Muxtar Babayev ekologiyanı qoruya biləcəkmi?

Muxtar Babayev ekologiyanı qoruya biləcəkmi?

 

 

                                             Hüseynqulu Bağırov ənənəsi davam edir

Muxtar Babayev "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsindən azad edilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə gətirilməsindən 70 gün keçir. Bu müddət bəlkə də çox geniş sahəyə cavabdeh bir qurumun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə 70 gün əvvəl gətirilmiş bir şəxsin fəaliyyətinə qiymət vermək üçün yetərli deyil. Ancaq məşhur məsəldə deyildiyi kimi, dənizin suyunun duzlu olmasını müəyyən etmək üçün dənizin bütün suyunu içmək vacib deyil. Doğrudur, Muxtar Babayev nazir təyin olunduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindəki bəzi nüfuzlu məmurları istefaya göndərməyə nail oldu. Lakin  ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin ciddi nailiyyətlərindən danışmaq mümkün deyil.

Hələlik isə ölkənin ekologiysına zərər vuran məmur və işbazlarla bağlı hansısa ciddi addım atılmasının şahidi olmuruq. Bu yaxınıarda belə bir məlumat yayıldı ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini aparıb, 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.Məlumatda o da qeyd edilirdi ki, komitə ümumilikdə 529 balıq gölü müəyyən edib və onlar barəsində məlumat bankı yaradılıb. Bu məlumatı ona görə, qeyd edirik ki məmur və işbazların ölkənin ekologiyasını hansı vəziyyətə saldığı haqqında oxucularda daha geniş məlumat formalaşsın. Məsələ ondan ibarətdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra onun vəzifə və səlahiyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi arsında bölünmüşdü. İndi aydın olur ki, Əmlak Məsələləri Dövlət Komitəsi öz üzərinə düşən vəzifəni gec də olsa icra edib. Ancaq məmur və işbazların ölkənin torpaq sahələrinin başına gətirdiyi fəlakətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik heç bir addım atmır. Necə ki, ölkənin çaylarının əksərinin yataqları və Xəzər dənizinin sahilinin məmur və işbazlar tərəfdən talan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirı Hüseynqulu Bağırov zamanında heç bir ciddi tədbir görməmişdi. Son məlumata görə, nazir Muxtar Babayev bununla bağlı komissiya yaradıb. Ancaq bu komissiyanın yaradılnması ilə bağlı ictimaiyyətə məlumat verilmədiyi kimi, komissiyanın gördüyü işlər haqqında da heç bir məlumat verilmir. Bununla bağlı məlumat almağa çalışacağıq. Hələlik isə qeyd edək ki, ölkənin meşələrini qırmaq bahasına pul qazanan dəstələr Muxtar Babayev nazir olandan sonra öz fəaliyyətlərinə ara veriblər. Onların hamısı hansısa anlaşmanın əldə olunacağı günü gözləyirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verən daha bir yenilik, yerli Meşələrin İnkişaf Departamentinin strukturuna daxil olan Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bir neçəsi birləşdirilməklə regional qurumlar yaradılmasıdır. Bu məlumat rəsmi olmasa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbəmiz bu informasiyanın səhihliyini təkid edir. Ekologiya məsələləri üzrə ekspert isə belə bir struktur islahatın uğurlu ola biləcəyini qeyd edir. Ekspert qeyd edir ki, bununla yerli icra hakimiyyəti orqanlarının Meşə Mühafizəsi və Bərpası Müəssisələri üzərindəki nəzarətinin itirilməsinə səbəb olacaq ki, bu da meşələrin qorunması imkanlarını genişləndirəcək. Regional Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin rəhbərliyinə gətiriləcək şəxslərin kimliyindən çox şey asılı olacaq. Çünki, bütün islahatlar o zaman bəhrə verir ki buna məsul  kadrlar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər.

"Yeni Sözçü” qəzeti bir neçə ay oncə Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru postu ətrafında gedən oyunlardan yazmışdı. Məsələ ondan ibarət idi ki, Müzəffər Cəfərov adlı şəxs Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsindən azad edildikdən sonra onun yerinə  tez-tələsik orta ixtisas təhsilli Cahid Məmmədov təyin edildi. Bu məsələ ona görə ciddi rezonas doğurmuşdu ki, Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Cahid Məmmədovu əvvəlcə başqa bir vəzifəyə orta ixtisas təhsilli kadr kimi təyin etmişdi, sonra isə onu Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsinə ali təhsilli kadr kimi təyin etmişdi. O zaman Cahid Məmmədovun ali təhsilli olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin açıqlamalarını əsaslandırmağı tələb etmişdik. Hesab edirdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cahid Məmmədovun diplomunun sürətini mətbuat vasitəsilə ictimaiyyətə açıqlamalıdır. Ancaq o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu etmədi. İndi isə redaksiyamıza daxil olan bir məlumatda yeni yaradılmış Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinə həmin Cahid Məmmədovun təyin edilməsindən söz edilir. Bu məlumatı dəqiqləşdirməyə çalışacağıq. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sələfindən fərqli olaraq bu məslənin obyektiv araşdırılmasında maraqlı olacaq.

"Yeni Sözçü” qəzeti olaraq bu məsələni dərindən araşdırmağa çalışacağıq və Cahid Məmmədovun da mövqeyini dinləməyə hazırıq.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}