrinə və kobud rəftara məruz qalmalarına şərait yaradıb”.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada suçlandırılırdılar. İş üzrə məhkəmədə onlarla zərərçəkən, xüsusilə sahibkar fəaliyyəti olan şəxslər ifadə verib və Akif Çovdarovun onlardan müxtəlif təzyiqlər yolu ilə külli miqdarda pul aldığını bildiriblər.

Məhkəmədə Akif Çovdarov və digər MTN-çilər haqda ittihamedici hökmlər çıxarılsa da, onların heç biri hökmlər üzrə müddəti azadlıqdan məhrumetmə yerlərində başa vurmadılar. Bu və digər səbəblər göstərilməklə azadlığa çıxdılar. 



Oxşar Xəbərlər

Xəbər lenti