8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Biletlərin baha olması, inhisarçılıq, ölkənin hava məkanına digər şirkətləri buraxmaq istəməmək, Azərbaycana uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunması həmişə "Azərbaycan Hava Yolları" QSC-nin (Azerbaijan Airlines -AZAL) tənqidçiləri üçün əsas dəlillər olub. İndi isə, Rusiyanın "Pobeda" ("Победа") şirkətinin avqustda etdiyi kimi, xarici aviaşirkətlər də bu barədə açıq danışmağa və qapını çırparaq getməyə başlayıblar.
"Pobeda" uduzdu
Artıq məlum olduğu kimi, "Aeroflot" Şirkətlər Qrupuna daxil olan "Pobeda" büdcə aviaşirkəti 2017-ci ilin qış cədvəlində Rostovdan Azərbaycan paytaxtına olan reyslərini yeniləməmək barədə qərar qəbul edib. Təyyarə şırkətinin mətbuat katibi Yelena Selivanova bildirib ki, Bakı Hava Limanının tarifləri onlara uçuşları davam etdirmək üçün imkan vermir və əks halda biletlərin qiymətini artırmaq lazım olardı. Bununla bərabər, aviaşirkət qış cədvəlində Tiflisə uçuşlarını ləğv etməyib. Şərh üçün "Turan" AZAL-a müraciət edib, lakin şirkətdə sorğunu cavabsız qoymağı qərara alıblar və bununla da dolayısı ilə Rusiya loukosterinin (ing. "low-cost" - aşağı qiymətlər. Çox ucuz aviabiletləri nəzərdə tutan daşımalar modeli üzrə işləyən təyyarə şirkətləri) haqlı olduğunu təsdiqləyiblər. Və bu zaman yada düşür ki, bir çox ekspertlər "Buta" Milli Loukosterinin yaradılmasına münasibət bildirərkən, təxmin etmişdilər ki, bu, azbüdcəli aviaşirkətlərin Azərbaycan hava məkanından sıxışdırılıb çıxarılması üçün edilir. "Pobeda" şirkətini AZAL-ın yeni siyasətinin ilk qurbanı saymaq olar.
"Baha" Milli Loukoster
Birinci mərhələdə "Buta Airways" Bakıdan Moskvaya ("Vnukovo" Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tiflis və Tehrana uçuşları yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu il oktyabrın 29-dan) şirkətin marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq şəhərləri də əlavə olunacaqdır. Qeyd etmək lazımdır ki, milli loukoster orta statistik azərbaycanlının da ümidlərini doğrultmur.
"Buta Airways"də bütün istiqamətlər üzrə minimal qiymət bir tərəfə 29 avro təşkil edəcək.
Loukosterin "Buta Airways" reyslərində təklif etdiyi əlavə xidmətlər (yükün, əl yükünün aparılması, göyərtədə isti xörəklər), eləcə də təyyarədə yer seçimi ödənişli olacaq. Başqa sözlə, bir tərəfə 29 avro sərnişinin təyyarəyə heç nəsiz minmək haqqıdır. Belə bir sərnişini təsəvvür etmək mümkün deyil. Deməli, avronun manata nisbətən məzənnəsi, həmçinin "Azərbaycan Hava Yolları" QSC-də qiymətlər nəzərə alınmaqla və baqaj olduqda, milli loukosterdə hər iki tərəfə uçuş, ən azı, 170-200 manata başa gələcək. Özü də bir şərtlə ki, sərnişinin bəxti gətirə və ən ucuz bilet tapa bilə. Məlum olub ki, azad satışda belə bilet yoxdur: onlar artıq turizm şirkətlərinə satılıb, sonuncular isə, öz növbəsində, həmin biletləri özlərinin qiymət artımı ilə təklif edirlər. Məsələn, turizm şirkətlərindən biri öz rəsmi saytında xəbər verir ki, "Buta Airways"də Antalya, İstanbul, Moskva, Tehran, Tiflis, Kiyev, Mineralnıye Vodı, Kazan istiqamətləri üzrə biletlər 135 manatdan başlayır və bu məbləğə heç nə, hətta əl yükü belə daxil deyil.
Beynəlxalq aviaşirkətlərin reyslərində Bakı və Tiflis arasında qiymət fərqi
AZAL-da tez-trez belə bir fikri səsləndirməyi çox sevirlər: vergi və digər yığımlar bütün şirkətlərə eyni dərəcədə tətbiq olunur və burada hansısa bir şirkətə xüsusi yanaşma yoxdur. Başqa sözlə, sərnişin daşımaları sahəsində "Türk Hava Yolları" və "Lüfthanza" kimi nüfuzlu şirkətlər xüsusunda tətbiq olunan qiymətlər eyni dərəcədə loukosterlərə də tətbiq olunur. Prinsip etibarilə, bu münasibətin səbəbləri aydındır: iri təyyarə şirkətləri loukosterlərə fərdi yanaşma həyata keçirilməsindən narazı qala bilər. Lakin ekspertlər dəfələrlə Qəbələ aeroportunu loukosterlərin istifadəsinə verməyi və orada nisbətən aşağı qiymətlər təyin etməyi təklif ediblər. Bu halda hər bir şirkət artıq özü bahalı Bakı Hava Limanı və nisbətən ucuz Qəbələ Hava Limanı arasında seçim edəcək. Mövzunun çərçivəsindən kənara çıxaraq, qeyd etmək lazımdır ki, bu, ölkənin regionlarında turizmin inkişafına da kömək edərdi.
Mövzuya qayıdaraq, vurgulayaq ki, Bakı Hava Limanında yüksək vergi və yığımlardan sərnişin daşımaları nəhəngləri də əziyyət çəkir: bu səbəbdən onlar öz biletlərinə yüksək qiymətlər qoymağa məcbur olurlar. "Türk Hava Yolları" və "Lufthansa"nın Bakıdan və Tiflisdən uçmaq üçün biletlərinin qiymətləri strukturunun sadə müqayisəsi tam mənzərəni verir (məqalədə Azərbaycan vətəndaşlarının Tiflisdən edilən uçuşlara olan yüksək marağını nəzərə alaraq, bundan sonra məqalədə bu iki hava limanından edilən uçuşların müqayisəsi aparılacaq - müəllif). Bu, nə üçün bir çox Azərbaycan vətəndaşlarının Avropaya Bakı Hava Limanından uçmaq əvəzinə Bakı və Tiflis arasındakı 500 km məsafəni qət etməyə, sərhəddə saatlarla növbə gözləməyə və Gürcüstan paytaxtından uçmağa üstünlük verdiklərini izah edir. Məsələn, vergilər və sair aeroport yığımları "Türk Hava Yollarının" Bakı-İstanbul reysinə olan biletin qiymətinin dörddə bir hissəsini təşkil edir, halbuki bu göstərici həmin şirkətin Tiflis-İstanbul reysinə olan biletin 1/6 hissəsinə bərabərdir.
Vergi və yığımları "Lufthansa"nın Bakıdan Frankfurta birbaşa reysinə biletin qiymətinin, təxminən, yarısını təşkil edir, amma Tiflis Hava Limanında bu göstərici şirkətin Münhenə reysinə biletin qiymətinin dörddə bir hissəsinə bərabərdir. Bundan başqa, daha fərqli göstəricilər vardır. Məlum olub ki, Bakıdan və Tiflisdən Avropaya hər hansı istiqamətdə (tranzitlə) uçan eyni bir şirkətin biletləri arasında qiymət fərqi, ən azı, adambaşına 200 manat təşkil edir, Əgər həm Bakıdan, həm də Tiflisdən uçan aviaşirkətlərin saytlarına daxil olub eyni tarixdə və eyni istiqamətə bilet axtarışı aparsaq, buna əmin ola bilərik.
AZAL-da təkrar etməyi sevirlər ki, Bakı Hava Limanı 53 istiqamətdə uçan 29 aviaşirkətə xidmət göstərir və şirkətlərin bu sayda olması "Azərbaycan Hava Yolları" QSC-ni tənqid edənlərin haqlı olmadığını göstərir.
Müqayisə üçün, deyək ki, Gürcüstan Mülki Aviasiya Agentliyinin "Turan" Agentliyinin sorğusu üzrə verdiyi məlumata görə, Tiflisə 41 aviaşirkəti, Batumi Hava Limanına 23 aviaşirkəti, Kutaisi aeroportuna isə 5 şirkət uçur. Bəzi aviaşirkətlərin eyni zamanda Gürcüstanın bir neçə hava limanına uçduğunu nəzərə alsaq, onda Gürcüstana ümumiyyətlə 100-dən artıq istiqamətdə uçuşlar həyata keçirən 49 aviaşirkəti uçur.
İki ölkədən Avropa istiqamətində uçuşlar ümumiyyətlə müqayisə edilə bilməz. Qonşu ölkədən Avropaya az qala bütün istiqamətlər üzrə uçmaq olar. Yalnız bir "Wizzair" aviaşirkəti Kutaisidən birbaşa reyslə səkkiz Avropa ölkəsinin 11 şəhərinə uçur. Bakıdan isə bu şirkət yalnız Budapeştə birbaşa reyslə uçur.
Hava Limanı hesabat verdi, amma suallar hələ qalıb
Bakı Hava Limanının hesabatında göstərilir ki, 2017-ci ilin yanvar-avqust aylarında hava limanı təxminən 2,7 mln. sərnişinə xidmət göstərib. Hesabat dövründə "Azərbaycan Hava Yolları" (AZAL) Milli Aviadaşıyıcısının payına 1,61 mln. sərnişin düşüb ki, onlardan 408 mini daxili reyslərlə daşınıb. Amma bu zaman hesabatda bütün sərnişinlərin neçə faizini Azərbaycan vətəndaşlarının təşkil etdiyi göstərilməyib. Bu barədə "Turan" Agentliyindən müvafiq sorğunun göndərildiyi "Azərbaycan Hava Yolları" QSC də danışmaq istəmir. Yazılı sorğu göndərildiyinə baxmayaraq, şirkətdə agentliyi maraqlandıran məsələlər üzrə şərh verməkdən tamamilə imtina ediblər. AZAL-da aşağıdakı suallara cavab vermək istəmədilər:
-2016-2017-ci illər ərzində aeroport yığım və vergiləri nə qədər təşkil edib?
-Göstərilən dövrdə bilet satışından alınan gəlirlər nə qədər təşkil etmişdir?
- Bilet satışı üzrə agentlərə nə qədər pul ödənilib?
- AZAL-ın xidmətlərinə görə ödəniş nə qədər təşkil edib?
Qeyri-şəffaf milli aviadaşıyıcı
Qeyri-şəffaflıq milli aviadaşıyıcısının spesifik xüsusiyyətidir və ona görə də onun suallara cavab verməkdən imtina etməsi heç də təəccüb doğurmadı. Hesablama Palatasının "Azərbaycan Hava Yolları" (AZAL) QSC-də 2015-ci ildə apardığı maliyyə auditinin yekununda bildirilir ki, iki dəfə dövlət satınalmaları üzrə qanunvericiliyin pozulması qeydə alınıb. Bu zaman onların məbləği Palata tərəfindən aviaşirkətin 2015-ci il ərzində maliyyə pozuntularının ümumi həcminin 0,1%-i səviyyəsində qiymətləndirilib. Bir qədər öncə "Turan" artıq yazmışdı ki, AZAL 2015-ci, ondan əvvəlki illər, 2016-cı və bu il bir dəfə də olsun müsabiqə satınalınması keçirməyib, halbuki bu, dövlətin onlarda payının 30% və daha çox olduğu şirkətlər üçün bu məcburidir. AZAL QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. Qanunvericiliyə zidd olaraq, AZAL həmçinin KİV və korporativ İnternet səhifəsində illik maliyyə hesabatlarının açıqlanmasından yayınır. Qanunvericiliyi pozaraq, AZAL-da onun yeddi nəfərdən ibarət İdarə Heyətinin fəaliyyəti üzərində nəzarət üzrə Müşahidə Şurası yaradılmayib
Dövlət büdcəsi üçün yük
Prinsipcə, AZAL Azərbaycan vətəndaşları üçün milli iftixar mənbəyi olmalı idi, məsələn, "Türk Hava Yolları"nın türklər üçün milli qürur olduğu kimi. Lakin yerli aviadaşıyıcı orta statistik azərbaycanlıya onunla fəxr etməyə əsas vermir. AZAL-la bağlı qürur hissini o zaman duymaq olardı ki, qiymətlər (yuxarıda artıq qeyd olunduğu kimi, AZAL-da qiymətlər çox yüksəkdir) münasib, ortabab məvacibi olan vətəndaşa bilet almağa imkan verən səviyyədə olaydı. Qürur doğuran ikinci səbəb o ola bilərdi ki, AZAL Azərbaycan Dövlət Neft Şirkətindən sonra ölkənin ikinci vergi ödəyicisi olub dövlət büdcəsini artıraydı. Məlum olub ki, bizdə ikinci səbəb də yoxdur. 2017-ci ilin əvvəlində vergi amnistiyasının tətbiqindən sonra AZAL-ın 14 mln. 475 min manat məbləğində borcu silindi. Üstəlik, AZAL hər il dövlət büdcəsindən ən azı 10 mln. manat məbləğində subsidiya alır. AZAL-ın dövlət büdcəsi üçün yük olduğunu hökumət üzvləri də gizlətmirlər. Belə ki, jurnalistlərlə söhbətində maliyyə naziri Samir Şərifov aviaşirkət barəsində danışarkən AZAL-ın həmişə hökumətin diqqət mərkəzində olduğunu və ondan daim müxtəlif yardım aldığını bildirib. "Bu yardım, məsələn, yanacağın güzəştli şərtlərlə satışı, dövlət zəmanəti ilə kreditlərin verilməsi və şirkətin borclarının silinməsindən ibarət olur və müxtəlif illərdə həyata keçirilib", - deyə o, qeyd edib.
Azalan reytinq
Azərbaycanlıların iftixar mənbəyi olmalı AZAL öz beynəlxalq reytinqlərini də itirməyə başlayıb. Belə ki, Britaniyanın "Skytrax" firmasının araşdırmaları nəticələrinə görə, "Azərbaycan Hava Yolları" öz mövqelərini pisləşdirərək dünya aviaşirkətləri arasında 71-ci yeri tutur. Halbuki 2016-cı ildə AZAL 70-ci yerdə idi. MDB ölkələrinin aviaşirkətləri arasında AZAL-ı 30-cu yeri tutmuş (2016-cı ildə 40-cı yer) "Aeroflot" və 46-cı yeri (2016-cı ildə 43-cü yer) tutan Qazaxıstanın "Air Astana" şirkətləri qabaqlayır.
"Wizzair" ilə bağlı hadisə və ya sabotaj cəhdi
Təcrübə göstərir ki, milli aviadaşıyıcısının ünvanına edilən çoxsaylı tənqidin heç bir nəticəsi yoxdur. Bəzi hadisələrə görə isə belə bir təəssürat yaranır ki, şirkət rəhbərliyi hətta prezident qərarlarının həyata keçirilməsinə mane olmağı özünə rəva görə bilər. "Wizzair" ilə bağlı hadisə də bunu sübut edir. Macar loukosteri Azərbaycanda iki il (2013-14-cü illər) işlədikdən sonra Bakıya uçuşları həyata keçirməyi dayandırdı və buna səbəb AZAL tərəfindən artıq adi hala çevrilmiş əngəl yaradılması olmuşdur. Bundan sonra, 2015-ci ildə bu şirkətin aviareyslərinin bərpası işini prezident artıq iqtisadiyyat naziri Şahin Mustafayevə həvalə etdi. Məhz o, AZAL-ın rəhbəri Cahangir Əsgərov yox, dövlət başçısının tapşırığı ilə 2015-ci ilin aprel ayında Macarıstan tərəfi ilə danışıqlar apardı və Azərbaycanın bu şirkətin uçuşlarını bərpa etməyə hazır olduğunu onlara bildirdi. Hətta bundan sonra belə AZAL "Wizzair"la bağlı məsələnin həllini uzandırdı və prosesə yalnız Azərbaycan KİV-də hay-küy qaldırıldıqan sonra başladı.
Dünyada analoqu olmayan
Ümumilikdə vəziyyətin mürəkkəbliyi həm də ondan ibarətdir ki, aeroport və aviadaşıyıcı eyni bir şirkətə məxsusdur. Təbii ki, bu cür əlaqələnmə olduğu halda digər şirkətlərə milli hava daşıyıcısı ilə rəqabət aparmaq çətindir və onlar üçün təyin ediləcək qiymətlər yüksək olacaq. Ekspertlər dəfələrlə bildiriblər ki, vəziyyətin yaxşılaşdırılması üçün hava limanı AZAL-ın tabeçiliyindən çıxarılmalı və Cahangir Əsgərovdan asılı olmayan, öz qiymət siyasətinə malik müstəqil qurum olmalıdır. Bu halda AZAL aviaşirkəti digər aviaşirkətlərlə rəqabət aparmağı öyrənməli və müvafiq olaraq, qiymət siyasətini normal məcraya gətirməli, qiymətləri daha münasib etməli olacaq. Digər şirkətlər isə artıq AZAL-dan asılı olmayacaq və hava limanı ilə əməkdaşlıq edərək, öz qiymət siyasətinə düzəlişlər edəcək.
AZALın inhisarçılığı digər aviaşirkətlərə mane olur
İqtisadçı Natiq Cəfərli də hesab edir ki, AZAL-ın inhisarçılığı Azərbaycan bazarına digər şirkətlərin gəlməsinə mane olur. "Azərbaycana uçmaq istəyən bütün şirkətlər öz qiymət siyasətini AZAL ilə razılaşdırmalı, bu şirkətin tələblərini nəzərə almalıdır. Yerüstü xidmətlərin, yanacaq satışının, təhlükəsizlik üzrə xidmətlərin AZAL-a tabe edilməsi şirkətlərin xərclərini artırır və onların gəlirliliyinə mane olur. Belə şirkətlər ya Azərbaycana heç gəlmir, ya da bir müddətdən sonra bu bazarı tərk etməyə məcbur olur", - deyə o bildirdi. O, qeyd edib ki, AZAL-ın inhisarçı vəziyyəti ona digər şirkətlərə qiymətləri qəbul etdirməyə, həmçinin rəqabətin olmadığı şəraitdə işləməyə imkan verir. "Bu yaxınlarda Nazirlər Kabineti AZAL-ın daha gəlirli işləyə bilməsi üçün 1 ton aviasiya kerosininin gömrük rüsumu məbləğini rəmzi 1 manat qədərində müəyyənləşdirib. Lakin buna baxmayaraq, AZAL nəinki qiymətləri aşağı salmır, hətta dövlət büdcəsinə vergiləri ödəmək üçün gəlirli işləmir ", - deyə N.Cəfərli vurğulayıb.