UCUZ ÖLÜM ELƏ BUDUR: 1 manatlıq dönər... - AXI NİYƏ?

UCUZ ÖLÜM ELƏ BUDUR: 1 manatlıq dönər...
Ölkəmizdə ayaqüstü qidalananlar dönərə daha çox üstünlük verirlər.

Dönərin tərkibi mal və toyuq əti xaric eynidir. Amma toyuq ətindən hazırlanan dönərə daha çox tələbat var. Çünki bu dönər mal ətilə hazırlanmış dönərə nisbətən bir qədər ucuzdur, həm də toyuq ətindən hazırlandığı dəqiqdir. Lakin dəfələrlə dönərdən zəhərlənmə halları baş verib. Maraqlı məqam odur ki, əsasən zəhərlənməyə toyuq ətindən hazırlanmış dönər səbəb olur.

Elə oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 20-dən çox şagirdinin dönərdən zəhərlənməsi haqqında aidiyyatı qurumlar məlumat yayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, şagirdlər toyuq dönəri yeyiblər.

Xatırlayırsınızsa, 2006-cı ildə toyuq dönərinin satışı Azərbaycanda qadağan olunub. Bu qərarı Səhiyyə Nazirliyi həmin dövrdə quş qripinin yayılması ilə bağlı verib. Amma qısa müddət sonra paytaxtın əksər yerlərində qanunsuz olaraq toyuq dönəri hazırlanıb və satılıb.

Məsələ illər sonra yenə aktuallaşıb və bu dəfə 2019-cu il aprelin 15-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur.

Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.

"Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var" - deyə məlumatda vurğulanıb.

Ancaq o da məlumdur ki, bəzi obyektlərdə antisanitar vəziyyət hökm sürür, alaçiy bişmiş toyuq əti boyat çörəklərin arasına qoyulur, bir az mayonez və tərəvəz vurulmaqla ucuz qiymətə, hətta bir manata satılır.

Hazırda toyuq, mal və qoyun ətinin, həmçinin tərəvəz və digər lazım olan məhsulların bazar qiymətinə baxdıqda, dönərin bir manata satılması onun keyfiyyətsizliyindən xəbər verir. Bu keyfiyyətsiz qida ilə də əsasən məktəbli və tələbələr qidalanır. Deməli, biz qanunu pozmaqla, sözün bütün mənalarında gələcəyimizi zəhərləyirik.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}