Elm və Təhsil Nazirliyində yarpaq tökümü: “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”


Təhsil sahəsində fəaliyyət göstərən iki mühüm vəzifəli şəxsin - Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun işdən çıxarılması müzakirələr doğurub.

“12 ilə yaxın Elm və Təhsil Nazirliyində işləmişəm, sistemi yaxşı bilirəm. Bundan başqa, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olmuşam. Bu sahə ilə bağlı müəyyən məlumatlarım var. Heç inandırıcı görünmür ki, Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü şəkildə həmin vəzifələrdən getsin. Nəsə baş verir, amma detalları açıqlamır, bəzi məsələləri demək istəmirlər. Heç kim rahat vəzifədən könüllü getməz. Bu, birmənalı belədir".

Bunu “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib. 

O əlavə edib: "Onlar haqqında müsbət sözlər deyilir, çalışqan olduqları bildirilir. Amma Emin Əmrullayevlə işləmək, nə qədər cəhd etsən də, mümkün deyil. Çünki idarəetmə qabiliyyəti yoxdur. Sistem tamamilə sıradan çıxıb. Emin Əmrullayev nazirliyi təkbaşına idarə edir.

Görün onun neçə müavini var, nə qədər aktivdirlər. Ümumiyyətlə, cəmiyyətdə onların hansı sahə ilə məşğul olduqları haqda məlumat varmı? İnanmıram olsun. Yeganə nazirdir ki, kollegiya iclasları keçirmir. Əslində, kollegiya nazirliyin əsas orqanlarından biri olmalıdır. Kollektiv qərar qəbul etmək üçün bu təsisat bütün dövrlərdə çox aktiv çalışmalıdır. İndi sanki bu qurum yoxdur.

Düşünürəm ki, nazirliyin özündə də, nazir də daxil olmaqla, səriştəsiz kadrlar var. Onlar Azərbaycan təhsilinin geriləməsinə xidmət edirlər. Ona görə də yeni kadrların gətirilməsi vacibdir.

Nazirlikdə çalışan Elvin Rüstəmov adlı şəxs neçə illərdir məktəbin qrant layihələrinə nəzarət edir. Həmin layihələri araşdırsınlar ki, hansı birinin əhəmiyyəti olub?”

E. Əliyev təhsil sahəsində işləyən bir neçə şəxsi adlar çəkərək fikrini davam etdirib:

“Təhsil İnstitutunun direktoru eyni zamanda iki vəzifəni icra edir. Təhsil şöbəsinin müdiri vəzifəsini də həmin şəxs icra edir. Belə zarafat olar?!

Təlimlərə milyonlarla manat ayrılır. Bu vəsaitlər mənimsənilir. Yəni ayrılan pullar öz adamlarına verilir, təlimlərə formal şəkildə xərclənir. Nəticə etibarilə Azərbaycan təhsilini bərbad vəziyyətdə görürük. Təhsilimizin bugünkü mənzərəsi göz önündədir.

Vüsal Xanlarov adlı biri var. Məhdud Məsuliyyətli Cəmiyyət rəhbəridir. Bütün qrant layihələr ona verilir. Özü də iqtisadçıdır. Çalışdığı sahəyə heç bir aidiyyəti yoxdur”.



Oxşar Xəbərlər

Xəbər lenti