"Keçmiş nazir qanunsuz işçi götürüb, məni cəzalandırıblar" - Naxçıvan KTN-də nə baş verib?


Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Zəkəriyyə Gözəlovla nazirlik arasında məhkəmə çəkişməsinin təfərrüatları bəlli olub. 

Zəkəriyyə Gözəlov Qaynarinfo-ya açıqlamasında bildirib ki, keçmiş nazir Bəhruz Bayramovun dövründə 5 nəfər işə götürülüb. 

"Lakin həmin şəxslər müsahibə və müsabiqədən keçmədən işə götürülüb. Həmin vaxt mən məzuniyyətdə olmuşam” deyən keçmiş aparat rəhbəri əlavə edib ki, Bəhruz Bayramov işdən çıxarıldıqdan sonra bu işin məsuliyyəti onun üzərinə qoyulub. 

"Yeni rəhbərlik nədən həmin şəxslərin işə götürülməsinə mane olmadığımı deyərək bu məsələyə görə məni ittiham edib. Mən isə onlara izah etdim ki, əvvəla, nazirə təsir edə bilmərəm, ikincisi, həmin vaxt mən məzuniyyətdə olmuşam”, deyə Zəkəriyyə Gözəlov vurğulayıb. 

Keçmiş aparat rəhbəri bildirib ki, bundan sonra işdən çıxarılıb. 

Zəkəriyyə Gözəlov isə bununla bağlı məhkəməyə müraciət edib. Lakin Naxçıvan İnzibati Məhkəməsi onun iddiasını təmin etməyib. 

Keçmiş Aparat rəhbəri apellyasiya şikayəti verib:

"Hazırda iş apellyasiya mərhələsindədir. Hələ ki, məhkəmə olmayıb".

Məlumat üçün deyək ki, keçmiş Aparat rəhbərinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Bu ilin fevralında Naxçıvan MR kənd təsərrüfatı naziri Bəhruz Bayramov vəzifəsindən azad edilib. O, 2020-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi. Bəhruz Bayramov işdən çıxarılanda media onu Vasif Talıbovun kadrı kimi təqdim edirdi. 



Oxşar Xəbərlər

Xəbər lenti