Rusiya Paşinyanı “başqa yolla“ aradan götürəcək? - “Ermənistanda bu təcrübə var“


2 aya yaxındır Ermənistan müxalifətinin keçirdiyi aksiyaya nöqtə qoyulub. Ermənistan əhalisi Milli Məclisinin vitse-spikeri, müxalif “Daşnaksutyun” Partiyasının üzvü İşxan Saqatelyanın başçılıq etdiyi “Müqavimət Hərəkatı”na açıq şəkildə qoşulmadı. 

Sozcu.info xəbər verir ki, Yenisabah.az-a danışan Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər mövzuya belə şərh verib.

“Erməni xalqı müharibədən sonra yaranmış şəraitə öz münasibətini Nikol Paşinyana və onun partiyasına səs verməklə bildirib. Arxasında Rusiyanın dayandığı Ermənistan müxalifətinin ikinci cəhdi də uğursuz olub. Çünki onların ciddi dayaqları yoxdur. 

Üstəlik, Rusiyanın Ukraynaya təcavüzü onun hərbi cəhətdən də göstərildiyi qədər güclü olmadığını, əksinə, Ukraynada məğlub ola biləcəyini göstərdi. Bu da şübhəsizdir ki, Ermənistanda ictimai rəyə bütövlükdə təsir edir”.

AzDP sədrinin sözlərinə görə, yaranmış vəziyyət Ermənistan hakimiyyətinin əhəmiyyətli dərəcədə güclü olduğunu göstərir:

“Ermənistanda milli ideya hər zaman güclü olub və bu milli ideyanın arxasında erməni elitası ilə bərabər, erməni diasporu, lobbi və erməni kilsəsi dayanıb. Təbii ki, buraya Rusiya faktoru da əlavə edilməlidir. Əgər bu gün Rusiya dinc yolla, erməni müxalifətinin əli ilə Ermənistandakı hakimiyyəti devirə bilmirsə, deməli, sabah Paşinyanı başqa yolla ortadan götürməyə cəhd edə bilməz. 

Bilirsiniz ki, Ermənistanın yaxın tarixində belə bir təcrübə var. Parlamentin 1999-cu ildə gülləbaran edilməsini nəzərdə tuturam”.

“Paşinyan üçün vəziyyət bu baxımdan daha təhlükəli hal alıb. Yəni artıq dinc yolla onu devirmək mümkün deyilsə, alternativ – Paşinyanın daha təhlükəli yolla devrilməsidir. 

Nikol Paşinyanın isə nə qərar verəcəyi bəlli deyil və ona arxayın olmaq olmaz. Hər şey Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya o dərəcədə zəifləməlidir ki, Ermənistan baş nazirinin Rusiyadan şəxsi qorxusu ortadan qalxsın”, - deyə müsahibimiz əlavə edib.

S. Əkbər vurğulayıb ki, əgər Ermənistan Azərbaycanın istəklərini qeyd-şərtsiz qəbul edərsə, etirazlar ola bilər:

“Həmçinin, əgər Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa gedəcəksə və bunun üstün cəhətlərini əlindəki bütün inzibati resurslardan istifadə edərək erməni xalqına doğru izah edəcəksə, eləcə də kollektiv Qərb bu prosesə dəstək verəcəksə, o halda Ermənistanda etirazların ola biləcəyini, lakin bunların Paşinyan üçün təhlükəli səviyyədə olmayacağını proqnozlaşdırmaq mümükündür. Yəni etiraz olacaq, amma Paşinyanı devirə biləcək təhlükə, məncə, olmayacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti