Azad Şuşam, azadlığın mübarək!


 

1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı! Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

  Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Ermənistanın öz acı məğlubiyyəti öz dillərindən hələ çoxdan eşidilirmiş. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. 

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir. 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi. Azərbaycan nəinki Qafqaz regionu üçün, ümumilikdə bütün dünyanın gələcək taleyi üçün təhlükə törədə biləcək terror yuvasını təmizləyir. Azərbaycan həm də Ermənistanın Gürcüstanın Samtsxe-Cavaxeti diyarına, Qara dəniz sahili bölgələrinə, Rusiyanın Krasnodar, Soçi kimi strateji əhəmiyyətli ərazilərinə, İran İslam Respublikasının şimal-qərb bölgələrinə sərsəm iddialar irəli sürməsinin qarşısını alır.

Bu gün isə dilimizdə, qəlbimizdə bir nida var: Azad Şuşam, azadlığın mübarək!

 

Arzu Miriyev

Suraxanı rayonu, Q.Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti