Azərbaycan Qızıl Aypara Cəmiyyəti erməniləri və havadarlarını fakt qarşısında qoyub - ŞƏRH


Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvü kimi tanınıb. 100 illik fəaliyyəti dövründə uğurlu fəaliyyəti və işgüzarlığı ilə seçilib. Bu cəmiyyətin Ermənistanın Azərbaycana qarşı başlatdığı Birinci və İkinci Qarabağ müharibələrində, pandemiya və postpandemiya dövründəki fəaliyyətləri də hər kəsə yaxşı məlumdur. Bu səbəbdən də qurumun humanitar yüklərin Qarabağda erməni sakinlərə çatdırılmasına dəstəyini əks etdirən dünənki bəyanatı müsbət və vaxtında səslənən təşəbbüs kimi qiymətləndirilməlidir. Üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirən təşkilatın bu təşəbbüsü zamanında irəli sürülüb.

Əlbəttə ki, təşkilatın bu bəyanatı səsləndirməsinin obyektiv səbəbləri var. Bəllidir ki, Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması ilə bağlı Ermənistan və himayədarları tərəfindən qərəzli və çirkin kampaniya aparılır. Məhz belə bir məqamda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yüklərin daşınması ilə bağlı missiyanı öz üzərinə götürməsi təklifi mühüm məsələdir. Bu, bir növ zərurətə çevrilib. Geniş təcrübəyə malik olan təşkilat üzərinə düşən işləri ən səmərəli formada həyata keçirməyə qadirdir. Təəssüf ki, ondan fərqli olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sadəcə erməni mövqeyindən çıxış etməsi, birtərəfli fəaliyyəti ilə seçilib, separatçıların tör-töküntülərinə daha çox yardım daşımaqla ad çıxarıb.

Məsələn, Azərbaycanın Ermənistanla dövlət sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. Onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Proses davam edə bilərdi, əgər onların qanunsuz hərəkətləri olmasaydı. Rəsmi Bakı tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi halları barədə məlumatlar yayılsa da, buna məhəl qoyulmayıb. Belə olan halda Azərbaycan nə etməli idi? Beynəlxalq qanunlara uyğun qərar verməli idi, belə də oldu. Bu səbəbdən də, indi də Qızıl Aypara Cəmiyyətinin humanitar yüklərin daşınması ilə məşğul olması ən doğru seçim kimi qəbul edilməlidir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman milliyyət, irq, dini inanc, sinif və siyasi fikir ayrı-seçkiliyi etmədən insanlara 1920-ci ildən etibarən humanitar yardım göstərib. Təşkilatın son bəyanatında da bu, xüsusi vurğulanır. Bildirilir ki, təşkilat Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda, fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.

Beləliklə, heç şübhə yoxdur ki, cəmiyyətin görə biləcəyi işlərin miqyası yetərincə böyük ola bilər. Bu təşkilat post-müharibə dövründə və ondan əvvəlki dönəmdə faydalı fəaliyyəti ilə yadda qalıb. Humanitar məsələlərlə məşğul olmaq isə birbaşa təyinatlarıdır. Bu səbəbdən sadə məntiq dövriyyəyə girir: Niyə kimsə kənardan gəlib həmin işi icra etsin ki? Elə özümüzdə var da. Beynəlxalq səviyyədə bu işlərə müdaxilə onsuz da həmişə əks-effekt yaradıb - özü də təkcə əks-effekt yox, həm də ciddi narazılıq doğurub. Çünki zaman-zaman xətdən, məlum təyinatdan çıxıblar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bəyanatı həm də ona görə əhəmiyyətlidir ki, bu bəyanatdan sonra ermənilərin danışmaq üçün sözü qalmayacaq. Arqumentləri onsuz da yox idi, bundan sonra heç olmayacaq. Yəni dərdin humanitar dərddirsə, yardım etməyə hazırıq. Erməniləri və havadarları fakt qarşısında qoyan bir addımdan sonra ermənilərin hansı əks arqumentlə çıxış edəcəyi maraqlıdır.

Son olaraq bir məsələyə də toxunaq. 1990-cı illərdə Ermənistanın işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünlə əlaqədar humanitar fəlakətin yaranması ilə əlaqədar BQXK ölkəmizə gəldi. Lakin hazırda onun buradakı fəaliyyətinin hələ də davam etdirilməsi anlaşılan deyil. Belə ki, Azərbaycan artıq özü özünü tam təmin edən ölkədir və BQXK-nın burada fəaliyyətinə ehtiyac yoxdur. 1997-ci il Sevilya razılaşmasına, 2022-ci ildə ona edilmiş müvafiq əlavələrə əsasən, Qırmızı Xaç və Qızıl Aypara təşkilatları hər hansı ölkədə təmsil olunursa, həmin ölkələrdə fəaliyyətlərini əlaqələndirilmiş formada həyata keçirməlidirlər. Amma Qırmızı Xaçın Bakı və Xankəndi ofisləri Qızıl Aypara ilə bu əlaqələndirməni həyata keçirmirlər. Və ortaya haqlı olaraq belə bir sual çıxır - nəyə görə BQXK-nın Xankəndi ofisi Bakıya deyil, birbaşa mərkəzi Cenevrə ofisinə tabe olmalı, logistik fəaliyyət isə Ermənistan ərazisindən həyata keçirilməlidir? Suallar çox, cavab isə yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti