PARLAMENTƏ DÜŞƏ BİLMƏYƏN BU PARTİYALAR DA PUL ALACAQ - Dövlətin ayırdığı 5 milyon necə bölüşdürüləcək?


Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri siyasi partiyalar üçün əvvəlkilərdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. 

Sozcu.info xəbər verir ki, bu dəfə seçkilərdən sonra seçkidə iştirak edən bütün siyasi partiyalar dövlətdən maliyyə vəsaiti alacaqlar.

2024-cü ilin dövlət büdcəsində siyasi partiyalar üçün 5 milyon manat ayrılıb. Parlament Seçkilərində isə dövlət qeydiyyatı olan 26 siyasi partiyanın 25-i iştirak edir. 

Yeni qaydalara əsasən bu vəsaitin 40%-i - yəni, 2.000.000 manatı parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50%-i - 2.500.000 manatı deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.

Vəsaitin 5%-i - yəni, 250.000 manatı təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır. 

Vəsaitin 2,5 faizi - yəni, 125.000 manatı isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər bölünür. 25 siyasi partiyanın seçkilərdə iştirak etdiyini nəzərə alsaq, hər siyasi partiyaya 5000 manat vəsait düşür. 

Yerdə qalan 2.5%-i - yəni, 125.000 manatı isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

Qanuna əsasən demək olar ki seçkidə iştirak edib, parlamentə düşə bilməyən hər bir siyasi partiya dövlətdən ən azı 5000 manat dəyərində maliyyə yardımı alacaq.

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti