Dövlət Sığorta Şirkətinin yalanını düzəltməsinə neçə ay, il gərəkdir?


Nə qədər vicdansız olasan ki, bir qəpik ödəmədən 8800 manat ödədiyini bildirəsən!

                                             “Qılınclar toqquşub iş görən zaman

                                               Neylər dediyiniz quru bir  vicdan? ! ( Səməd Vurğun )

Prezident sərəncamına uyğun olaraq keçən ildən 02.08.1997-ci ilə kimi Qarabağ savaşında yaralanıb əlil olanlara birdəfəlik sığorta ödənişinin verilməsini ƏƏSMN həyata keçirir. Bu sətirlərin yazarına isə 9 ay keçməsinə baxmayaraq, hələ də 1-ci dərəcəli Qarabağ əlili kimi 8800 manatlıq sığorta ödənişi verilməyib.

Gah son xidmət yerim olan DİN Tibb İdarəsinin Hərbi Həkim komissiyasının verdiyi “Xəstəlik haqqında şəhadətnamə”nin , gah əlilliyin özünün sistemdə olmadığı bildirildi. (Gerçəkdə sistemdən yoxa çıxması bildirilməlidi(r) , nədən sözügedən şəhadətnaməsiz müharibə əlilliyi verilmir, əlillik olmadansa pensiya, müavinət, təqaüd- M. B. ) 26.05.1993 tarixli “Xəstəlik haqqında şəhadətnamə”ni DİN Tibb İdarəsi 09.12.2022-ci ildə ƏƏSMN altsisteminə inteqrasiya edəndən sonra 22.12.2022-ci ildə DSMF-dən zəng edib, gələn il vəsaitin bank hesabına köçürüləcəyi bildirildi.

2023-cü ilin ilk ayının sonlarında, ikinci ayının əvvəllərində ƏƏSMN -in 142 çağrı mərkəzinə, DOST Agentliyinə müraciətlərə cavab olaraq hər şeyin qaydasında olduğu , tezliklə telefon nömrəmə ödəniş haqqında sms-bildiriş gələcəyi deyildi. 16.02.2023-cü ildə 0125250624 nömrəsindən zəng edən DSMF əməkdaşı “Azərsığorta”nın 2019-cu ildə hesabıma 8800 manat ödəməsi barədə məlumat verdiyini deyəndə, bu ödənişin maliyyə sənədinin, qəbzinin təqdim edilməli olduğunu bildirdim. Nazirlər Kabinetinin saytına “Azərsığorta”nın dələduzluqla ƏƏSMN -ə yalan məlumat verməsindən şikayət edib, yalanını doğru – düzgün arayışla düzəltməsinin təmin edilməsini dilədim.

Bu günlərdə Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ)  idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlının bir ay sonra verdiyi 10.03.2023 tarixli cavabdan “bu xəmirin hələ çox su aparacağını” anladım. Müşavir , Nazirlər Kabineti Aparatının ümumi şöbəsinə daxil olmuş müraciətin baxılması üçün  aidiyyatı üzrə DSKŞ -da aidiyyatı yönləndirildiyini (?-M. B. ) , araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcəyini bildirib. Burada araşdırılmalı nə var ki, bir neçə ay çəkir? Bir neçə dəqiqə gərəkir ki, 1-ci dərəcəli Qarabağ əlilinə  19.03.2019-cu ildə 8800 manat ödənilib - ödənilməməsinə aydınlıq gətirilsin. Ödənilibsə, uyğun maliyyə arayışının , ödəmə qəbzinin , ödənilməyibsə, düzgün məlumatın  DSMF-ə təqdim edilməsinə bəyəm bir neçə ay gərəkir? Ritorik sualdır, deyilmi?

Söz sığorta dələduzluğuna hüquqi qiymət verilməsini təmin etməyə borclu olan qurumlardadır. Vicdansızcasına yalan məlumatı doğrusu ilə əvəzləməyə,  vicdan ləkəsini yumağa nə qədər vaxt gərəkir? Bəs (8800 manatlıq ) vicdansızlğın cinayət məsuliyyəti müddəti? Böyük Səməd Vurğunun dediyi kimi, rüşvət,  korrupsiya olan yerdə vicdan nəyə gərəkir?



Oxşar Xəbərlər

Xəbər lenti