"Səba"nın kimə satıldığı bilindi - Rüstəmovun qohumlarının şirkətdəki payı nə qədər idi?


Xəbər verdiyimiz kimi, "Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb. Şirkətdən bildirilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.

"Səba" ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı bildirilsə də, onun adı açıqlanmayıb.

Sozcu.info xəbər verir ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, "Səba" ASC-nın aktivləri "Chicken Pro." MMC şirkəti tərəfindən alınıb.

Əldə etdiyimiz məlumata görə, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsus idi. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir.

Qeyd edək ki, mediada yayılan xəbərlrə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun "sağ əli” adlandırılan Natiq Quliyevin onun çoxsaylı bizneslərinin idarəçisi olmaqla yanaşı, "Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü, "Səba” ASC, "Biləsuvar Aqro”, "Qarabağ Taxıl” və "Bakı Sığorta” şirkətlərinin əsas səhmdarı kimi tanınıb.

Bir neçə il əvvəl isə o, öz ad günü ilə bağlı qalmaqallı hadisə ilə gündəmə gəlmişdi. Belə ki, Natiq Quliyev ad günü ilə əlaqədar sosial şəbəkələrdə bir neçə gün təbrik və tərif "yağışına” tutulmuşdu. O zaman bu cür pafoslu təbrik və təriflərin Natiq Quliyevin göstərişi ilə onun rəhbərliyi altında olan şirkət və müəssisələrdə müxtəlif vəzifələrdə çalışanlar tərəfindən yazıldığı qeyd ounurdu. Natiq Quliyev tabeçiliyində olan və işini itirmək istəməyənlər bu tapşırığa əməl etmiş, bir nəfər isə daha da irəli gedərək onu "Böyük Lider” adlandırmışdı.

Fotoda: Natiq Quliyev

Onu da qeyd edək ki, "Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyev qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri də yayılan xəbərlər arasında idi. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.



Oxşar Xəbərlər

Xəbər lenti