Sakinlərin torpağını ələ keçirib 4.5 milyon subsidya, 30 milyon manat kredit götürdü

 

Qobustanın Qaracüzlü kənd sakinləri Bələdiyyə sədri Əlikram Musayevlə "iş adamı” Malik Məmmədovun qanunsuz əməlləri ilə bağlı prezidentə müraciət edib

Qobustan rayonu, Qaracüzlü kənd sakinləri - Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya mürasciət edən sakinlər irimiqyaslı korrupsiya faktlarının Qobustan rayon Prokurorluğunda qarşı tərəflə sövdələşmələr nəticəsində rədd edilməsinə etirazlarını bildiriblər:

"Biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı iltarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-nı özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim - 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək, eyni reyestr nömrəli 02 aprel 2016-cı iltarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adı qeyd edilmişdir. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilinaprelin 21-də 14 saylı DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir.

Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə Bizkənd cammatı yalnız 2016-cı ilin oktayabrayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDKDƏDRX-nin 14 saylı Ərai İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olmuşdur ki, "bizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-ə-13 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanmışdır. Torpaq sahələri hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür”.

Rəsmi cavab məktubundan bizlərə aydın olmuşdur ki, torpaqlarımız dəlduzluq yolu ilə - etimadımızdansüi-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər şəxsə satılmışdır. Və çox təəssüflər olsun ki, orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır.

Məsləni araşdırdığımız zaman bizlərə o da məlum olmuşdur ki, "Alıcı” hesab olunan Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən həril 4.5 milyon manat pulu dövlətdən subsidiya alaraq mənimsəmişdir. Digər məlumatlardan biri də budur ki, Malik Məmmədov 2009-cu ildə 526 ha zəbt etdiyi torpağımıza çıxarış aldıqdan sonra təmsil olunduğu "Gilan” şirkətindəki bəzi əlaqələrinin köməkliyilə "AFBBank” ASC-nə əmlakı girov qoymaqla bankdan külli-miqdarda (verilən məlumata görə 30 milyon manat) kredit götürmüşdür. Bu torpaqlarda biznes adamı kimi iş görmək adı altında layihə təqdim etməklə götürdüyü külli-miqdarda krediti o, təyinatı üzrə deyil, tam başqa məqsədlə talan etmişdir. M.Məmmədovun məqsədi də pulu Banka qaytarmaq olmamışdır. Elə "AtaBank” özü də Qəbələ, Oğuz və Şəki rayonu ərazilərində boş torpaq sahələrinə öz adamlarının adına külli-miqdarda girov şərtilə kredit verərək onu problemli kreditə çevirməklə məşğuldurlar. Yəni bankın özü ilə əvvəlcədən gizli razılaşma əsasında M.Məmmədov krediti müflis olmasını bəhanə gətirərək ödəmir. 10-15 min manata ələ keçirdiyi və banka girov qoyduğu torpağımızın taleyi isə onu əsla maraqlandırmır. Ona görə də Malik Məmmədov hər yanda bizim bu məsələ barəsində qaldırdığımız şikayətləri nüfuzu və pulu gücünə öz xeyrinə həll edir. Biz də qalmışıq çıxılmaz vəziyyətdə.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini cənab Canpolad Danovun bizə yazdığı 07 mart 2018-ci il tarixli rəsmi cavab məktubundan aydın olur ki, "Qobustan rayon polis şöbəsində toplanan materiallar üzrə Qobustan rayon Prokurorluğunda araşdırma davam edilərkən cinayət hadisəsi olmadığı və cəlbetmə müddəti keçdiyinə görə AR cinayət Prosessual Məcəllənin 39-cu maddəsinə əsasən cinayət işinin başlanmasınən rədd edilməsi barədə qərar qəbul edilmişdir”. Qobustan rayon Prokurorluğu və Qobustan polis şöbəsi isə gəldikləri və verdikləri əsassız qərarın bir nüsxəsini Qobustan rayonun Qaracüzlü kəndinə göndərməkdə zülm çəkirlər.

Biz DİN-nin cavabına əsasən bir daha qeyd etmək istərdik ki, torpaqlarımıza Şamaxı Reyestr İdarəsindən 2016-cı ildə müraciət edərək çıxarış almaq istərkən rəsmən bildirmişlər ki, sizlərə məxsus 526 ha torpaq sahəsinə 2006-cı ildə Məmmədov Malik xeyrulla oğlunun adına çıxarış verilmişdir. Biz də hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli və yuxarı orqanlara şikayətlər etmişik. Daha nə etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016-cı il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində dövlətdən 526 ha torpaq sahəsinə görə dövlət büdcəsindən "formal” sənədləşmə əsasında oğurlanmış hər ili 4,5 milyon manat dövlət vəsaitinin geri qaytarılması barədə niyə cinayət işi qaldıra bilmir? Əkilmiş taxılı kim və nə vaxt görüb? Görübsə, kimə satılıb və nə qədər dövlətə vergi ödənilib? Torpağın özü "Gilan” firmasının məsul şəxsi olan alıcı Məmmdov Malik tərəfindən özlərinə məxsus "AFB bank”a girov qoyulub, neçə milyon kredit adı altında pul götürülüdüyünü niyə araşdırmaq istəməyib? Qanunda yazılıb ki, dövlət vəsaitinin mənimsənilməsinin vaxtı-vədəsi olur? Ki, cinayət işi başlanmasın? Qanunvericilikdə yazılıb ki, 2004-2005-ci illərdə vəfat etmiş şəxslərin adına özləri etibarnamə almaqla 2006-cı ildə onlara məxsus torpaq sahələrini Malik Məmmədova satsınlar? Görünən budur ki, Qobustan rayon Prokurorluğu qarşı tərəflə sövdələşmələr əsasında bu cinayət faktlarını araşdırmaq və hüquqi qiymət vermək istəməmişdir. Amma Malik Məmmədov Hollivud aktyoru Tom Kruza oxşamır ki, cənab prokuror desin, mən onun boy-buxununa vurulduğum üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdim.

Digər tərəfdən, saxta alqı-satqı-müqaviləsini belə tərəf olaraq imzalamayan "alıcı” hesab edilən Malik Xeyrulla oğlu mətbuata yalvarır ki, aman gündür, qoy prezident seçkiləri qurtarsın, sonra sizlərlə görüşüb danışarıq.

İndi ümidimiz yalnız dövlətimizin başçısı, çox hörmətli İlham Əliyevə qalmışdır.

Cənab president! Etibar etdiyiniz hüquq-mühafizə orqanları malik Məmmədovun törətdiyi çoxsaylı cinayət əməllərinə qiymət vermək istəmirlər. Odur ki, Qobustan Prokurorluğunun əsassız qərarının ləğv olunmasını və məsələnin daha etibarlı, daha savadlı və nəfsi təmiz prokurorluq işçilərinə həvalə olunmasını xahiş edirik. Nəticə olmayacağı təqdirdə biz hamımız korrupsiyaya etiraz əlaməti olaraq Azərbaycan vətəndaşlığından imtina etmək barədə 30 aprel 2018-ci il tarixində qərar qəbul etmək niyyətimiz vardır. Xahiş edirik nəzərə alasınız”.

KƏNAN

Redaksiyadan: Mövzunu araşdıracağıq. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti