Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

4 İyul 2025-ci il tarixində  Qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində Azərbaycan tarixinin yeni bir səhifəsi yazıldı. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO)     17-ci Zirvə görüşünə ev sahibliyi edən bu tarixi məkan qlobal  siyasi gündəmdə təkcə  mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan  bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.

    Vətən müharibəsi başa çatdığı gündən qürurverici hadisələrindən biri də azadlığına qovuşmuş  torpaqlarımızda beynəlxalq tədbirlərin- Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün keçirilməsi oldu.

   Prezident cənab İlham Əliyevin 17-ci Zirvə görüşündəki çıxışında ilk olaraq tədbir iştirakçılarını Qarabağda Xankəndidə salamlamaqla, bu görüşün məhz burada keçirilməsinin rəmzi və siyasi əhəmiyyətinə toxundu. Qazaxıstana təşkilata sədrliyi dövründə göstərdiyi uğurlu fəaliyyətə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın artıq üçüncü dəfə bu mühüm Zirvə görüşünə ev sahibliyi etdiyini vurğuladı.

 30 il davam edən  işğal dövrünün əsas hədəfi olan “Azərbaycan bayrağının Qarabağda,  o cümlədən  Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan bayrağı ilə birlikdə dalğalanır. Bu məkanda  beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya  mühüm mesajlar ünvanlanır.

Çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərini bir daha diqqətə çatdırdı. İşğal dövründə Ermənistanın törətdiyi dağıntıların miqyası və vandalizm faktları dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Mədəni və dini abidələrin məhv edilməsi, qəbiristanlıqlarda da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb . Dövlət başçısı, həmçinin Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışaraq, xalqımızın işğalla heç vaxt barışmadığını və torpaqlarını azad etdiyini bildirdi. Ermənistanın məcburi şəkildə kapitulyasiya aktını imzalaması və nəticədə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bu çıxışda əsas məqam kimi yer aldı.

   “Böyük Qayıdış” proqramının uğurlu icrası və artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin geri dönməsi faktı da diqqət mərkəzində oldu. Hazırda azad edilmiş torpaqlarda 50 mindən çox insanın yaşaması və fəaliyyət göstərməsi Azərbaycanın gələcəyə verdiyi önəmin göstəricisi kimi dəyərləndirildi.

   Prezident cənab İlham Əliyev çıxışında Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların qayıdış hüququnun təmin olunması məsələsinə də xüsusi yer ayırdı. O, bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların qəbul etdiyi sənədlərdən bəhs edərək, Azərbaycanın prinsipial mövqeyini ifadə etdi. Çıxışının sonunda bölgədə davamlı sülhün, iqtisadi tərəqqinin və qarşılıqlı əməkdaşlığın zəruriliyini qeyd edən cənab Prezident, Azərbaycanın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirdi. Tarixi və siyasi önəm daşıyan bu görüş Azərbaycanın regional lider rolunu bir daha təsdiqlədi.

 

Dilbər Əliyeva

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti