8 saylı cəzaçəkmə müəssisəsində şok olay


Narkotiklə bağlı həbs olunan məhbus “Whatsapp” vasitəsilə istədiyi şəxslər və ölkələrlə əlaqə yaradıb...

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində narkotik ticarəti ilə əlaqədar həbs olunan məhbusun mütəmadi olaraq “Whatsapp” əlaqəsi yaratdığı aşkar olunub.

Hurriyyet.az yerli mediaya istinadən xəbər verir ki, adını müəyyən səbəblərdən gizli saxlanılan həmin məhbus sonuncu dəfə bir neçə gün öncə digər həbsxanada cəza çəkən və narkotik üstündə həbs olunan tanışı ilə danışıb.

Penitensiar Xidmətin əməkdaşları onu da aşkara çıxarıb ki, sözügedən məhbus həmin vaxtadək “Whatsapp” vasitəsilə istər həbsxanada, istər də azadlıqda olan bir çox tanışları ilə daimi əlaqələr yaradıb. Hətta onun xarici ölkələrlə danışıqlar apardığı da istisna olunmur.

Nəzərə alsaq ki, 8 saylı cəzaçəkmə müəssisəsi “osobıy” (xüsusi – red.), yəni ən ağır rejimli həbsxana hesab olunur, şübhəsiz, burada belə bir faktın aşkarlanması analoqu olmayan hadisədir. Təbii ki, müxtəlif həbsxanalarda cəza çəkən imkanlı məhbusların içərisində peyk antenaya qoşulan televizor, telefon, “wfı” və s. olan otaqlarda qaldığı və bunun üçün rəhbərliyə külli miqdarda pul ödədiyi haqda indiyədək çoxsaylı faktlar aşakara çıxarılıb. Lakin söhbət ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsindən gedirsə, üstəlik məhbus narkotik ticarəti ilə bağlı həbs olunubsa, bu məsələyə heç də sıradan bir olay kimi yanaşmaq olmaz. Və çox təəssüf ki, bu fakt yenə də, son vaxtlar bir çox qanunsuzluqların aşkar olunduğu Penitensiar Xidmətə məxsus həbsxanada baş verib.

Bəllidir ki, son bir neçə il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Hüquq mühafizə orqanlarının bu mübarizə çərçivəsində demək olar ki, hər gün onlarla narkotik alverçisini həbs etdiyi kimsəyə sirr deyil. Lakin, təəssüf ki, ölkəmizdə narkotik biznesi daha da “çiçəklənir”. Üstəlik, cəzaçəkmə müəsissələrində də açıq-aşkar narkotik alverinin getdiyi haqda informasiyalar var. Belə bir vəziyyətdə narkotik ticarəti ilə əlaqədar həbsdə yatan şəxslərin bir-biriləri ilə maneəsiz danışmaları yolverilməzdir.

Ən təhlükəli məqam isə odur ki, İran tərəfindən Azərbaycana qarşı “narkotik savaşı”nın həyata keçirildiyi indiki dönəmdə narkotik üstündə cəza şəkən şəxslərə istədikləri ölkə ilə sərbəst danışıq imkanı yaradılır. Zənnimizcə, bu tip insanlara telefon vasitəsilə, xüsusən də “Whatsapp”la sərbəst danışıq imkanının yardılması dövlətimizə və xalqımıza qarşı xəyanətdir. Hesab edirik ki, hüquq mühafizə orqanları bu məsələni ciddi şəkildə araşdırmalı və müvafiq tədbirlər görməlidir.

Hazırladı: KƏNAN

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Daha ətraflı məlumat verməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti