25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Əfqanıstan – ABŞ-ın xüsusi və NATO-nun ümumən ən davamlı hərbi varlığının mövcud olduğu ölkədir. 11 sentyabr terror hücumlarından sonra Buş Amerikası ilə Bleir İngiltərəsinin müştərək qərarına əsasən, koalisiya qüvvələri "Davamlı Azadlıq Əməliyyatı” adı altında bu ölkəni işğal edib. 7 oktyabr 2001-ci ildən başlayan təcavüzün səbəbi oğul-Buşun "Terrorizmlə Qlobal Savaş” doktrinasıdır.
İşğal NATO çətiri altında 31 ölkədən 5 min 500 hərbçinin iştirakı ilə "Beynəlxalq Dəstək Gücü” (International Security Assistance Force / ISAF) missiyası çərçivəsində icra edilib. ISAF-ın ana missiyası isə başda Kabil olmaqla, təhlükəsizlik və sabitliyi təmin etməklə, Müvəqqəti Əfqanıstan Hökumətinə dəstək idi.
2014-cü ilin sonundan ISAF-ın vəzifəsi tamamlanıb və 2015-ci ildən etibarən NATO-nun yeni vəzifəsi "Qərarlı Dəstək Missiyası”dır (Resolute Support Mission / RSM).
Ərazi hakimiyyəti mübarizəsi
Xarici qaynaqların iddiasına görə, Əfqanıstan hökuməti mövcud vəziyyətdə ölkə ərazisinin – 60, "Taliban” və hökumət əleyhdarı olan digər müxalif ünsürlərin hamısı isə 40%-inə nəzarət edir. Ancaq Əfqanıstan rəsmiləri hökumətin nəzarəti altında olan sahənin haradasa 30%-ə qədər azaldığını deyirlər.
"Taliban”ın hakimiyyətindəki ərazinin genişlənməsinə dair dəlillər ABŞ-ın qurduğu Əfqanıstan hökumətinin həqiqət iflasa doğru getməsinə işarədir. ABŞ, prezidentliyi etnik çoxluğu nəzərə alaraq puştu mənşəli Əşrəf Qaniyə, birinci vitse-prezidentliyi özbək lider Rəşid Dostuma, ikinci vitse-prezidentliyi isə xəzərə mənşəli Sərvər Danişə təhvil vermişdi. Üstəlik Əfqanıstanda baş nazirliyə bənzər rəhbərlik Abdullah Abdullaha məxsusdur.
Mövcud cədvələ baxıldıqda, Nazirlər Kabinetinin yarısı prezident Qəni, digər yarısı isə Abdullah tərəfindən təyin edilir. Digər tərəfdən, prezident Qəni ilə köməkçiləri Dostum və Daniş arasındakı əlaqəni səmimi, güvənli və əməkdaşlıq anlayışı ilə təsvir etmək mümkün deyil.
Qısası, ABŞ-ın qurduğu nizam həqiqətən pozulub, həm iqtidar, həm də müxalifət öz içində dərin bir şəkildə bölünmüş vəziyyətdədir. Bunun əsas səbəbi mərkəzi hökumətin etnik siyasətidir.
Alternativ həllərin axtarışı
"Taliban” təhdidinin xüsusilə son iki-üç ildə sürətli yüksəlişə keçməsi Əfqanıstanda alternativ həll axtarışlarını yenidən gündəmə gəlib. Bu məzmunda iki təməl alternativ həll ortaya qoyulub.
Birincisi, "Blackwater” şirkətinin qurucusu Erik Prinsin dilə gətirdiyi, əfqan ordusu və polisiylə birlikdə çalışacaq 5 min nəfərlik müqaviləli hərbçinin Əfqanıstana göndərilməsidir. Ancaq bu təklif nə ABŞ, nə də əfqan tərəfində ciddi qəbul edilmir. Çünki xüsusi təhlükəsizlik şirkətləri nöqsanlara yol verməklə, bir sıra problemlər yaradır. Buna görə də, müdafiə və təhlükəsizliklə bağlı fəaliyyətlərin xüsusi firmalara verilməsi yerinə, "nizamlı ordu” seçiminə üstünlük verilir.
2001-ci ildən bu yana ölkənin sürükləndiyi xaosun başlıca təqsirkarı xarici müdaxilədir. Hindistan istisna olmaqla, bölgə ölkələrinin əksəriyyəti, ABŞ-ı və Amerikan hərbi qüvvələrini, terrorizmlə mübarizədə tərəfdaş deyil, təhdid kimi görür. Əvvəllər 130-140 minə çatan hərbçi sayının bu gün təxminən 8-9 min olduğuna nəzərən, Trampın, rəsmi olaraq açıqlanmasa da, təxminən 4 min əsgəri Əfqanıstana göndərmə qərarı ölkədəki sülh və təhlükəsizliyin təsisinə ciddi təsir etməyəcək.
İkinci həll alternativi isə Əfqanıstanın etnik-tayfa quruluşlu ölkə olduğu düşüncəsindən hərəkətə keçməklə, qəbilələr arasında, bir növ, vasitəçilik mexanizmini işə salmaqdır. Başqa təbirlə, qəbilələr və hökumət arasında razılıq körpüsü qurulmasını təmin edəcək bir layihə hazırlanmalıdır. Bu mənada, qəbilələrin dəstəyi qazanılmadan, "Taliban”a qarşı hər cür mübarizə qeyri-kafi, qısa müddətli və müvəqqəti olacaq, əsla uğur gətirməyəcək.
Trampın Əfqanıstan strategiyası nə qədər səmimidir?
Trampın prezident kreslosuna oturduğu yanvar ayından bu yana, Əfqanıstan hökuməti Ağ Evdəki yeni administrasiya ilə bağlı müsbət, yaxud mənfi hər hansı bir şərh verməyib, beləliklə, bir növ, qeyri-müəyyənlik havası mövcuddur. Ancaq Trampın Əfqanıstana dair yeni strategiyasını ictimaiyyətə açıqlamasına əfqan siyasətçilərdən ard-arda müsbət təpkilər gəlib.
Qısası, "Taliban”a düşmən olan bütün siyasi tərəflər dil birliyi ilə Trampa məmnunluqlarını çatdırıblar. Halbuki Tramp Əfqanıstandan geri çəkilməyəcəyini və hərbi varlığı artırma planlarından başqa heç nə deməyib, yeni strategiyanın konkret detal paylaşmayıb.
Tramp daha çox ABŞ-ın bütün yardımlarına baxmayaraq, hələ də terrorist ünsürlərə sığınacaq olmağa davam edən Pakistanı tənqid edib.
ABŞ 15 il ərzində Əfqanıstanda 714 milyard dollar xərclədiyini önə sürsə də, əfqan hökuməti və xalqı üçün bu məbləğin konkret dəyəri yoxdur. Məsələn, Əfqanıstanın Yenidən İnşası Ümumi Müfəttişliyinin (Special Inspector General for Afghanistan Reconstruction) hesabatına görə, 2017-ci ilin yanvarından bu yana meydana gələn terror hücumlarında 662 nəfər ölüb, 3 min 500-dən çox vətəndaş yaralanıb. Mart ayında 6 min 252 terror hadisəsi baş verib, ilin əvvəlindən mayın 8-inə qədər isə 2 min 531 Milli Təhlükəsizlik Qüvvələri mənsubu öldürülüb, 4 min 238 nəfəri yaralanıb.
Son 16 ildə ortaya çıxan itki isə 225 mindən çoxdur. Bu mərhələdə, 2,6 milyon qaçqın və ölkə sərhədləri içində yerindən-yurdundan məhrum olub.
Bu müddətdə "Taliban” sülh danışıqları təkliflərini qəbul etməyib. ABŞ-ın bölgədə hərbi varlığını daha da artırma eyhamı təzyiqin yüksələcəyi mənası verir. Trampın Pakistanı terrora dəstək verən ölkə kimi təqdim etməsi isə, Əfqanıstanın açıq dənizlərə çıxışında strateji əhəmiyyətə malik olan Bəlucistan bölgəsinə dair planların olduğunu göstərir.
Başqa sözlə, zəngin yeraltı qaynaqların artıq beynəlxalq bazarlar üçün yeni bir münaqişə zonası yarada biləcəyi Əfqanıstan problemi gələcək dövrdə genişlənə, Pakistan və İranı da əhatə edə bilər.
Mərvə Seren
"Anadolu News Agency”