13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Milli Məclisin Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlərlə bağlı diqqətçəkən açıqlama verib.
Sozcu.info xəbər verir ki, yenisabah.az-a danışan deputat son zamanlar həm diaspor, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin müxtəlif çətinliklərlə üzləşdiyini bildirib:
“Onsuz da gedən proseslər göstərir ki, Rusiyada istər diaspor fəaliyyəti ilə məşğul olanlar, istərsə də sahibkarlıqla məşğul olanlar son dövrlər artan təzyiqlərlə üz-üzə qalırlar. Bu isə müəyyən mənada gərgin mühitin yaranmasına səbəb olur. Əslində, Yekaterinburq hadisələrindən əvvəl də münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdu. AZAL-a məxsus təyyarənin vurulması, Rusiyanın buna görə üzr istəməməsi, təzminat ödəməməsi və istintaq tədbirlərinin nəticəsini hələ də açıqlamaması vəziyyəti daha da mürəkkəbləşdirib. Qazaxıstan tərəfi qəza ilə bağlı ilkin hesabat yaymışdı, amma Rusiya bu hesabatın açıqlanması üçün əlavə bir il vaxt istəyib”.
Deputat vurğulayıb ki, bu təzyiqlər müxtəlif səbəblərlə – həm strateji, həm də siyasi maraqlarla əlaqəlidir:
“Müxtəlif istiqamətlərdə təzyiqlər var. Əgər hansısa məsələlər varsa, onlar hüquqi müstəvidə həll olunmalıdır. Azərbaycan tərəfi kobud siyasət yürütməyib, atdığı addımlar adekvat olub. Konkret hadisələrin fonunda Azərbaycanın mövqeyini təsdiqləyən yanaşma sərgilənib. Amma Rusiya tərəfi eskalasiyada maraqlı görünür, zaman-zaman vəziyyəti daha da qəlizləşdirir”.
Azər Allahverənov iki gün əvvəl Sankt-Peterburqda beş azərbaycanlı iş adamının saxlanılmasını da diqqətə çatdırıb:
“Polis həmin şəxsləri bölməyə apararaq müxtəlif ittihamlarla – vergidən yayınma, qanunsuz fəaliyyət və sair – bağlı sorğu-suala cəlb edib. Amma vəkillər belə onların niyə saxlanıldığını dəqiq bilmirlər. Hətta yüksək vəzifəli bir polis əməkdaşı da eyni səbəblərlə saxlanılıb. Bu da göstərir ki, məqsədli şəkildə azərbaycanlılara qarşı sərt yanaşma formalaşdırmağa çalışırlar. Söhbət təkcə etnik azərbaycanlılardan getmir, əsas məsələ ondan ibarətdir ki, həmin şəxslər Azərbaycandan olanlardır”.