Emin Əmrullayevdən təkrar sertifikasiyadan keçə bilməyənlərlə bağlı AÇIQLAMA


Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.

Nazir qeyd edib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq:

"Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır".

Xatırladaq ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti