8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə dönərin istehsalı ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir. Bu informasiyalarla tanış olduqca, istər-istəməz narahat olmağa başlayırsan və Azərbaycandakı vəziyyətə nəzərlər yönəlir.
Ötən dəfə Türkiyə mediası sabun yağından dönərdə istifadə edildiyini aşkarlamışdısa, bu dəfə Beynəlxalq Dönər Federasiyasının sədri Mehmet Mercan açıqlayıb ki, son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar.
Onun sözlərinə görə, əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar.
O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib: "Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur.
Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq".
Bu, dəhşətli bir açıqlamadır. Üstəgəl, bizi də kifayət qədər narahat etməlidir. Əvvəla, Türkiyədə minlərlə azərbaycanlı yaşayır, o cümlədən bu ölkəyə gəzməyə gedirik, ən əsası isə Azərbaycanda toyuq dönəri 2006-cı ildən qadağan olunsa da, istehsalı və satışı genişlənməkdədir.
Ölkənin elə bir nöqtəsi yoxdur ki, orada dönərxana olmasın və həmin satış yerində toyuqdan bu məhsul hazırlanmasın.
Baxmayaraq ki, dəfələrlə qida ekspertləri də, Səhiyyə Nazirliyi də toyuq dönərinin satışının qadağan edildiyini açıqlayıb.
Bununla belə, bu sahədə ciddi nəzarətsizlik hökm sürür və dönərxanalarda ən çox satılan da elə toyuq dönəridir. Maraqlıdır ki, müştərilər də ət dönərindən daha çox toyuq dönərinə üstünlük verirlər.
Buna "Yeni Müsavat” üçün reportaj hazırlayarkən müşahidələrimiz zamanı şahid olduq. Müştərilər 1 manata, 1, 50 manata satılan toyuq dönərlərini elə həvəslə alırlar ki...
Müştərilərin sözlərinə görə, toyuq ətinin dönərinə üstünlük verilməsinə səbəb daha etibarlı olmasıdır. Onların fikrincə, mənşəyi bilinməyən ətin dönərini yeməkdənsə, toyuq dönəri yaxşıdır. Bu, haradasa ağlabatan səbəb ola bilər. Ancaq müştərilər yedikləri dönərdə toyuğun da hansı mənşəli olduğunu, hansı quşçuluq təsərrüfatlarından alındığını, təmiz, sağlam heyvanlar olduğunu bilmirlər.
Çünki bu sektorda kilosu 2-3 manata satılan toyuqlar istənilən bazardan tapmaq mümkündür. Hər halda, dönərçilər kilosu 4-5 manatlıq olan toyuq ətindən istifadə etmirlər. Əks halda, bu ayaqüstü yeməyi 1 manata, 1, 20 manata satmazdılar.
Söhbətləşdiyimiz dönərçilər isə toyuq ətini daha çox "Təzə bazar” və "Vosmoy” bazarından aldıqlarını qeyd etdilər.
Bundan başqa, Şabran və Hacıqabuldan Bakıya toyuq məhsulları daşınır. Onlar toyuq dönərinin satışının qadağan olunmasından da bixəbərdirlər.
Nəzərə alsaq ki, son zamanlar mal ətinin qiymətində bahalaşma müşahidə olunur və dönər hazırlayan iaşə obyektlərində toyuq ətinə tələbat artıb. Çünki toyuq əti mal ətindən daha ucuzdur.
İndiyədək toyuq dönərinə qoyulan qadağanın götürülməməsinə səbəb bu sahədə fəaliyyət göstərən sahibkarların normalara cavab verən xidmət göstərməmələridir.
Tələblərə əsasən, toyuq dönərinin əti hazırlanan otaq ayrıca olmalı, orada bunun üçün tələb olunan avadanlıqlar qoyulmalı, dönərin içərisində əlavə olunan qatqılar isə iki hissəli vannada səliqə ilə yuyularaq yerində hazırlanmalıdır.
Vətəndaşların əksəriyyəti isə toyuq dönərinə qoyulan qadağadan xəbərsizdirlər və bu dönərlərdən yediklərini deyirlər.
Əslində toyuq dönərləri dönərxanalarda hazırlanmalı deyil. Bunu qanunla hazırlayan, şişə taxan, onları -4o dərəcədə dondurmadan keçirən, "skoç”a keçirən, öz maşınlarında dönərxanalara çatdıran şirkətlər mövcuddur.
Yay fəslində isə bu qida daha təhlükəlidir. Əslində toyuq dönərinin satışına görə fiziki şəxslər üçün 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər uçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər cərimə nəzərdə tutulub.
Bəs toyuq dönərinin təhlükəsi nədən ibarətdir? Bu suala bir müddət əvvəl həkim-terapevt Mətanət Cəfərova cavabında bildirmişdi ki, toyuq ətinə bakteriya daha çox yığılır:
"Toyuq ətinə daha çox kampilo bakteriya və salmonellanın növlərindən biri toplanır. Hər iki bakteriya qırmızı ətdə, süddə və yumurtada da ola bilər.
Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür.
Toyuq ətində olan solmonella bakteriyasının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməlidir. Həmçinin toyuq əti bişirilərkən onun tikələrinin qalınlığına da fikir verilməlidir. Qalın tikələrdə solmonella bakteriyası ölməyə bilər.
Dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu anereob mühitdə hazırlandığı, ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Botulizm kəskin zəhərlənmə və ölümə səbəb ola bilər.
Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə qıcıqlanma sindromu yarana bilər. Bu da bağırsağın iltihablanmasına səbəb ola bilər.
Bir faktoru da nəzərə almaq lazımdır ki, əksər dönərxanalar yolun qırağında yerləşir və havadakı bütün toz və çirk ətin üzərinə qonur. Hətta ət keyfiyyətli olsa belə, bu çirk və toz onun üzərinə qonur.
Qeyd edək ki, dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır.
Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəzə də ziyanlıdır.
Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişirilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".
Emil SALAMOĞLU, Fotolar müəllifindir "Yeni Müsavat”