Müşərrəfi ABŞ asdırmaq istəyir - onu Mursinin aqibəti gözləyir?

 

Ordu sabiq prezident haqda edam qərarına etiraz etdi; Tofiq Abbasov: "Amerika ilə münasibətlərində çatların yaranması Müşərrəf dövrünə təsadüf edir...”

Tale Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfi edam cəzası ilə üz-üzə qoyub. Xəbər verildiyi kimi, ölkənin xüsusi məhkəməsi belə bir hökm çıxarıb. O, eks-həmkarı, Misirin keçmiş prezidenti Məhəmməd Mursinin aqibətini yaşaya bilər.

2012-2013-cü illərdə Misir prezidenti olmuş Məhəmməd Mursi ordunun həyata keçirdiyi hərbi çevriliş nəticəsində devrilib və casusluq, polis idarəsinə basqın kimi cinayətlərdə ittiham olunub. 2015-ci ilin mayında edam cəzası alıb, bir başqa məhkəmə prosesində isə yenə 2015-ci ildə ömürlük həbs cəzası alıb. Ancaq edamı icra olunmayıb. O, bu ilin yayında ürəktutmasından vəfat edib.

Lakin Mursidən fərqli olaraq, Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin edam hökmü barədə qərarına etiraz edib. Ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb: "General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur.

Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak edən Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir".

Müşərrəf ile ilgili görsel sonucu

Qeyd edək ki, Hindistanıın Dehli şəhərində anadan olmuş Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra ölkəni tərk edib. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçib. Ona görə də Müşərrəf türk dilində danışa bilir. Benazir Bhutto baş nazir olarkən Müşərrəf hərbi əməliyyatlardan məsul komandir, 1998-ci ildə ordu komandiri olub. Kəşmir problemi Pakistanın Hindistanla 3 dəfə müharibə etməsinə səbəb olub.

Müşərrəf 1999-cu ildə Kəşmir məsələsinə dair Hindistanla yaşanan böhran zamanı keçirilən mətbuat konfransları ilə tanınan sima idi. Ancaq Kəşmirdəki müqavimətçilərin geri çəkilməsinə dair təlimatından sonra o dövrün baş naziri Nəvaz Şərif ilə fikir ayrılığına düşdülər. 1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirir. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışmışdı.

General P.Müşərrəfin bu çevrilişi beynəlxalq ictimaiyyətin etirazına səbəb olmaqla yanaşı, Pakistanın BMT-nin üzvlüyü məsələsinin təxirə salınması ilə nəticələnmişdi.

Müşərrəf ile ilgili görsel sonucu

Beynəlxalq ictimaiyyət tərəfindən Müşərrəfə göstərilən təzyiqlər ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsi ilə yumşaldı. 2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verdi. Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan etdi. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazandı və ölkənin baş naziri oldu. P.Müşərrəf 2008-ci ildə tutduğu prezident vəzifəsindən istefa verdi.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasovun "Yeni Müsavat”a bildirdiyinə görə, Pərviz Müşərrəf son dərəcə güclü hərbçi və incə siyasətçidir. Onun sözlərinə görə, Müşərrəf hakimiyyətdə olan təkcə Pakistanın deyil, qonşu dövlətlərin və İslam ölkələrinin də təəssübünü çəkirdi. Ekspert Müşərrəfin türk dünyasına isti münasibəti olduğu xatırlatdı.

"Pakistanda ard-arda hərbçilər iqtidara gəliblər. Ancaq Müşərrəfin dövründə ölkənin nüfuzu qalxdı, iqtisadi inkişafı təmin edildi. Eyni zamanda 11 sentyabr hadisələrində Qərb dünyasının yalanını üzə çıxardı. O dedi ki, teraktın məsuliyyətini bizə sırımaq istəyirsiniz, ancaq bu məsələdə əlimizin olması yanlış yanaşmadır. Onun sözləri Amerika siyasi elitası tərəfindən isti qarşılanmadı. Bu adam həmişə sözün düzünü deyirdi. Ona görə də Müşərrəfin müqəddəratını xalq özü həll etməlidir”, - deyə politoloq qeyd etdi.

T.Abbasov düşünür ki, edam qərarı ilə bağlı müdaxilələr olacaq: "Amerika Pakistana soyuq müharibə elan edib. ABŞ - Pakistan münasibətlərində çatların yaranması Müşərrəf dövrünə təsadüf edir. Odur ki, edam qərarının verilməsində Amerikanın marağı ola bilər. Bu cür işlərdə pərdəarxası danışıqlar olur. Tək Amerika yox, Britaniyanın da Pakistanda maraqları var, çünki keçmiş müstəmləkəsidir, siyasi elitası ilə geniş əlaqələri var”.



Oxşar Xəbərlər

Xəbər lenti