Mat qalmalı işlər-Felyeton

Mat qalmalı işlər-Felyeton

 


 

Bu günlərdə "Elmlər Akademiyası” metrostansiyasından çıxıb, Bəxtiyar Vahabzadə küçəsi ilə üzüyuxarı evə tərəf gedirdim ki, Akademiyanın mərkəzi kitabxanasının qənşərində var-gəl edən bir nəfər diqqətimi çəkdi. Orta yaşlı həmin adam "Mən bu işə mat qalmışam! Mən bu işə mat qalmışam!” deyə-deyə, heç nəyə və heç kimə fikir vermədən var-gəlini davam etdirirdi. Maraq məni götürdü. Ayaq saxladım. Əvvəl elə bildim onun ağlından hansısa bolt-qayka düşüb. Diqqətlə fikir verəndə baxdım ki, deyəsən, səhv edirəm, ağıllı və ziyalı adama oxşayır. Yaxınlaşıb, ehtiyatla soruşdum:

-Arkadaş! Sirr deyilsə, söylə.Hansı iş-əməldir səni belə mat-məəttəl qoyan? Bəlkə işini ixtisara salıblar və ya nədəsə mühüm problemin, əngəlin var?

Kişi var-gəlini saxlayıb diqqətlə mənə baxdı və sualıma qəribə bir sualla cavab verdi:

-Xəbəriniz yoxdur xəbərdən?

Mən azca gülümsəyərək dedim:

-Ay pir olmuş! İndi o qədər xəbər var ki...Üstəlik də qəzetlər, radio, televiziya, internet saytları bir ucdan xəbər üyüdüb tökürlər. Biri yazır "ABŞ-ın təzə prezidenti Meksika ilə Amerika Birləşmiş Ştatları arasında sərhədboyu on səkkiz metr hündürlüyündə divar çəkib, baryer qurur”. O biri deyir ki, "Suriya federal dövlət olur”. Başqa biri buyurur ki, "Avropa dövlətləri müsəlman qaçqınlarını öz ölkələrindən qovur”. Nə bilim, səni məşğul edən hansı xəbərdir.

-Dediklərin xarici xəbərlərdir, ey! Məni mat-məəttəl qoyan isə daxili xəbərdir.

Məni maraq götürdü.

-Hansı daxili xəbərdir, fikrini, özünü və sözünü ram eləyib günün günorta çağı. Bəlkə deyəsən, biz də bilək!

-O xəbəri deyirəm ki, bu gün hansı əliqurumuş mərdümazar böyük şairimiz, ömrünün və yaradıcılığının çiçəklənən dövründə, Stalin rejiminin dəhşətli 1937-ci il repressiyasının qurbanı olan Mikayıl Müşfiqin Bakı şəhərində - İnşaatçılar prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişdiyi yerdə, yeddi mərtəbəli, əzəmətli binanın önündəki meydançada qoyulmuş qranit abidəsini küçəni "perestroyka” eləmək adı ilə verib buldozerin qabağına. İndi siz deyin. Bu əndirəbadi bəd əməl səni də qayğılandırıb mat-məəttəl qoyar, ya yox?!

-Əlbəttə qoyar! Deyin, bu hadisə nə vaxt baş verib?

-Elə bu gün. Hazırda orada bir həngamə var ki, gəl görəsən.

Mən kişiyə "Sağ ol” deyib səmtimi dəyişdim və birbaş gəldim hər baxanda mətin görkəmindən qürur duyduğum sevimli şairimizin qranit büstü qoyulan yerə və gördüklərim doğurdan da məni heyrətə və dəhşətəsaldı. Ekskovatorlar yeri-meydançanı qazır, buldozerlər qazılmış nə varsa, kənara çəkir, fəhlələr də əllərindəki pnevmatik çəkiclərlə şairin dağıdılmış büstünün beton potstamentini sökürdülər. Özümdən asılı olmayaraq, hirs beynimə vurdu və ucadan az qala qışqıra-qışqıra dedim:

-Hansı əlləri qurumuşdu sevimli şairimizin abidəsini dağıtdıran?

Bir nəfər ahıl kişi barmağını yekəpər, el demiş, "mən yeyib, o sənrimiş” bir nəfərə tuşladı:

-Odur, bizim nakam şairimizin abidəsini dağıtdıran.

-O, kimdir və hansı əsasla repressiya qurbanının qranit heykəlini yenidən repressiyaya məruz qoyan?

-"Azəravtoyolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Saleh Məmmədovdur. Özü da, bax, durub orada, yol inşaatçılarına əmr-göstəriş verir.

Mən sədrə yaxınlaşdım:

-Cənab Məmmədov, əvvəla salam! Sonra mənə və burada sizin faciəni xatırladan oyunlarınıza ikrahla tamaşa edən camaata deyin:-Hansı əsasla şairin qranitdən yonulmuş abidəsini yerlə-yeksan edirsiniz?

Saleh Məmmədov yanpörtü mənə baxıb:

-Əsasım var ki, sökürəm. Bir də mən kiməm ki, gələniniz yapışırsınız yaxamdan. Ağsaqqal, mən buyuruq adamıyam, yol çəkib, körpü tikənəm. Mənə deyiblər ki, bu il keçirilən iki möhtəşəm idman oyunları – İslam dövlətlərinin və "Formula-1” yarışlarına hazırlıq üçün küçəni genişləndirmək lazımdır. Mən də genişləndirirəm. Baxın, genişləndirməyə də şairin abidəsi mane olur, ona görə dəsökürük, işlər başa çatandan sonra yenidən bərpa edəcəyik – deyib əlavə etdi: -Qəribə adamlarısınız. Sənin dediyin kimi, möhtərəm şair iki dəfə yox, üç dəfə repressiya qurbanına çevrilib - bir dəfə özü, iki dəfə də abidəsi.

Saleh Məmmədov geri qanrılıb işarə barmağını meydançanın daha geniş yerinə tuşladı:

-Əvvəlcə, yəni 1972-ci ildə şairin abidəsi, bax, orada qoyulmuşdu və ətrafı da gül-gülüstan idi. Neçə il əvvəl hansı canıyanmışsa bu yeddimərtəəli binanın birinci mərtəbəsində "Everest” adından restoran açdı və yay istirahət yerini genişləndirmək məqsədilə meydanın xeyli hissəsini qamarladı. Bu səbəbdən də şairin qranit büstü on beş-iyirmi metrə qədər irəli sürüşdürüldü gecələrin birində. Bu yer də prospektə çox yaxındır. İri maşınlar Nərimanov küçəsinə dönməkdə çətinlik çəkirlər. Ona görə də məsləhət oldu ki, yolu genişləndirək.

-Həm də şairin qranit abidəsini uçurasınız, eləmi?

İndi də Saleh Məmmədovun körüyü od aldı:

-Ağsaqqal, yenə deyirəm, mən buyuruq adamıyam. "tik” deyirlər, tikirəm, "sök” deyirlər, sökürəm və sizin də hay-küyünüzə cavab verən deyiləm. Gedin, əlinizdən gələni iki qaba çəkin, birini özünüz yeyin, o birini də sizi bura göndərənlərə verin – deyib başladı əmrlərini, göstərişlərini təkrarlamağa.

Mən də içimdən qırıla-qırıla geri - evə qayıdırdım ki, bir dəstə mötəbər şəxs toyuq üstə cumanley kimi cumdular Saleh Məmmədovun üstünə. Beşcə dəqiqəyə onu qaynar qazana salıb, elədilər lümbəlüt.

Həmin mötəbərləri uzaqdan da olsa tanıyırdım – Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Yasamal Rayon İcra Hakimiyyətinin başbilənləri idilər. El demiş, "Qarı gəbərib, çənəsi bağlanandan sonra nə əcəb tökülüb gəliblər bura?”. Abidə sökülməmişdən əvvəl gəlsəydilər, muncuqları itərdi onların?

Mən bu fikirdəykən yanımdakı bir nəfər qulağıma pıçıldadı:

-Ağsaqqal, bax, burada deyiblər, "ilan ulduz görməsə, ölməz”. Hamısının Nərgiz xanımın "SOS” siqnalından sonra canlarına vicvicə düşdüyü üçün axışıblar bura.

-Nərgiz xanım kimdir?

-Tanımırsan Nərgiz xanımı?

-Nə bilim, o qədər Nərgiz var, sən hansını deyirsən?

-Mən Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan rəhbəri, professor Nərgiz xanım Paşayevanı deyirəm. Möhtərəm xanım bu vəhşiliyi böyük vandalizm və barbarlıq adlandıraraq, ölkəyə elə bir "SOS” siqnalı buraxıb ki, Bakının və respublikanın bütün ziyalıları ayağa qalxıb. Halal olsun el qızına! Böyük şairin xatirəsinə qarşı törədilmiş təhqirə görə müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizmə təcili müdaxilə etməyə, habelə, vəhşiliyə yol verən "Avtoyolservis” ASC-nin rəhbərliyini və bu vandalizmin törədilməsində bilavasitə iştirak edənləri cəzalandırmağa çağırıb.

Bu çağırışı eşidən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dodağı səyriyib, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun canına vicvicə düşüb, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun dalağı sancıb və üçü də birnəfəsə yüyürüb bura. Baxın, indi də bütün günahları yıxırlar Saleh Məmmədovun üstünə.

-Doğrumu edirlər onlar?

-Yox, əşşi. Ə.Qarayev deyir ki, Saleh Məmmədov bu barədə ona əvvəlcədən xəbər verməyib. Hacıbala and içib, aman eləyir ki, o, yolu genişləndirməyi tapşırmışdı Saleh Məmmədova, abidəni uçurmağı yox. İbrahim Məmmədov da yaxasını büsbütün çəkir kənara: -Atam, məni bu işə qatmayın, şəhərin yiyəsi dura-dura, mən kiməm ki, heykəl yıxdırıb, büst uçurdam!

Onlar günahı nahaq atırlar boyunlarından. Əvvəla, Əbülfəs Qarayev cənabları mədəniyyət naziridir və respublikada bütün maddi və mədəni sərvətlərimiz onun nəzarətindədir.

Hacıbala əkə isə az qala dörd milyon insanı öz qoynuna alan böyük Bakının meridir. Ondan icazəsiz bir nəfər boş bir yerə mıxca çalıb, daşı-daş üstünə qoya bilməz. Şəhərimizin görkəminə xələl gətirən həyətlərə, səkilərə burun soxan tikinti bandasına, çoxmərtəbəli binalara sərəncam verən, yaşıllıqları xəlvəti qırdırıb, yerini tikinti mafiyasına satan da məhz həmin Hacıbala Abutalıbovdur. İndi and-aman eləyib yaxa yırtır, "xəbərim yoxdur” deyir. Mənə elə gəlir ki, nakam şairin qranit büstünün nə zamansa on beş-iyirmi metr qabağa çəkilməsində də onun əli və ya qolu var. Yoxsa kim idi Saleh Məmmədov kimi ağrımaz başına dəsmal bağlayan?..

Bir də cənab Abutalıbov Ulu Öndərin çoxdankı pərəstişkarıdır. Ona görə möhtərəm eks prezidentimizin ayağı dəyən yerə baş qoymağa hazırdır. Amma necə olub ki, mer 1972-ci ili büsbütün unudub? Axı, o, yaxşı bilir ki, nakam şairimizin qranit büstü məhz Ulu Öndərin göstərişi və təşəbbüsü ilə bu meydanda ucaldılıb. Heydər Əliyev cənablarının Azərbaycan milli-mənəvi dəyər xəzinəmizin ən böyük qoruyucusu və xiridarı idi. Bunu da Hacıbala əkə bilməmiş deyil...

Amma bütün bunları və digər qaranlıq məqamları onlar bildiyi halda, sən boyda kişi Nərgiz xanım Paşayevanı tanımırsan.

-Adını, soyadını, mövqeyini bilsəm də, yaxından tanımıram. İndi bildim ki, çox cəsarətli, cürətli və hökmlü xanımdır.Və həm də Azərbaycan milli-mənəvi dəyərlərinin qədir-qiymətini bilir və ana yurdun hər qarışını, hərdaşını candan, ürəkdən sevir. Görünür, bu həyəcan siqnalı da həmin sevginin hayqırtısıdır.

Bu yerdə yenə yadıma bir el deyimi düşdü. Deyirlər, "İlan ulduz görməsə, ölməz”. Bir də deyirlər, "İnsan qaramal kimidir, qarnı doyanda başına torpaq sovurur”. Görünür, bizim bəzi məmurlarımızın da qarınları xalqdan, millətdən və dövlətdən oğurladıqları pullarla dopdoludur deyə, hər şeyə barmaqları arasından baxırlar və xalqın sərvəti kimi, milli-mənəvi dəyərlərini də bir ucdan talayıb dağıdırlar. Bu səbəbdən də gözləri ayaqlarının altını seçmir və nə elədiklərinin fərqinə varmırlar. Əgər vaxtında Azərbaycanın keçmişi və gələcəyi ilə öyünən, bu günü ilə qürur duyan və xalqımızı dünyanın mədəni, sivil xalqları sırasında görmək istəyən çox hörmətli Nərgiz xanım kimi birisi də bu sayaq "SOS” siqnalı versəydi, gündəmdə qalmaq ehtirası ilə özünü gözə soxan bir "siyasi xadim”, "partiya lideri”, "demokrat” eşq Allahı Məhəmməd Füzuliyə ağlağan, Mirzə Ələkbər Sabirə və Cəlil Məmmədquluzadəyə, "millətin daxili eybəcərliklərini yazıb, dünyanı bizə güldürən” poeziya qartalı Səməd Vurğuna, "Sovet dövrünün dılğır şairi” və yaxud XX əsr ədəbiyyatımızın klassiklərinə "sosializm tör-töküntüləri, danisbazları” adlandıranlara tərs sillə vurardı. Habelə, "kiçik padişahlar” özlərini gözə soxmaq həvəsi ilə Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, "bir kərə yüksələn bayraq bir daha enməz” deyən və xalqımıza müstəqilliyin şirin təamını dadızdıran Məmməd Əmin Rəsulzadənin Gəncədə və digər yerlərdəki büstlərini uçuranlara öz həddini və yerini göstərər, habelə, milli dəyər bulağının suyundan içməyən, daim yadların artıqları ilə qarınlarını doyuran başabəla millət vəkillərinə barmaq tuşlayıb "danışdığınız sözün məna-məzmununa fikir verin. Sizə qələm tutmağı öyrədən, ilk dəfə "Ana”, "Vətən” sözlərini yazdıran müəllimləri aşağılamayın, onlara "az maaşla dolana bilmirsinizsə, gedin küçə süpürün, evlərdə qulluqçuluq eləyin” və öz ailəsinə çörək qazanmaq naminə yad ölkələrə gedənləri və orada hər cür təhqirlərə, təhdidlərə dözənlərə "artıq-urtuq” və ya Azərbaycan xalqını tarixi dəhşətlərdən, qanlı qırğınlardan xilas edən Nuru Paşaya "talançı”, "soyğunçu” deyən başabəla millət vəkillərinin özlərinə layiq cavablarını verərdi.

Əzizlərim! Millət o zaman millət kimi formalaşır ki, o, maddi və mənəvi sərvətinin qədrini bilir, o sərvətləri göz bəbəyi kimi qoruyur, qədərini artırıb çoxaldır. Belə olmadıqda, həmin millətin maddi sərvəti başqa hakim millətləri yedirdib, geydirər, əqli-zəkası, bacarığı və qabiliyyəti qeyri millətlərin tərəqqisinə xidmət edər. Ona görə də biz öz maddi və mənəvi sərvətlərimizi özümüz qorumalıyıq ki, onlar yad ayaqlarda tapdanmasın, əcnəbi ölkələrdə hambala, yad muzeylərdə eksponatlara çevrilməsin.

Yazımın sonunda bir daha üzümü xalqımızın ləyaqətli və dəyanətli qadını, bir həyəcan siqnalı ilə millətimizin yatmış ruhunu oyadan, üzdə olan ziyalılarımızı milli dəyərlərimizə biganəlik göstərən nankorların üzərinə qaldıran Nərgiz xanım Paşayevanı kaş tanıyaydım, onunla görüşmək imkanım olaydı. Onda, qocaman bir yazar kimi o xanımın "SOS” deyən dilinə bal şərbəti sürtüb, mübarək əlindən öpərdim və ucadan deyərdim:

-Halal olsun Sənə Vətənin çörəyi, ananın südü və atanın öyüdü!

P.S. Biz ha deyirik, ha yazırıq, xeyri yoxdur. Millətin maddi və mənəvi sərvətlərinə qənim kəsilən vandallar bildiklərini eləyirlər. İnanın, əgər Nərgiz xanımın "SOS” siqnalı olmasaydı, onlar nakam şairimiz, ömrünün və yaradıcılığının ən şaqraq çağlarında qırmızı terrorun qurbanı olmuş sevimli Mikayıl Müşfiqin abidəsini də digər qiymətli maddi mədəniyyət abidələrimiz kimi zamanın zibilliklərinə atılacaqdılar və millət də bu barbarlığa dinməzcəbaxacaqdı. Necə ki, mən və qeyriləri vandalların önündə mat-məəttəl qalmışdıq...

Məmməd ƏFŞAN



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}