4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
Bayden administrasiyasının əsas məsələsi Rusiyanın təcəvüzkar siyasətini cilovlamaq idi. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasının əsas hədəfi İrandır. Trampın birinci prezidentlik dövründə (2016-2020) öncüllüyü İran məsələsi olduğu kimi bu gün də Ağ Evin əsas gündəmi İran məsələsidir. İran məsələsini həll etmək üçün Rusiyanın bitərəfliyi həlledici məqamlardan biridir. Belə görünür ki, 12 günlük müharibədə buna nail olan Tramp administrasiyası Rusiyanın tamamilə tərəfsizliyinə nail olmağa çalışır. Qənaətimcə Alyaska görüşü də ilk öncə buna xidmət edir. Alyaska görüşü ilə Putinin hakimiyyətini bir müddət saxlamasına imkan yaradan Tramp administrasiyası bunun müqabilində Rusiyanın İranla müttəfiqliyini kağız üzərində davam etdirməsinə baxmayaraq reallıqda heç bir ciddi yardım etməməsinin qarşıısnı almaq istəyir.
Hərb meydanında Ukraynanın vəziyyətinin fəlakətli olmaması, əksinə hərb meydanında qüvvələr nisbətinin bərabərliyi Ukraynada atəşkəsi Vaşinqtonun əsas gündəm məsələsinə çevirmir. Amerikan kəşfiyyatı çox yaxşı bilir ki, Rusiya hərb meydanında çox ağır itgilər verir. Strateji, hətta taktiki əhəmiyyəti olmayan kiçik ərazi işğalları Rusiyaya on minlərlə insanın həyatı bahasına, on milyardlarla dolların havaya sovrulması hesabına başa gəlir. Rusiyanın belə ağır itgilər verməsi onu məğlub etməyin yeganə yoludur. Ağlı başında olan hər kəs bilir ki, dünyanın ən böyük nüvə gücü olan Rusiyanı bir zərbə ilə məğlub etmək mümkün deyil. Sovet İttifaqını Əfqanistanda Pakistan hərbi kəşfiyyatının o zaman rəisi olmuş general Məhəmməd Yusəfin təklifi ilə “Min kəsik müharibəsi” ilə məğlub edən Vaşinqton Rusiyaya qarşı da eyni taktikanı seçib. “Min kəsik müharibəsi”nin qalibliyyətlə başa çatması üçün zamana və düşməni nəzarətdə saxlamağa ehtiyac var. Buna görə də Putini atəşkəsə vadar etmək üçün bütün vasitələr işə salınmır. Tətbiq olunan sanksiya və məhdudiyyətlər Rusiyanın hərbi və iqtisadi gücünün tədricən məhv edilməsinə xidmət edir. Qərbin qarşısında duran digər vəzifə Putinin nəzarətdən çıxaraq nüvə silahına əl atmasının qarşısını almaqdır. Qənaətimcə, hər iki vəzifənin öhdəsindən də bu günə kimi uğurla gəlinib. Bu siyasət bundan sonra da davam etməlidir. Nə zamana qədər sualının cavabı da məlumdur. Qənaətimcə, İran məsələsi həll olunana qədər Rusiyaya münasibətdə tətbiq olunan bu siyasət davam edəcək. İran məsələsinin həll edilməsi üçün isə ikinci hərbi müdaxiləyə ehtiyac var. Deməli, yaxın zamanlarda İrana qarşı hərbi müdaxilənin şahidi olacağıq.
Ən son olaraq onu qeyd etmək istərdim ki, Trampın yanaşmasının Baydenin siyasətindən bu fərqi Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına tam cavab verir. Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamə və sazişlər, Güney Azərbaycan məsələsinin görünməmiş miqyasda dünya siyasətinin gündəminə gəlməsi Ağ Evin siyasətində baş verən dəyişikliyin Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına cavab verdiyini təsdiqləyir.
Xəqani Cəfərli
Sozcu.info