“Cavabsız qalmayacaq” o demək deyil ki, İrana hücum edəcəyik”


“Hansısa bir emosiya, yaxud tələskənliyə ehtiyac yoxdur. İran baş vermiş hadisə ilə əlaqədar Azərbaycana izahat verməlidir. Başa düşüləndir ki, hazırda İranda vəziyyət həddən artıq ağırdır. Amma bu ona əsas vermir ki, Tehran məsuliyyətsizlik edib ona dost münasibət göstərən Azərbaycana qarşı belə bir hərəkət etsin”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında polkovnik Üzeyir Cəfərov bildirib.

O, İrandan Naxçıvana dron hücumuna dair Müdafiə Nazirliyinin bəyanatını şərh edib:

“Müdafiə Nazirliyinin bəyanatında hansı cavab tədbirləri nəzərdə tutulub, bunu deyə bilmərəm. Bu qurum özbaşına deyil və onlar başa düşürlər ki, hər cümlə, fikir qarşı tərəfdən öyrənilir və ona reaksiya verilir.

Nazirliyin bəyanatında deyilir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".

Son ifadə, yəni "bu hücum aktları cavabsız qalmayacaq" o demək deyil ki, İrana qarşı hücuma keçəcəyik. Mən şəxsən bunu belə başa düşürəm ki, İrandan Azərbaycan istiqamətində dronların buraxılmasına göstəriş verən şəxslərin məsuliyyətə cəlb olunması tələb olunacaq”.

Ekspert vurğulayıb ki, Naxçıvanın yerləşdiyi coğrafi istiqamətlə əməliyyatların baş verdiyi ərazilər tamam fərqlidir:

"Onların dronları ya normal keyfiyyətdə deyil, ya da panik vəziyyətdə Naxçıvan istiqamətinə yönəldilib. Çünki istiqamətlər tamam fərqlidir. Naxçıvan İranın şimalında yerləşir. Amma aktiv döyüş əməliyyatları cənubda gedir. Bunun izahını yalnız İranın rəsmi qurumları verə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirini dəvət edib və ona etiraz notası təqdim olunub. Düşünürəm ki, İran bu etiraz notasına məsuliyyətli yanaşacaq”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin İran tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına edilən dron hücumu ilə bağlı verdiyi rəsmi bəyanatda mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərin hazırlandığı və bu hücum aktları cavabsız qalmayacağı bildirilib.

Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.



Oxşar Xəbərlər

Xəbər lenti