8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İslam dövlətləri- yəni islam şiyə, islam vahhabi, islam xilafəti və s. radikal cərəyanların ideologiyaları əsasında dövlətlərin yaranması tarixin bağışlanmaz səhvləri adlandırıla bilər. Belə dövlətlərdə insan haqları, insan rifahı, demokratiya, plüralizm və s. haqqında danışmaq qeyri-mümkündür. Bu dövlətlərdə yaşayan bütün millətlərin, etnosların, siniflərin və fərdlərin-yəni hamının hüquqları hər zaman pozulmağa məhkumdur.
Eyni hadisələr fərqli və oxşar şəkildə çoxqütblü dünyanın qütb dövlətləri olan ABŞ-da, Avropada, Rusiyada, Çində və s. baş verir. Burada ona görə oxşar və fərqli hüquqpozmalar terminini işlətdim ki, ABŞ və Avropa öz daxilində təsadüfi halları nəzərə almasaq həqiqətən də demokratiya nümunəsidir. Son 40 ilin təcrübəsi göstərdi ki, demokratiya və insan haqlarının nümunəsi olan bu dövlətlər digər dövlətlərə, başqa dinə mənsub olan insanlara qarşı bir faşist kimi davrana bilirlər. Bütün dünya gördü ki, son 40 ildə ABŞ və Avropa digər dövlətlərə, digər dinə mənsub olan insanlara qarşı 70 il bundan öncəki alman faşızminin törətdiyi hərəkətlərdən daha qəddar hərəkətlər etdilər. Onlar Vyetnamda, Əfqanistanda, İraqda, Liviyada, Suriyada 10 milyonlarla günahsız insanları qətlə yetirdilər, fabrik və zavodları, şəhərləri və insan məskənlərini məhv etdilər. ABŞ ikinci dünya müharibəsinin sonunda heç bir ehtiyac olmadığı halda özünün atom bombalarının sınağı naminə, dünyanı qorxuzmaq naminə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini yerlə- yeksan etdi, onların əhalisini tamamilə məhv edərək dünya tarixinin ən qanlı cinayətini törətdi. Yəni Trumendən bu günə kimi ABŞ prezidentləri faktiki olaraq öz dövlətlərində demokratiyanın və insan haqlarının qarantı olsalar da digər dövlətlərə və insanlara qarşı Hitlerdən daha betər, daha qəddar formada hərəkətlər etdilər.
Bu günkü İran Avropanın orta əsrlərdəki səviyyəsindədir. Bu günkü İran məhkəmələri Avropadakı orta əsrlərin inkvizisiya məhkəmələrinin eynidir. Ona görə də bu gün İranda işsizliyə və korrupsiyaya qarşı mübarizə aparan insanların haqq işini dünya dəstəkləyir. İran prezidenti Həsən Ruhaninin özü də, onun müşavirləri də etiraf edirlər ki, "ölkə vətəndaşlarının işsizliyə və korrupsiyaya qarşı mübarizələri ədalətlidir və lazımdır". Bu mübarizələr hökuməti daha doğru istiqamətə, daha doğru seçim etməyə yönəldə bilər.
Belə olan halda İranda yaşayan 30 milyon Azərbaycan türklərinin susması, "Bu bizim davamız deyil" deyən azərbaycanlı fəalların mövqeləri başa düşülən deyil və səhv bir mövqedir. Azərbaycanlı türklər İran cəmiyyətinə və dünyaya mesaj verirlər ki, bu gün İranda baş verənlər-yəni işsizliyə və korrupsiyaya qarşı mübarizə azadlıq uğrunda mübarizə deyil. Belə çıxır ki, azadlıq uğrunda mübarizə ancaq Cənubi Azərbaycanın İran dövlətindən ayrılaraq müstəqil dövlət qurmasından, yaxud da Şimali Azərbaycan dövləti ilə bütöv dövlət yaratmasından ibarətdir.
Eyni fikirlər uzun illər bundan öncə də Cənubi Azərbaycan türklərinin fəalları tərəfindən dəfələrlə səsləndirilmişdi.
1988-ci ildən bəri azadlıq mübarizələrinin mərkəzində olan bir insan və alim olaraq "Bu dava bizim davamız deyil" deyən cənublu qardaşlarımıza bəzi iradlarımı bildirirəm:
İşsizliyə və korrupsiyaya qarşı mübarizə insan haqları uğrunda mübarizədir.
İnsan haqları uğrunda mübarizə azadlıq uğrunda mübarizənin tərkib hissəsi və başlanğıcıdır.
İşsizliyə və korrupsiyaya qarşı mübarizə demokratiya uğrunda mübarizənin başlanğıc mərhələsidir.
İnsan haqları və demokratiya uğrunda mübarizələr olmadan azadlıq uğrunda aparılan mübarizələrin effekti sıfıra bərabərdir.
Birdən-birə azadlıq uğrunda aparılan mübarizələr çoxlu qanlar, qırılmış talelər və günahsız insan ölümləri, şəhərləri və kəndləri dağılan ölkələr deməkdir.
Bu gün Cənubi Azərbaycan fəallarının farsların və ərəblərin işsizlik və korrupsiyaya qarşı mübarizələrini dəstəkləməməsi və "Bu dava bizim davamız deyil" söyləmələri belə deməyə əsas verir ki, sabah hökumət farsları və ərəbləri işlə təmin etsə, farslar və ərəblər yaşayan ərazilərdə işsizliyi və korrupsiyanı azaltsa, Təbrizdə və digər Azərbaycan şəhərlərində iş yerlərini bağlayıb, korrupsiyanı çiçəkləndirsə doğru hərəkət edəcək.
Bu hadisələr zamanı Cənubi Azərbaycanlı fəalların yazılarından, internet televiziyadakı çıxışlarından oxudum və eşitdim ki, bu hərəkətlərin arxasında dayanan Xameneyidir, Əhmədi Nejatdı və s. Ona görə də "Bu dava bizim davamız deyil". Əziz soydaşlarımız! Tutaq ki, düz deyirsiniz. Bu teatrı Xameneyi və Əhmədi Nejat düzəldib. Nə olsun. Lap yaxşı. Bu hərəkətlərin kimin tərəfindən yaradılması əsas deyil. Əsas olan odur ki, bu hərəkətlər İranda işsizliyə və korrupsiyaya qarşı yönəlib.
Həmişə Şimali Azərbaycandan olan fəallar da azadlıq mübarizəsini Cənubi Azərbaycanlı fəallar kimi təsəvvür edirlər. Onlar da ancaq Cənubi Azərbaycandakı soydaşlarımızın insan hüquqları uğrunda mübarizələr apardıqlarını, onların dilində məktəblər olmadığını bəyan etməklə kifayətlənirlər.
Bunlar düzdür, amma kifayət deyil. Əsl mübarizə İranda yaşayan bütün millətlərin çəkici bir nöqtəyə vuraraq işsizliyə və korrupsiyaya qarşı birgə mübarizə aparması olacaq. İran farsların, Azərbaycan türklərinin, ərəblərin və s. millətlərin iradəsilə demokratik və hüquqi dövlət olacaq.
Biz həmişə cənublu soydaşlarımızı dəstəkləmişik, bu işimizdən qürur duymuşuq.
Cənublu qardaşlarımız İranın Ermənistanı dəstəkləməsinə, Ermənistana dayaq durmasına, bununla da Azərbaycan torpaqlarının Ermənistanın işğalında qalmasına şərait yaratmasına etiraz etməlidilər.
Eyni zamanda azərbaycanlıları, farsları, ərəbləri və s. Trampa uymamağa, aldanmamağa çağırıram! Onun "Lazım olan anda İran xalqının yanında olacağıq" deməsinə inanmayın. Tramplar, Obamalar, Trumenlər, Niksonlar və s. Xirosima, Naqasaki, Vyetnam, Əfqanıstan, İraq və Liviya, Suriya, milyonlarla günahsız insanların ölümü, genosidlər, dağılmış şəhərlər və ölkələr deməkdir!