22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Hurriyyet.az xəbər verir ki, Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevin APA-ya müsahibə verib. Müsahibənin rus və türk dilləri ilə bağlı olan hissəsini təqdim edirik.
- Rus və türk dilləri ilə bağlı çıxışınızın belə səs-küy yaradacağını düşünürdünüz?
- Qətiyyən! Ağlıma da gəlməzdi. Ancaq təhqir eləyənlər məni haqlı çıxardılar. Bu, natamamlığın nəticəsidir. Haqqımda deyilənlərə qulaq asmıram. Burda mövzu rus sektoru deyil. Ölkəmiz hansı yollarla inkişaf eləyəcək? Məqsədimiz var idi – Qarabağ. Müstəqilliyimizin adı Qarabağ idi. 30 illik tariximiz bitdi. Yeni tarix başlayır.
- Sizcə bu yeni tarixdə rus dilinin yeri olacaq?
- Əlbəttə! Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir. Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir.
Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər.
Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar
- Deyirlər ki, rus dili müstəmləkəçinin dilidir.
- Hindistanda, Pakistanda hamı ingiliscə bilir. Rus dili də dünyada 6 beynəlxalq dildən biridir. Mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridəqalmışlardır. Rus dili bu gün də bizə lazımdır, çünki dünya dilidir.
Bizim kimi kiçik xalqlar mədəniyyətini öz dilində yaradır, ancaq təhsili başqa dildə alır. Təhsil mütləq böyük xalqların dilində alınmalıdır. Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar. Çünki natamamdırlar. Adamlar baxırlar ki, Bakıda fərqli dildə danışılır, əsəbiləşirlər, çünki bilmirlər, başlayırlar pisləməyə. Heç kim heç kimə üstdən-aşağı baxmır. Mənim kiçik qızım rus sektorunda oxuyur, deyir ki, bizdə Azərbaycan sektoru çox güclüdür.
- Rus sektorlarının bağlanması məsələsi də müzakirə olunur. Əsas gətirirlər ki, vətəndaşların vergisi ilə dövlət məktəblərində xarici dildə təhsil olmamalıdır.
- Sənin verginlə uşaqlara dil öyrədirlər. Rus sektoru çox yaxşı nəsil yetişdirir. İnsan bədənində elə orqan var ki, kiçikdir, amma o olmasa, olmaz. Rus dili də belədir. Qarabağı qaytardıq, başımızı əymədik. Başqa nə lazımdır?
Nizami Gəncəvi fars dilində yazıb. Onun əsərlərinin rus dilində tərcüməsi Azərbaycan dilində tərcüməsindən daha keyfiyyətlidir. Bunu mütəxəssislər də təsdiqləyir.
İnsan bilmədiyindən qorxur. Bu da belə bir şeydir.
- Türk dili təhlükəsini hansı məqamlarda hiss edirsiniz?
- Seriallar sayəsində dilimiz aşınır. Oxşar dillər olduğuna görə dilimiz ciddi təsirə məruz qalır. Bunu mən yox dilçilər, yazıçılar deməli idi. Bu gün Türkiyədə balaca bir qəsəbədə Aytmatova büst qoyublar. O, hansı dildə yazıb? Rus dilində. Ancaq, məsələn, ermənilərin ən böyük şairi hesab olunan Sayat Nova da azərbaycanca yazırdı.
Bu sözlərimə görə məni vətən xaini elan elədilər.
Onlar “Böyük qardaş” sindromundan əziyyət çəkirlər.