Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur


“Azərbaycan Prezidenti Cənab İlham Əliyev ardıcıl olaraq hər il Davos Dünya İqtisadi Forumunda iştirak edir və ölkəmiz üçün olduqca səmərəli təmaslar qurur, müzakirələr, görüşlər keçirir. 2026-cı il, yanvarın 19-23-ü tarixlərində baş tutan Davos Dünya İqtisadi Forumu çərçivəsində də ölkə rəhbəri iştirak edir və təmasları genişləndirir. Əvvəlki illərin təcrübəsinə diqqət yetirsək görərik ki, bu platformada ölkə prezidentinin iştirakı Azərbaycana yeni-yeni investisiyaların cəlb edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından hər zaman istisnasız olaraq səmərəli keçib”.

Bu fikirləri Newscenter.az-a sabiq millət vəkili, siyasi şərhçi Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Davosa səfəri və orada keçirdiyi görüşləri şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bu dəfəki görüşlər də bir daha nümayiş etdirir ki, bu platformada ölkə prezidentinin iştirakı gələcək perspektivlər, uğurlu təmasları təmin edəcək:

“Bir neçə məqamla bunu əsaslandırmaq mümkündür. Birincisi, ölkə prezidenti Forumda iştirak edən ölkələrin dövlət və hökumət rəhbərləri, böyük şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri ilə çox dinamik və səmərəli görüşlər keçirməkdədir. Bu görüşlər zamanı Azərbaycanla həmin ölkələr, təşkilatlar, yaxud şirkətlər arasındakı konkret əməkdaşlığın səviyyəsi müzakirə olunur, gələcək əməkdaşlıq imkanlarına nəzər salınır. Növbəti dəfə görürük ki, Azərbaycan Prezidenti ölkəmizin maraqlarının, iqtisadi prioritetlərinin qorunması istiqamətində yorulmadan çalışmaqdadır. Bu mənada Finlandiya prezidenti, Qətər prezidenti və XİN rəhbəri ilə görüş, Avropa Yenidənqurma və İnkişaf Bankı rəhbərləri ilə görüş və enerji sahəsində aparılan müzakirələr ölkəmizin iqtisadi təmaslarının genişləndirilməsini və siyasi münasibətlərinin inkişaf etdirilməsini şərtləndirməkdədir”.

Elşad Mirbəşiroğlu deyib ki, ölkə prezidenti ikitərəfli görüşlərlə yanaşı, bir sıra platformalarda da çox fəal iştirak etməkdədir:

“Bu mənada “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak etdi və bir sıra məsələlərlə bağlı ölkəmizin mövqeyini ortaya qoydu. Həmçinin, dövlət başçısı gələcək imkanlarından danışdı. Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan və Ermənistan müharibə səhifəsini arxada qoyublar. Bunun özü də bir daha dövlət başçısının sülh mesajı idi. Həmçinin, bizim sülh ritorikamızın səmimiyyətinin göstəricisi idi. Nəzərə almaq lazımdır ki, ölkə prezidenti təmaslar, müzakirələr zamanı həm də iqtisadiyyatımızın strateji sahələri ətrafında da müzakirələrə üstünlük verir. İqtisadiyyatımızın prioritet istiqamətləri üzrə əməkdaşlığa xüsusi önəm verir. Bir sözlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bir daha nümayiş etdirir ki, Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Bu həm ayrı-ayrı dövlətlər, həm də beynəlxalq təşkilatların sərgilədikləri mövqelərdən aydın görünür”.



Oxşar Xəbərlər

Xəbər lenti