Azərbaycana da gəlib çatdı - Necə qorunaq?


Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Sozcu.info xəbər verir ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.

Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb. Lakin virusun dünyada yayıldığını nəzərə alsaq, statistik rəqəmlərin yüksəlmə ehtimalı qaçılmazdır.

Bəs meymunçiçəyi xəstəliyi nədir? Hansı əlamətlərlə özünü biruzə verir? Ondan necə qorunmaq olar?

Məlumat üçün bildirək ki, meymunçiçəyi xəstəliyi nadir, lakin yoluxucu virus infeksiyasıdır. Əsasən qərbi və mərkəzi Afrikada yayılmış xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox” virusu adı verilib. İlk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib. Həmin ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib. Xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

Meymunçiyəyinə necə yoluxurlar?

Meymunçiçəyi zoonoz virus xəstəliyidir, yəni insanlara heyvanlardan keçən xəstəlikdir. Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızartılardan yoluxmaq mümkündür. Meymunçiçəyi dəridə yaralar və qızdırma ilə özünü göstərir. Xəstəliyin əlamətləri arasında qızdırma, baş ağrısı və bədənin müxtəlif hissələrində səpkilər yer alır. Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də yoluxma riskini artırır.

Həmçinin virusun insandan insana keçmə halları da var:

• Yoluxmuş şəxsin paltarından, yataq dəstindən və ya istifadə etdiyi dəsmalından;

• Dəridə olan sızanaqlar, qabarcıqlar və qızarıqlarla təmas etdikdə, həmçinin cinsi əlaqə zamanı;

• Yoluxmuş şəxslə yaxın məsafədə ünsiyyət zamanı (hava-damcı yolu ilə) bu virus insandan insana keçə bilir.

Simptomlar

Yoluxmadan sonra ilkin simptomların yaranma müddəti (inkubasiya dövrü) adətən 7-14 gün arasıdır, xəstəliyin intensivliyindən asılı olaraq isə bu vaxt 5-21 gün arası dəyişə bilər. İnsanlarda xəstəliyin simptomları suçiçəyi virusunun törətdiyi xəstəliklə oxşardır, lakin daha yüngüldür. İlkin simptomlara aiddir:

• Yüksək hərarət;

• Baş ağrısı;

• Yorğunluq;

• Halsızlıq;

• Limfa düyünlərinin şişməsi.

Mütəxəssislərin bildirdiyinə görə, meymunçiçəyi və suçiçəyi xəstəliklərini bir birindən fərqləndirən xüsusiyyətlərdən biri odur ki, suçiçəyi xəstəliyi zamanı limfa düyünlərinin şişməsi (limfadenopatiya) baş vermir.

Dəridə səpkilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpkilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpkilər əmələ gəlir.

Yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik). Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır. Xəstəlik ümumilikdə 2-4 həftə davam edir.

Normalda yoluxmuş insanlar müalicəsiz də sağalırlar. Buna baxmayaraq, virusun ağır ştamları ilə yoluxduqda 5% hallarda ölüm halları baş verə bilər. Statistikaya əsasən, virusun yüngül formaları yalnız 1% ehtimalla ölümcüldür.

Necə qorunmaq olar?

Meymunçiçəyi virusuna yoluxmanın qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər:

• Simptomlar müşahidə edilən şəxslərlə və virus daşıya bilən heyvanlarla təmasdan çəkinmək;

• Əl gigiyenasına xüsusi önəm vermək;

• Xəstələrlə təmasda olarkən fərdi qoruyucu vasitələrdən istifadə etmək lazımdır.

Qeyd edək ki, səhiyyə təşkilatları artıq ABŞ, Kanada, Avstraliya, İspaniya, Portuqaliya, Böyük Britaniya və bir sıra digər ölkələrdə bildirilmiş meymunçiçəyi halları barədə məlumat veriblər.

Qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti