MTN generalının məhkəməsi növbəti dəfə təxirə salındı - “... Oyun oynayırlar”


Zərərçəkmiş: “Kişiliyin olsun, düzünü de. Cinayətkarsız hamınız”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinə rəhbərlik edən general-mayor Mövlam Şıxəliyev və digərlərinin  apelyasiya şikayəti üzrə yanvarın 23-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə qatılan zərərçəkənlər məhkəmənin təxirə salınmasına kəskin etiraz bildiriblər. Onlar əvvəlki prosesin də təxirə salındığını hakimin diqqətə çatdırıblar. Yada salaq ki,  ötən proses yanvarın 9-na təyin olunmuşdu. Həmin gün Bakıda qar yağması səbəb göstərilməklə müttəhimlərin məhkəməyə gətirilməsinin mümkünsüz olduğu açıqlanmışdı və proses təxirə salınmışdı. Ardından isə belə xəbər gəlmişdi ki, Mövlam Şıxəliyevlə keçmiş işçisi, hazırda onunla məhkəmə qarşısına çıxarılan Yasin Məmmədov arasında əlbəyaxa dava olub. Y.Məmmədovun M.Mıxəliyevə xüsusən üz nahiyəsinə xəsarət yetirdiyi bildirilirdi. Prosesin də məhz bu səbəbdən təxirə salındığı qeyd olunurdu. Bu versiya mətbuatda yer alandan sonra Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vəkilləri və yaxınları hər hansı bir açıqlama vermədilər, dava məsələsi təkzib olunmadı.

Yanvarın 23-də keçirilən prosesdə məhkəmə zalı da fərqli seçilmişdi. Daha geniş zalda şüşə qəfəsə salınan müttəhimlərin arasında 2 nəzarətçi qoyulmuşdu.

Şıxəliyev skamyanın bir tərəfində, Yasin Məmmədov isə əks tərəfdə oturmuşdu. Əvvəlki proseslərdən fərqli olaraq onların arasında 2 nəzarətçi əyləşmişdi. Bu dəyişiklik suç ortaqları olan Mövlam Şıxəliyevlə Yasin Məmmədovun arasında konfliktin olması xəbərini bir qədər də qətiləşdirib.

MTN polkovniki Yasin Məmmədovun əmlakları müsadirə olunub

Yasin Məmmədov

Məhkəmə zalında zərərçəkənlərdən biri Yasin Məmmədova Mövlam Şıxəliyevlə dalaşması barədə sual verib. Y.Məmmədov dalaşdıqlarını təsdiqləsə də, əlavə nəsə deməyib.

Yanvarın 23-də keçirilməli olan proses də müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması səbəbindən təxirə salınıb. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşıladılar.  Hakimdən süründürməçiliyə son qoyulmasını istədilər. 

Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin S.Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub.

Sahib Ələkbərov da prosesin müdafiəçisi olmadan keçirilməsinə etirazının olmadığını deyib.

Zərərçəkənlər və onların vəkilləri Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini bildiriblər.

Həbsdə olan MTN generalının işi Hərbi Məhkəməyə qaytarıldı

Müttəhim Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, S.Ələkbərovun vəkili olmadan prosesin keçirilməsi prosessual pozuntudur, amma vəkil olmadan prosesin keçirilməsinə etiraz etmirlər.

Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər.  Qərar zərərçəkənləri narazı salıb. Zərərçəkən Hüseyn Səfərov deyib ki, Sahib Ələkbərov etiraz etmədiyi halda prosesin keçirilməməsi doğru deyil:

- Belə çıxır ki, hər dəfə bir bəhanə edib oyun oynayacaqlar, siz də prosesi təxirə salacaqsız.

Hakim:

- Növbəti dəfə belə olmayacaq. Sahib Ələkbərov, siz 30-na qədər özünüzə daha bir vəkil tutun.

Hüseyn Səfərov:

- Hər dəfə bir bəhanə ilə oyun oynayırlar, vaxt gedir.

Hakim:

- Vəkil korona tutub, ondan bu haqda arayış təqdim etməsini istəmişik. Sahib Ələkbərov, özünüzə vəkil tutun.

H.Səfərov:

- Sahib Ələkbərov barəsində faktlar var, siz prosesi davam etdirin, mən faktları açıb deyim. Sahib Ələkbərovun mənə dediyi sözləri burada deyəcəyəm.

Zərərçəkən üzünü Sahib Ələkbərova tutaraq deyib:

- Sən qəsdən edirsən də... qəsdən uzadırsan.  Sən Mövlam Şıxəliyevin barəsində dediyin sözləri burada aç de.

S.Ələkbərov:

- Mən heç nə deməmişəm.

Hüseyn Səfərov:

- Kişiliyin olsun, düzünü de. Cinayətkarsız hamınız.

Sahib Ələkbərov:

- Sənsən...

Hakim bu zaman hər kəsi zalı tərk etməyə çağırıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb, üzərinə həbs qoyulan əmlaklarının bir hissəsi xüsusi müsadirəyə götürülüb. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}