Ermənistanda tapılan hərbçilərimiz həbs edildilər

İrəvanda ümumi yurisdiksiya məhkəməsi Naxçıvanda itkin düşüb Ermənistanda tapılan iki azərbaycanlı əsgəri həbs edib.
Sozcu.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Nəzarət qurumu cinayət işinin istintaqının gedişi barədə ictimaiyyətə vaxtaşırı məlumat verəcək. Daha əvvəl ombudsman Anahit Manasyan istintaq təcridxanasında olan Azərbaycan əsgərlərinə baş çəkib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi itkin hərbçilər Aqşin Bəbirovun 10, Hüseyn Axundovun isə 13 aprel tarixində əsir götürüldüklərini təsdiqləyib.



Oxşar Xəbərlər

Xəbər lenti