25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İrandakı mövcud rejim məzhəbdən siyasi məqsədi və nüfuzunu qorumaq üçün istifadə edir. Ona görə də onun islam təbliğatı dindaxili qarşıdurmaya daha çox xidmət edir. Tehran bu yolla özünü islam dünyasından ayıraraq, güclü görünməyə səy edir.
Onun islam təbliğatından belə qənaətə gəlmək olur ki, müsəlman aləmində iman və xidmət məsələsində ən böyük Qum və onun ideoloji xəttidir.
İran hakimiyyəti bu istiqamətdə hikkə və iddiasını reallaşdırmaq məqsədi ilə müxtəlif ölkələrdə pozuculuq fəaliyyəti məşğul olur. Ayətullah Ruhullah Xomeyninin “İslam inqilabı doktrinası”nın ixracı üçün terrorçu təşkilatlar qurulur. Onların dövlət büdcəsindən, yaxud dövlətin nəzarətində olan qeyri-leqal mənbələrdən maliyələşdirildiyinə dair xəbərlər yayılır.
1982-ci ildə İran İsrail qüvvələrinin Livanın cənub ərazilərindən çıxarılması məqsədi ilə “Hizbullah”ı yaradıb. Bu təşkilatın həm siyasi, həm də hərbi qolu fəaliyyət göstərir. Onun hazırkı lideri Seyid Həsən Nəsrullahdır. İranın maliyyələşdirdiyi bu siyasi-silahlı birləşmənin 12 minədək döyüşçüsünün olduğu bildirilir.
Fələstinin “İslami-Cihad” təşkilatının da İrandan maliyyələşdirildiyinə dair məlumatlar var. Onun başlıca məqsədi “İslam dövləti” yaratmaq və cihad yolu ilə İsraili məhv etməkdir. Bu qurum 1970-ci illərin sonlarında Misirdə ”Müsəlman Qardaşları”ndan olan fələstinlilər tərəfindən yaradılıb. “İslami Cihad” ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Kanada, Avstraliya və İsraildə terrorçu təşkilat elan edilib. Qrup müasir ərəb hökumətlərinin əksəriyyətinə düşmən münasibət bəsləyir, çünki onlar Qərblə əlaqələr saxlayır və onun güclü təsiri altındadırlar. Əvvəlcə qrup Misir ərazisindən fəaliyyət göstərib. 1981-ci ildə Misir prezidenti Ənvər Sadatın qətlindən sonra rəhbərlik Qəzzaya köçmək qərarına gəlib. 1987-ci ildə başlayan ilk intifad zamanı “İslami Cihad” liderləri Livana köçüb və orada İranla birbaşa əlaqə qurublar.
İranın Yəməndə dəstəklədiyi husilər də eyni hədəfə xidmət edirlər. Əfqanıstanda “Fatimiyyun”, Suriyada “Zeynəbiyyun” kimi “hizbullah”a oxşar qruplaşmalar da Xomeyni “ideyalarının” yayılmasına xidmət edir.
Belə qruplaşmalardan biri də Azərbaycanda dövlət quruluşunu dəyişmək üçün yaradılan “Hüseyniyyun”dur. Sentyabrın 3-də İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin İraqdakı nümayəndəsi Seyid Müctəba Hüseyni bu qruplaşmanın Nəcəf-Kərbəla yolundakı çadırına gələrək, onlarla görüşüb. Görüşdə Azərbaycana qarşı məsələlər müzakirə olunub. Görüşün sonunda ayətullah Hüseyni ayətullah Xamneyinin İraqdakı nümayəndəliyi adından “Hüseyniyyun”a “İmam Hüseyn bayrağı” hədiyyə edib.
Xameneinin nümayəndəsinin İraqda Nəcəf-Kərbəla yolunda “Hüseniyyun”la görüşü xüsusi simvolik məna daşıyır. Onlar göstərmək istəyir ki, bu yolda dayanmaq, durmaq yoxdur.
İranın ali rəhbərinin nümayəndəsinin bu qruplaşmanın üzvləri ilə görüşü bir daha sübut edir ki, Tehran rejimi Azərbaycan Respublikasının daxili işinə qarışır. O, Azərbaycanın dövlət quruluşunu dəyişməkdə maraqlıdır. Hətta bu məqsədlə “Hüseyniyyun” tipli təşkilatlar da yaradıb. Rəmzi “bayrağın” verilməsi də İranın onu himayə etdiyinin göstəricisidir.
İran Suriyada, İraqda, Yəməndə, Livanda, Fələstində və başqa ölkələrdə oynadığı pozuculuq fəaliyyəti Azərbaycan da davam etdirmək niyyətindədir. O, Ermənistan kartı ilə yanaşı, Azərbaycana “Hüseyniyyun” adlı fərarilər vasitəsilə də təzyiq edə bilər.
Presssklub.az