8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Namus üstündə arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə iclasında bir neçə dəfə gərginlik yaşanıb.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, R.Dadaşov arvadı A.Dadaşovanı başqa şəxslərlə görüşdüyü üçün qətlə yetirib.
O, arvadına dəmir parçası ilə ağır xəsarətlər yetirib. İttihamda göstərilir ki, R.Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb.
Elan olunmuş ittihamla R.Dadaşov özünü qismən təqsirli bilib. O deyib ki, arvadını xüsusi amansızlıqla və uşaqlarının gözü qarşısında öldürməyib.
Dadaşov əməlindən peşman olmadığını bildirib.
Məhkəmə Dadaşova sərbəst ifadə verməyi təklif edib. O, bir daha bildirib ki, arvadını xüsusi amansızlıqla qətlə yetirməyib.
"Yazılanlar yalandır. Mən hadisəni uşaqların gözü qabağında eləməmişəm. Aidəni gedib bağçadan götürdüm, gətirib evdə öldürdüm. Uşaqların heç nədən xəbəri olmayıb"- deyən Dadaşov əməlini inkar etmədiyini bildirib.
O, namusunu təmizlədiyini deyib:
"Elədiyimi danmıram. Arvadımı namus üçün öldürmüşəm. Bir kişi kimi namusumu təmizləmişəm. Sonra da polisə özüm məlumat vermişəm".
Təqsirləndirilən şəxs ifadə verən zaman məhkəmədə bir neçə dəfə gərginlik yaşanıb. Mərhumun yaxınları Dadaşovun dediklərinə etiraz edib.
Məhkəmənin davamında mərhumun atası, zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib.
O deyib ki, qızının ölümündən mətbuat vasitəsi ilə xəbər tutub.
"Hadisə haqqında TV-də gedən sujet vaxtı xəbər tutdum. Qonşular hansısa kanalda baxmışdı. Mənə də dedilər. Bunu yoldaşıma demədim, çünki xəstə idi"-deyən hüquqi varis Dadaşovun söylədiklərinin yalan olduğunu da əlavə edib.
O, qızının namuslu biri olduğunu deyib və bu haqda əlavə nəsə danışmaq istəməyib: "İstintaqda nə demişəmsə, düzdür. Qızımı öldürən bu adam ömür boyu işləməyib. Onun evinə mən baxmışam. Bir əlim onların üstündə olub. Bizi həmişə təhdid edirdi ki, sizi öldürəcəm".
Bu zaman da məhkəmədə gərginlik yaşanıb. Tərəflər bir-birini təhqir edib.
Məhkəmənin davamında şahid qismində təqsirləndirilən şəxsin qardaşı Amil Dadaşov dindirilib.
Şahid deyib ki, hadisə barədə qardaşından xəbər tutub. O iddia edib ki, hadisədən bir neçə gün əvvəl qardaşı arvadının videogörüntülərini əldə ediblər.
Amil Dadaşov iddia edib ki, həmin videolarda mərhumun ərəblərlə əxlaqsız görüntüləri əks olunubmuş:
"Gecə klublarında çəkilən videolar idi. Qardaşım haqq edib onu öldürüb. Onların nəslinin hamısı xarabdır. Ataları da biqeyrətdir. Zalda bir az da qalsam, mən də onu öldürəcəm"- deyən şahidi hakim məhkəmə zalından çıxartdırıb.
Bu zaman da prosesdə gərginlik yaşanıb.
Daha sonra şahid qismində Təranə Kazımova dindirilib.
O, mərhumla iş yoldaşı olduğunu deyib və bildirib ki, gecə klubunda birlikdə işləyiblər.
"Aidə mənə demişdi ki, həyat yoldaşından boşanmaq üçün ərizə verib. Demişdim ki, boşanmamısansa, problem yaşayarsan. İşimiz gecədən səhərı qədər idi".
Məhkəmədə təqsirləndirilən şəxsin övladlarının ifadələri elan olunub.
Məhkəmə araşdırması davam etdirilir.
Qətl hadisəsi bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib.
Məlumata görə, Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub. Hadisə qısqanclıq zəminində törədilib. R.Dadaşov əvvəllər oğurluğa görə məhkum olunub.
R.Dadaşova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.