8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev barəsində sosial şəbəkələrdə bəzi qruplaşmaların nümayəndələri və Nəcməddin Sadikovun tör-töküntüləri onun əleyhinə kampaniya aparırlar. Bütün ordu bilir ki, Kərim Vəliyev heç bir qruplaşmaya daxil olmayan vicdanlı və təmiz, yüksək savada malik bir generaldır”.
Bunu MN Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov özünün facebook hesabında paylaşıb. Polkovnik iddia edir ki, bu, planlı qara PR kampanıyasıdır.
Xatırladaq ki, Kərim Vəliyev vəzifəyə yeni təyin olunan vaxtlar da ona qarşı gözdənsalma kampanıyası aparılırdı. Və bu kampanıyanın arxasında Nəcməddin Sadıkova bağlı qüvvələrin dayandığı iddia edilirdi.
Polkovnik Şair Ramaldanov baş qərargah rəisinə qarşı təşkil edilən kampaniyanı pislədi: “Kərim Vəliyev haqqında onu tanıyan, onunla birgə xidmət edən zabitlər, bir sözlə, onunla ünsiyyətdə olan hər kəs ancaq müsbət fikirlər səsləndirə bilər. Mənfi fikirdə olanlar fərqi yoxdur hansı qruplaşma olursa-olsun, yaxud hara aiddirlər, yaxud da hansı sifarişləri yerinə yetirirlər, bunlar hamısı Azərbaycançılığı, Azərbaycanı istəməyən, ordu quruculuğu istiqamətində aparılan islahatlara mane olmaq istəyən şəxslər və yaxud qruplardır. Kərim Vəliyev çox vətənpərvər, öz xalqını, vətənini sevən, işinə, peşəsinə, əhdinə sadiq təmiz bir insandır. Onu demək olar ki, zabit olduğu ilk illərdən tanıyıram. Harada olursa-olsun, o, hər zaman işinə məsuliyyətlə yanaşan zabit kimi özünü göstərib. Azərbaycan Ordusunun yarandığı ilk gündən-müstəqillik qazandıqdan sonrakı dövrü nəzərdə tuturam-ordumuzda xidmət edir. Ordumuzda xidmət edərkən harada olmasına baxmayaraq, öz vəzifə borclarını layiqincə yerinə yetirir. Onun haqqında, əlbəttə, çox sözlər demək olar. Bütün sözlər onun ciddi bir adam olmasını, peşəkar zabit, vətənpərvər biri olduğunu xarakterizə edən amillərdir. Kərim Vəliyev ərazilərimiz işğal olunduğu ilk illərdən məhz işğalçılara qarşı döyüşlər aparıb, müxtəlif vəzifələrdə çalışıb. Ulu öndər tərəfindən həm mükafatlandırılıb, həm də ən vacib, əsas istiqamətdə ordu korpusunun komandiri kimi ona etimad göstərilib. Sonralar Müdafiə Nazirliyində ən müxtəlif yüksək vəzifələrdə çalışıb. Zabitlər arasında çox böyük hörmət qazanıb. Öz prinsipallığı və ədalətli olması ilə seçilən bir zabit kimi tanınır. Deyərdim ki, hazırda Kərim Vəliyevə qarşı hər hansı mənfi rəy formalaşdırmaq istəyənlər daha çox xaricdən, bizim düşmənlər tərəfindən edilən sifarişləri yerinə yetirirlər. Mütəmadi olaraq, Azərbaycanın generalları, ordudakı yüksək rütbəli vəzifəliləri haqqında yersiz ifadələr işlədilir, qara kampaniya təşkil olunur. Dəfələrlə bu barədə demişəm. Yüksək rütbəli şəxslər vəzifələrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təyin olunur və onlara etimad göstərilir. Görəndə ki, doğrudan da böyük hörmət qazanmış bir zabitdir, yaxud generaldır, müəyyən şəxslər və qruplar bəzi sifarişləri yerinə yetirərək belə addımlar atırlar”.
Polkovnik hibrid savaşını da mövzu ilə əlaqələndirdi: “Biz müasir bir dövrdə yaşayırıq. Bu dövrdə də biz hibrid müharibəsi haqqında çox fikirlər səsləndiririk. Hazırda Ukraynada gedən müharibə də məhz hibrid müharibəsinin nəticəsidir. Bu müharibə haqqında çox danışmaq istəmirəm.
Hibrid müharibəsi çoxmüddətli bir savaşdır. İlk növbədə, müsbət xarakterizə edilən, vətənpərvər, millətinə bağlı vəzifəli şəxslər, o cümlədən Müdafiə Nazirliyində yaxud digər güc strukturlarında çalışanları məhz sifarişlə gözdənsalma cəhdləri də hibrid müharibəsinin elementlərindən biridir. Bizim düşmənlər çox yaxşı bilir ki, Kərim Vəliyev kimdir. O, I Qarabağ savaşında da vuruşan hərbçidir, nəticələri göz önündədir. Uzun müddət Bərdə istiqamətində ordu korpusuna rəhbərlik edir. Kərim Vəliyev II Vətən müharibəsində ən çətin istiqamətlərdə şəxsi heyət üzrə nazir müavini, baş idarə rəisi kimi cəbhə bölgəsində göründü. Deyərdim ki, II Qarabağ savaşında elə bir istiqamət, ərazi yoxdur ki, Kərim Vəliyev orada döyüşməyib. Hətta onu da əminliklə bildirirəm ki, ən çətin, riskli istiqamətlərdə məhz Azərbaycanın müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov Kərim Vəliyevə etimad göstərərək, onu məhz həmin istiqamətlərə göndərirdi. Çünki bilirdi ki, o, həm işinin öhdəsindən gələ bilən zabitdir, həm nüfuzlu, bacarıqlıdır, həm də verilən tapşırığı yüksək səviyyədə yerinə yetirəcək hərbçidir. Hazırda Ali Baş Komandan, cənab Prezidentin ordu qarşısına qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Ordusunun türk ordu modelinə keçməsi ilə bağlıdır. Biz görürük ki, ordumuzda bu istiqamətdə böyük işlər görülür, ciddi dəyişikliklər var, yeni hərbi hissələr yaranır. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sırf ordunun hazırlığına rəhbərlik edən bir şəxsdir. Ordunun döyüş hazırlığına bilavasitə cavabdehdir. Kərim Vəliyev haqqında həm bir döyüşçü yoldaşı, həm onu uzun müdət tanıyan biri kimi, həm də bir vətəndaş olaraq danışıram. Onu ancaq və ancaq müsbət xarakterizə edə bilərəm. Kərim Vəliyev deyərdim ki, elə bir şərəfli hərbçi yolu keçib ki, ona olan qarayaxmalar heç də yapışmayacaq. Bu insanı tanıyanlar, onunla ünsiyyətdə olanlar müsbət danışa bilərlər. Kərim Vəliyev heç zaman nədənsə çəkinməyib, öz dövlətinə, Ali Baş Komandanına, öz peşəsinə sadiq bir zabitdir. Hər birimizin borcudur ki, hörmətli generallarımıza, yüksək rütbəli şəxslərimizə - o şəxslər ki, cənab Prezident onlara etimad göstərib - sahib çıxaq, onları hədəf alanları ifşa edək. Kərim Vəliyevə bu çətin, şərəfli sahəyə rəhbərlik etməsində uğurlar arzulayıram. Düşünürəm ki, onun rəhbərliyi altında bizim ordu öz sahəsi çərçivəsində məhz uğurla addımlayacaq. Yeni-yeni nailiyyətlərin şahidi və iştirakçısı olacağıq. Buna inanırıq”.
Qarabağ qazisi Rey Kərimoğlu K.Vəliyevin yanında olduqlarını bəyan etdi: “Rövşən Məhərrəmov çox doğru deyir. Əslində Azərbaycan Ordusunda ən təmiz qalanlardan biri Kərim Vəliyevdir. Ona qarşı zaman-zaman çox murdar bir təbliğatlar aparılıb, həm ictimaiyyət daxilində, həm də sosial şəbəkələrdə. Kərim Vəliyev milli, vətənpərvər bir insandır. Peşəkar zabit, generaldır. Qarabağ müharibəsi yolu keçib. Azərbaycan Ordusunda müqayisəli şəkildə danışsaq, 3-4 salamat qalan, heç bir qruplaşmaya daxil olmayan generallarımızdan biridir. Kərim Vəliyevi müdafiə etmək lazımdır. O, çox ləyaqətli bir zabitdir. Vətənini, dövlətini çox sevir. 44 günlük müharibədə öndə olan bir general olub. Xidməti zamanı dəfələrlə yaralanıb, xəsarətlər alıb. Elə şeylər var ki, özləri demirlər deyə, mənim də deməyim düzgün olmaz. Bunlar hərbi sirlərdir. Amma ümumi şəkildə deyirəm ki, dəfələrlə yaralanıb, tramva alıb. Çox ləyaqətli, təmiz, vicdanlı bir insandır. O, Azərbaycan Ordusu üçün çox vacib adamdır. Bəli, Nəcməddin Sadıkovun
tör-töküntüləri ona qarşı kampaniya təşkil edirlər. Müdafiə Nazirliyi daxilində kök salmış çox murdar bir dəstə var. Həmin dəstə bu təbliğatı aparır. Bu, çox iyrənc bir kampaniyadır. Qazilər olaraq Kərim Vəliyevi müdafiə edirik, onun yanındayıq, onu dəstəkləyirik. Ona qarşı başlanılmış kampaniyaya etirazımızı bildiririk. Ayıbdır, bu kampaniyanı dayandırın”.
“Yeni Müsavat”