27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hazırda müalicəsini ev şəraitində davam etdirir.
Dünən xəstəxanadan evə buraxılan deputat telefon vasitəsilə Modern.az-ın suallarını cavablandırıb və bəzi üzləşdiyi hadisə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
- Fazil bəy, səhhətiniz necədir? Müalicə prosesi necə gedir?
- Şükür, sağlıq durumum yavaş-yavaş normallaşır. Tikişlərin bitişməsi üçün müəyyən müddət keçməlidir. Bundan sonra reabilitasiya prosesi başlayacaq. Ümid edirəm ki, önümüzdəki ayın sonuna qədər bütün proseslər yekunlaşacaq.
- Sizə qarşı terror aktının törədilməsində şübhəli bilinən şəxsləri tanıyırsınızmı? Hadisədən əvvəl onlardan sizə təhdid mesajı və ya zəng olubmu?
- Xeyr, mənə sui-qəsdə görə saxlanılan şəxslərən heç birini tanımıram.
- İranla münasibətlərin kəskinləşdiyi məqamda sərt çıxışlarınız xüsusilə diqqət çəkirdi. Doğrudur, sizin molla rejimi haqqında səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmırdı. Bəzən sosial şəbəkələrdə radikan dini qrupların hədəfinə tuş gəliridiniz. Bütün bunların fonunda şəxsinizə qarşı belə bir hadisənin törədiləcəyini gözləyirdinizmi?
- 10 ildir ki, məni sosial şəbəkələr üzərindən və başqa platformalardan təhdid edirdilər. Dəfələrlə ölümlə hədələyirdilər. Bu hücum da həmin təhdidlərin yekunudur. Əlbəttə, belə bir hücumu gözləyirdim.
- Fazil bəy, terror aktından sonra bir neçə gün fərqlə mətbuatda iki müsahibəniz dərc olundu. İlk müsahibənizdə bildirmişdiniz ki, maşından düşdükdən sonra ayağınıza güllə dəyib. Sonrakı müsahibədə avtomobildə olan zaman ayaq nahiyəsindən güllə yarası aldığınızı dediniz. Sosial şəbəkələrdə sizin fərqli fikirlər səsləndirməyiniz müzakirələrə səbəb olub. İstərdik ki, bu məsələyə aydınlıq gətirəsiniz.
- Əlbəttə, ilk gün hansı situasiyada vurulmağımla bağlı tamam fərqli təsəvvürüm vardı. Həm qardaşımın mənə verdiyi bilgilər, həm də istintaqın gəldiyi nəticələr göstərdi ki, hər iki atəş mənə maşında dəyib. Mən bunu ekstremal vəziyyətdə bilməmişəm. Təsəvvürümdə maşında çiynimdən, düşəndə isə ayağımdan vurulduğum qalmışdı. Amma aydın oldu kimi, hər iki atəş maşında olarkən açılıb.
- Hazırda sizin və ailənizin təhlükəsizliyi necə qorunur?
- Təhlükəsizliyim üçün yaradılan şəraiti normal qiymətləndirirəm. Bununla bağlı heç bir problem yoxdur. Hər şey qaydasındadır.
- Sosial şəbəkələrdə apardığımız müşahidələr göstərir ki, İranın təbliğat ruporu rolunda çıxış edən bəzi səhifələrdə sizinlə bağlı xoşagəlməz statuslar paylaşılır. Maraqlıdır, sui-qəsd olayından sonra sizə yenə təhdid mesajları yazırlarmı?
- Xeyr, sui-qəsddən sonra heç bir təhdid mesajı almamışam.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.