27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bu ilin mart ayında Bakıda keçiriləcək Ortda Dəhliz ((Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ölkələrinin görüşündə tranzit sahəsində milli təcrübələr, "bir pəncərə" sistemlərinin qarşılıqlı əlaqəliliyi, elektron gömrük bəyannaməsi, “Regional Sadələşdirilmiş Tranzit Sistemi”nin yaradılmasına dair məsələlər müzakirə olunacaq.
Sozcu.info xəbər verir ki, bu barədə "Report"un sorğusunun cavabında Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilb.
“Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi məqsədilə dəhliz üzərində yerləşən ölkələr arasında Vahid Tranzit Portalının yaradılması planlaşdırılır. Bu portal dəhliz boyu yükdaşımaların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, tranzit prosedurlarının asanlaşdırılmasına və elektron məlumat mübadiləsinin təşkilinə şərait yaradacaq.
Bu məqsədlə cari ilin mart ayında paytaxtımızda Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit gömrük proseduru layihəsi üzrə müzakirələrin aparılması planlaşdırılır", - məlumatda deyilir.
DGK-dan bildirilib ki, intermodal daşımaların sadələşdirilməsi ilə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropa istiqamətində həyata keçirilən konteyner daşımaları zamanı Azərbaycan tərəfində yeni dəmir yolu qaiməsi tələb olunmadan Qazaxıstan və Türkmənistanda tərtib olunmuş dəmir yolu qaiməsi (SMGS) əsasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sadələşdirilmiş qaydada gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi təmin edilir.
"Dəniz nəqliyyatı ilə gömrük ərazisinə gətirilən və tranzit daşınması dəmir yolu nəqliyyatı ilə davam etdirilən konteynerləşdirilmiş malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük bəyanetməsi konteynerin yüklənəcəyi dəmir yolu platformasının nömrəsi əsasında həyata keçirilirdi. Dəmir yolu platforması nömrəsinin müəyyən olunması vaxt itkisinə səbəb olduğundan gömrük bəyanetməsinin konteyner nömrəsi əsasında həyata keçirilməsi və konteynerlərin gömrük ərazisinə gətirilməzdən əvvəl bəyan edilməsinə şərait yaradılması məqsədilə “Mallar beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair Metodiki Tövsiyə”də dəyişiklik edilib", - Gömrük Komitəsinin cavabında deyilir.
Vurğulanıb ki, bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük orqanlarının Risklərin İdarəedilməsi Sisteminə əsaslanaraq onlar üzərində gömrük yoxlamaları müasir tipli yük yoxlama baxış sistemləri vasitəsilə qeyri-intruziv qaydada həyata keçirilir.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).