8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İtirilmiş maddi və mənəvi sərvətimiz
Antik yunan alimi Arximed minillərin arxasından çox hikmətli, müdrikcəsinə demişdir: "Mənə istinad-dayaq nöqtəsi verin, yer kürəsini məhvərindən oynadım”. Bu, alimin "Ling” qanununun kəşfi ifi. Həmin deyimdə böyük hikmət və həqiqət var. Doğrudan da, lingin dörddə bir hissəsini nəyəsə söykəməsən, ağır daşları və ya tirləri yerindən oynadıb diyirləyə bilməzsən. Çünki lingin söykəndiyi istinad nöqtəsi var. Bu dayaq olmasa, ling nə qədər böyük və uzun olsa belə, nəinki ağır daşları, hətta kiçik əşyanı belə yerindən qovzaya bilməz. Bu, təbiətin və cəmiyyətin qanunudur və həmin qanunu da Arximed kəşf edib.
Arximedin sözü olmasın, bizim də lingimiz var və bu ling müstəqil dövlətimiz, zəngin təbiətimiz, aşıb-daşan milli sərvətimiz, məhsuldar torpağımız və nəhayət, hər şeyə qadir olan, istedadlı, bilikli, bacarıqlı millətimiz, vətənini, dövlətini ürəkdən-candan sevən işgüzar insanlarımız. Biz elliklə bu zənginliyə və istedada, bacarığa söykənib bizi çulğayan və dövlətimizə əskiklik gətirən mənfiliklərdən xilas ola bilərik, iqtisadiyyatımızı yenidən qurarıq. Üstəlik də erməni işğalına məruz qalan torpaqlarımızı düşmən caynağından qurtarıb sürətli və hərtərəfli inkişafa nail olarıq. Və bununla da müasir dünyanın ən inkişaf etmiş dövlətlərinin, habelə millətlərinin cərgəsində öz daimi yerimizi tuta bilərik.
Bəs, bu qədər zənginliyi, gözəl təbii şəraiti və bacarıqlı, kamil, işgüzar insanları olan bir diyarda biz niyə irəli getmək, iqtisadi və sosial tərəqqiyə nail olmaq əvəzinə geri gedirik, vəziyyətimiz ildən-ilə ağırlaşır. Cəmiyyətin çoxluq təşkil edən zümrəsi yoxsulluq məngənəsində daha bərk sıxılır. Necə olur ki, cəmi-cümlətani 30-35 il bundan əvvəl Azərbaycan Sovet Sosialist Respublikasının əməksevər insanları demək olar ki, Yer kürəsində quru hissənin altıda birini tutan nəhəng Sovet İttifaqının ən uzaq guşələrini belə tərəvəzlə, meyvə və üzümlə, şərab və şərab məhsulları ilə təmin edən, "Ağ qızıl”, "Qara qızıl”, "Sarı qızıl”, "Yaşıl qızıl”ı ilə şöhrətlənib-bəllənən, daha dəqiq desək, SSRİ kimi qüdrətli dövlətin pambıq mədəni, tərəvəz anbarı, zeytun, zəfəran diyarı olanAzərbaycan indi başqalarından çoxlu istehlak malları, ərzaq- taxıl, kartof, tərəvəz, ət, yağ və s məhsullar daşımağa vadar edilib, əhalisi özgələrin verdiyi "dilənçi payı”larının ümidinə qalıb. İşləməyəni işləyəndən üç qat çoxdur. İşləyənlər də ən az əmək haqqı alır. Qıtlıq, ehtiyac, pulsuzluq ölkəni başına götürüb və yaxud da dolanma ucbatından işlək əhalisinin az qala üçdə biri çörək dalınca yad ölkələrə üz tutub. Millətin bu acınacaqlı halından bacarıqla istifadə edən bir qrup harınlar, işbazlar, qanı qanımızdan olmayan haramzadələr ayrı-ayrı ölkələrin vaxtı keçmiş, keyfiyyətsiz məhsullarını su qiymətinə alıb, üç-dörd qat bahasına binəva millətə sırıyırlar, yarısı bitki yağları olan yağları xalis kərə yağı adına satırlar və milyonlar qazanırlar.
Elə bil hamını ətalət yuxusu basıb. İnsanlarda hər şeyə qarşı laqeydlik, ögeylik sindromu yaranıb. Bu laqeydlik, baxımsızlıq ucbatından vaxtilə bol əkin-biçin sahələrimi şoranlaşıb, bataqlığa, qamışlığa çevrilib, sel suları altında itib-batıb və digər təbii erroziyalara məruz qalıb. Olanı da barsızlaşıb, qısırlaşıb. Halbuki, 25-30 il bundan əvvəl işgüzar kənd camaatı bu torpaqlarda azı 1 milyon ton pambıq, 2,5 milyon ton üzüm, 130 milyon deka litr şərab və şərab məhsulları, 1 milyon ton tərəvəz, bir o qədər də meyvə, 2 milyon ton taxıl, 220 min ton kartof, 60 min tondan çox tütün yarpağı, 40 min ton yaşıl çay yarpağı, 6 min ton barama becərib, tədarük edirdi. İstehsal etdiyimiz strateji məhsullara – üzüm məhsullarına, zeytun yağlarına və konservlərinə, fındığa, şabalıda, tut, qoz mürəbbələrinə, nar şəraba, tütünə, baramaya və s məhsullarımıza neçə-neçə əcnəbi ölkələr müştəri çıxırdı. İndi həmin məhsullar Biləcəridən o yana getmir. Niyə?
Bəlkə bizdə o vaxtkı təbii şərait münbit torpaq və bu torpaqda bitən min cürə naz-nemətlər yoxdur, bitmir. Yoxsa təbiət sərtləşib və ya o nemətlər cırlaşıb? Xeyr! Təbii şərait də həmin şəraitdir, torpaq da həmin torpaqdır. Ancaq onu əkib-becərən yoxdur. Hamı gözünü istehsalı 50 milyon tonu keçən neftdən gələn pullara dikdi. Dövlət məmurları neftin pulu ilə batıb barındılar və qeyri-neft sektorlarının inkişafını büsbütün unutdular. Elə bildilər ki, neft çayı elə bu sayaq dünya bazarlarına axacaq. Onlar da bu pulları xalqın sosial rifahına, elmin, mədəniyyətin, təsərrüfatın, sənayenin inkişafına xərcləmək əvəzinə özlərinə neçə-neçə dəbdəbəli saraylar tikdirəcək, neçə-neçə ölkələrdə möhtəşəm imarətlər alacaq və xalqdan oğurladıqları milyardları dünya banklarında ofşor zonalarda gizlədəcəklər.
Mütəxəssislərin hesablamalarına görə, təkcə xarici birjalarda satılan neftdən və təbii qazdan 120 milyard dollardan çox mənfəət götürülüb. Satılan elektrik enerjisindən və digər qiymətli məhsullardan, vergidən və gömrükdən yığılan pulları da bunun üstünə gəlsək, bu vəsait 150 milyard dollardan çox edir.
Gəlin sadə bir hesablama aparaq: Tutaq ki, Azərbaycanda yaşayan 8 milyon adamın 400 min ailəsi var. Bu ailəyə də dövlət hər ay 1000 dollar maaş verir. Bu, bir ayda eləyir 400 milyon dollar. 12 ayda isə bu rəqəm cəmi 4.800 milyondur. Bu rəqəmi də neftin və qazın dünya bazarına çıxarıldığı 15 ilə vursaq, eləyir təqribən 80 milyard dollar. Tutaq ki, 20 milyard digər xərclərə sərf edilir, yerdə qalır 70 milyard dollar, hardadır? Bax bu pullar oliqarxların və məmurların xalqdan oğurladıqları pullardır ki, onlar da dəbdəbəli saraylara, ofşor zonalara, xarici banklara ötürülür və bir də eyş-işrətə xərclənir. Həmin pulların ən çoxu dörddə və ya beşdə biri qeyri-neft sektorunun inkişafına xərclənsəydi, indi bu qədər problemlərlə üzləşməzdi Azərbaycan xalqı və Azərbaycan dövləti.
İndi neft bulağının gözü tutulub, xarici bazarlara neft axarı və dünya birjalarda qiymətləri azalıb. Xalqın güzaranı isə gündən-günə pisləşməkdə davam edir. Bu çətinlikləri aradan qaldırmaq, itkilərin yerini doldurmaq üçün başlamışıq pambıq, üzüm, zeytun, tütün, çay və s. sahələrin inkişafı barədə düşünməyə, gündə bir fərman, qərar, sərəncam veririk. Amma bilmirik ki, o istehsal sahələri fərmanla, sərəncamla, qərarla artıb çoxalan deyil. Həmin sahələri peşəkar və işgüzar təsərrüfat biliciləri artırıb çoxaltmalıdır. Hər sənətin bir ustası olduğu kimi, hər sahənin də bir bilicisi, peşəkarı olmalıdır. Və həmin istehsal sahələri də o peşəkarlara, bilicilərə tapşırılmalıdır, onlara meydan, maddi və mənəvi yardımlar edilməlidir. Necə ki, dünyanın zəngin ölkələri hər yerdə işi iş bilənə tapşırırlar…
Bizdə də ta qədimdən peşəsinin mahir sənətkarları, işinin ustaları olanlar çox olub. Bu sayaq peşəkarlar yetişdirilib, şöhrətli üzüm növlərini bağ-bostan məhsullarını, heyvan cinslərini. El məsəllərində həmin peşəkar adamlar barədə də belə deyilir: "Çörəyi çörəkçiyə verərlər, birini də üstəlik” və ya "Hər binanın bir memarı, hər işin bir ustası olur”. Bir də deyiblər: "Halva-halva deməklə ağız şirin olmaz. Halva yemək istəyən əvvəlcə halva üçün lazım olan unu, şəkəri, balı əldə etməli və onları peşəkar bir halvaçıya verməlidir ki, halvaçı da ondan çox ləzzətli halva bişirsin. Sənin də ağzın dada gəlsin”.
Bu zərb-məsələləri biz müasir günümüzlə çevirsək baxarıq ki, bu naşı ustalar əlində bişirilən çörəyin və halvanın dadı yox, adı var. Özü də küt və mət.
Baxın, həmin naşıların, nadanların sayeyi-kəramətindən milyon hektarlıq münbit torpaqlarımız şoranlaşıb, eroziyaya uğrayıb. Üzüm, pambıq, tərəvəz sahələri qısırlaşıb. Zeytun, badam bağlarının yerində dəbdəbəli villalar ucalıb. Zəfəran sahələri ayrı-ayrı məmurların istirahət, əyləncə zonalarına, fındıq bağları qolf meydançalarına çevrilib.
Kadr hər şeyi həll edir
Sovetlər dövründə belə bir zərb-məsəl vardı. Kimi deyərdi, bu söz Leninin, ya da Stalinin söyləyib. Kim deyibsə, sağ olsun, çox yerində deyilmiş ifadədir. Doğrudan da hər yerdə, hər zaman çətin işləri bacarıqlı kadr həll edib. Məhz buna görə də o vaxt dövlət kadr məsələsini bir nömrəli vəzifə kimi baxır və onu müvəffəqiyyətlə həll edirdi. Kotanlı Rusiyanı atomlu Rusiyaya çevirən də, Sibir çöllərində, Xəzər dənizində neft çıxaran da, Tundrada, Tayqada özü də ən çətin iqlim şəraitində yollar çəkib, şəhərlər salan da, elmi, mədəniyyəti, təhsili, səhiyyəni, sənayeni, kənd təsərrüfatını qat-qat inkişaf etdirib ucaldan da, hər işin yönünü-səmtini bilən kadrlar idi. Bu kadrları dövlət və hakimiyyət diqqətlə seçib yerləşdirirdi.
Azərbaycan Respublikasını da yuxarıda dediyimiz kimi üzümçülük, pambıqçılıq diyarına, tərəvəz, bostan, meyvə anbarına, sənaye mərkəzinə çevirənlər də həmin kadrlar idi. Bu kadrların rəhbərliyi və təşkilatçılığı ilə işgüzar Azərbaycan xalqı, ölkəni, əmək hünər meydanına çevirmişlər. Varımız, dövlətimiz aşıb-daşırdı.
İndi bərəkətli əkin-biçin sahələrimiz kimi kadrlarımız da cırlaşıb. Peşəkarların yerini qeyri-peşəkarlar tutub ağıllara nadanlar dərs deyir. "Biz böyük sürətlə irəliləyirik, analoqu olmayan tərzdə inkişaf edirik. Gündə yeni-yeni istehsal müəssisələri – fabriklər, zavodlar tikib, çoxlu iş yerləri açırıq desək də, yenə camaatın əlləri işsiz, cibləri boşdur. Bütün sahələrdə sürətlə geri gedirik, təbəqələşmə, yoxsullaşma son həddə çatıb. Kiçik bir qrup yağ-bal içində üzür, xalq isə yoxsulluq, ehtiyac girdabında boğulur. Bütün bunların baiskarı isə tam məsuliyyətlə deyirəm, aşağıdan ta yuxarıya qədər bütün sahələrdə bacarıqlı, işgüzar, peşəkar, təcrübəli və bilikli kadrların yerində iş bilməzlər, nadanların, şəxsi mənfəət güdənlərin, qohumbazların, yerlibazların oturmasıdır. Onlar isə şəxsi mənafelərini dövlət və millət mənayelərindən üstün tuturlar. Əllərinə keçən hər şeyi qapıb qamarlayırlar, dövlət büdcəsini talayırlar, qohum-əqrabalarını toy şamı kimi dörd yanına yığırlar.
Gəlin sizli-bizli bu sayaq kadrların-klanların bir neçəsini sadalayaq. Məsələn, Azərbaycan xalqının ən əsas sərvəti olan neft sənayesinin başında kim durur? Çox hörmətli Rövnəq Abdullayevi götürək. Onun ixtisası inşaatçıdır, neftin hansı çətinliklərlə yerin dərin qorizontlarında araşdırılmasından, geoloji-kəşfiyyat işlərindən, neftli laylardan hansı üsullarla və qiymətli məhsulun nə sayaq çıxarılmasından və emalından və s. sahələr barədə elmi biliyi və zəngin təcrübəsi yoxdur. Amma illərdir o neft sənayesinə, emalına, satışına, qaz istehsalına, tədarükünə rəhbərlik edir. Neftdən qazanılan milyonları da ata malı kimi kefi istədiyi yerlərdə sağa, sola səpələyir.
Bu azmış kimi "Azərbaycanın neft akademiyası” adlanan bir elmi ocağının – Neft və Kimya İnstitutunu – Baybakov, Orucov, Salmanov, Mirzəcanzadə və qeyri-dünya şöhrətli korifeylər yetişdirən elm ocağını bəyənməyib, yeni bir "Neft institutu” açır və onun da rəhbərliyini coğrafiya müəlliminə tapşırır.
Təhsilimizin başında duran Mikayıl Cabbarov cənabları da cənab Rövnəq Abdullayevsayaq ayrı peşənin sənətin sahibidi. Ömrü boyu bircə gün də pedaqoji işlə məşğul olmayıb. Pedaqogika, psixologiya, məntiq… elmlərindən uzaq şəxsdir. Son illər isə "İçəri Şəhər” dövlət qoruğunun direktoru işləyir. Elə oradan da nazir kürsüsünə hoppanmışdır. "Təhsilimizin, elmimizin səviyyəsi ildən-ilə aşağı düşür” deyənlər, bilsinlər ki, millətin təhsilinə kimlər rəhbərlik edir. Belə olan halda, nə müəllimlərdən məsuliyyət, nə də şagirdlərdən yüksək mənimsəmə faizi gözləmək hədərdir.
Unutmayın ki, millətin gələcək intellegenti müəllimdən sağlamlığı ilə həkimdən asılıdır ki, hər iki sahədə də vəziyyət acınacaqlıdır.
Dövlətimiz səhiyyəmizə xüsusi qayğı göstərir. Dövlət xəstəxanalarının demək olar ki, hamısı müasir tələblər səviyyəsində təmir olunub və yeni-yeni tibb avadanlıqları ilə təchiz edilib. Amma xəstələrə həkim münasibət qeyri-qənaətbəxşdir. İmkanı olanlar Avropaya, İrana, Türkiyəyə üz tutur. İmkansızlar isə qalır bizim naşı həkimlərimizin ümidinə. Onlar da xəstə ölüm ayağında olsun belə haqqını almamış xəstəyə gözünün ucu ilə də baxmırlar. Çünki dövlət verdiyi maaş həkimləri qane etmir.
Azərbaycan xalqını istehlak malları ilə təchiz edən Kənd Təsərrüfatı Nazirliyində də bilikli, savadlı, bacarıqlı və təşkilatçı mütəxəssisləri barmaqla saymaq olur. Niyə? Çünki respublika kənd təsərrüfatı naziri Heydər Əsədov cənablarının özü kənd təsərrüfatı mütəxəssisi deyil, mühasibdir. Mühasib isə hansı bitkinin nə vaxt, hansı torpaqda əkildiyini hansı regionda hansı məhsulun daha yaxşı yetişdiyini hansı bitkiyə üzvü və mineral gübrələrin verilməsi qaydalarını və herbisitlərin vurulma üsullarını bilə bilməz, mühasib…
Mühasibin biri də Azərbaycan Televiziyası və Radio Şirkətinin (ASC) sədri cənabArif Alışanovdur . Məhz bu səbəbdən də televiziya olub, sənət və sənətkar nə və necəs şey olduğunu bilməyən, dalların dalına yastıq bağlayıb, arvad paltarında hoqqabazlıq edən oyunxanası. Əldəqayırma müğənnilərin, habelə yalançıların məddahların cəng meydanı. Milli dəyər, milli özüdərk, milli özgüzlük büsbütün unudulub. Ekrandakı, qondarma, əndrabadı verilişlərə baxanda adama elə gəlir ki, bu millət yalançılıqdan və məddahlıqdan savayı heç bir istedad və qabiliyyət sahibi deyil. Həmin adamların tək bir istəyi var - nə olursa-olsun, yaranan fürsətdən maksimum istifadə edərək, daha çox qapıb-qamarlasınlar. Bir də oliqarxların və məmurların yalanlarına həqiqət donu geydirib, şəninə tərif söyləsin, özlərinə yaxşı şərait qursunlar, onlara layiq olmayan adlarla, orden və medallarla mükafatlandırsınlar.
Bilirəm ki, bu yazımı oxuyanlar ona müxtəlif baxış nöqtəsindən baxacaqlar. Bəziləri mənə "sağ ol” desələr də, bəziləri barmaq silkələyəcək. Amma həmin qəzəbli adamlar yaxşı bilirlər ki, həqiqətin ağzına daş basmaq və cidanı çuvalda gizlətmək olmaz. Axı mən də bu millətin oğlu, bu yurdun vətəndaşıyam. Ürək yanmasa, gözdən yaş çıxmaz. Mən də istəyirəm ki, Azərbaycan torpağının hər qarışı gülə-gülüstana çevrilsin. Azərbaycan xalqı dünyanın ən xoşbəxt, bəxtiyar millətlərindən olsun. Öz torpağının aşıb-daşan milli sərvətinin şəriksiz sahibinə çevrilsin.
Elə bu arzu ilə də yazımı Böyük Türk şairi Nazim Hikmətin dahiyanə misraları ilə tamamlayıram:
"Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq, -
Necə çıxar qaranlıqlar
aydınlığa?”
Məmməd Əfşan,
Yazıçı-publisist