“Gürcüstanın virusa qalib gəlməsinin səbəbi...” - Gürcüstan parlamentinin azərbaycanlı deputatı

 

Mahir Dərziyev: "Ölkədə həyat dayanmışdı, sənaye müəssisələri, təhsil müəssisələri, nəqliyyat bağlandı, nəqliyyatın hərəkətinə tam qadağa qoyuldu, çox radikal qərarlar verildi”

Gürcüstan dünyada koronavirusla mübarizədə pozitiv nəticələrin müşahidə olunduğu ölkələrdən biridir.  Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev Musavat.com-a açıqlamasında COVİD19-la mübarizədə qazanılan uğurların səbəblərini açıqlayıb.

- Mahir müəllim, hazırda Gürcüstanda koronavirusla bağlı vəziyyət necədir?

- Gürcüstandakı son epidemioloji vəziyyət belədir ki, koronavirusa yoluxanların ümumi sayı 828 nəfərdir. Onlardan 694 nəfər artıq sağlaraq evə buraxılıb, 13 nəfər virusdan və yanaşı gedən müxtəlif xəstəliklərdən vəfat edib. Hazırda 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə müalicə alır və nəzarət altındadır. Eyni zamanda pandemiya başlayan gündən bəri xarici ölkələrdən 3 nəfər Gürcüstan vətəndaşları da dövlət tərəfindən  ölkəyə gətirilib və müalicə alır. Rəqəmlərdən də görünür ki, tendensiya müsbətdir. Bu ölkədə bir neçə ayda pandemiya üçrəqəmli rəqəmlə ölçülüb. Bunu bütün dünya etiraf edir ki, Gürcüstanın COVİD 19-a qarşı apardığı mübarizə müxtəlif reytinqlərdə fərqli şəkildə qiymətləndirilir. Gürcüstanı nümunəvi ölkələrin ilk beşliyinə aid edirlər. Şərqi Avropada və Mərkəzi Asiyada isə Gürcüstan nümunəvi davranışına görə birinci yerdədir.

- Gündəlik yoluxma nə qədərdir?

- Gündəlik yoluxma artıq təkrəqəmli həddədir, bu gün 4 nəfər yoluxub, yoluxma sayı son günlər 2-4 nəfər arasında dəyişir. Gürcüstanda artıq ictimai səhiyyəyə nəzarət edənlər, epidemioloqlar da bildirirlər ki, bu ölkə virusun pik həddinə çatmadan sabitləşdi, vəziyyət nəzarətə alındı. Ölkədə bir neçə klasser mövcuddur, vəziyyət çox fərqlidir. Virusun yayıldığı rayon və qəsəbələrə klasser deyirlər. Onlardan biri Tiflisdədir, biri Bolnisidədir, həmçinin Marneulidə də son vaxtlar iki yeni yoluxma halı qeydə alındı. Bolnisidə vəziyyət bir qədər gərgindir, ölkədə yoluxan hər 4 nəfərdən biri Bolnisi sakinidir. Hazırda azərbaycanlılar yaşayan iki kənd, Dəllər və Aşağı Güləver kəndlərində sərt karantin rejimi saxlanılıb, kəndə giriş-çıxış yasaqlanıb.

- Gürcüstan xəstəliyin geniş yayılmasına necə mane oldu?

- Gürcülər milli qürur hissi, milli iftixar hissi yüksək olan millətdir, bir azərbaycanlı olaraq mən hətta müəyyən məqamlarda onlara həsəd aparmışam  ki, mədəniyyətləri haqqında yüksək düşünürlər. Sosial şəbəkələrdə də bəzən belə yazılırdı ki, bu gürcü qanının və geninin xüsusiyyətləri ilə bağlıdır. Ancaq ümumi ictimai rəy ondan ibarətdir ki, ölkənin səhiyyə orqanları vaxtında, hətta vaxtından əvvəl çox ciddi önləmlər aldılar. Karantin tədbirləri görüldü, heç nəyə gecikmədilər. Onun icrası da yüksək səviyyədə oldu. Mən Gürcüstan vətəndaşlarının da məsuliyyətinin yüksək olduğunu qeyd etmək istəyirəm. Ölkədə karantin rejiminin pozulması halları da oldu. Bununla bağlı çox yüksək cərimələr tətbiq olunurdu. Məsələn, komendant saatının pozulması ilə bağlı 3000 lari , yəni 1000 dollar civarında cərimə müəyyən olunmuşdu, sonradan bu bir qədər aşağı salındı və 2000 lariyə endirildi. Artıq komendant saatı aradan qaldırılıb, ancaq yenə də çox yüksək cərimələr var. Maska taxmamağa, 10 nəfərdən artıq şəxsin bir yerə toplaşmasına görə yüksək cərimələr tətbiq olunur. Ancaq ölkə əhalisinin böyük əksəriyyəti karantin qaydalarına riayət etdi. Mənim qənaətimcə, bizim hökumətimizin və səhiyyə orqanlarının vaxtında aldıqları önləmlər və vətəndaşlarımızın ona əməl etməsi sayəsində Gürcüstanda bu gün vəziyyət yaxşıdır. Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, biz bu müsbət göstəricilərə görə heç də arxayınlaşmırıq, ölkədə bir-birinin ardınca karantin rejiminin yumşaldılması prosesi gedir.

- Karantin tədbirlərinin yumşaldılmasına başlanılıbmı?

- Artıq iyun ayının 15-dən ölkədə daxili turizm də açıla bilər. Şəhərlərarası nəqliyyatın işi bərpa edilib, iyun ayının 15-dən dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. İyulun 1-dən isə ölkənin xarici turizm üçün açılması nəzərdə tutulur. Hər şey yolunda getsə, iyul ayının 15-dən ölkədə bütün qadağaların aradan qaldırılması nəzərdə tutulur. Hər şey virusdan və epidemioloji vəziyyətdən asılıdır. Ancaq bir daha vurğulayıram ki, bizim ölkənin müvafiq qurumları heç bir şəkildə arxayınlaşmırlar. Baş epidemioloq da xahiş etdi ki, bütün televiziyalar əhaliyə müraciət etsinlər ki, hələ virusa qalib gəlinməyib. Hələ ki virus var və insanlar arxayınlaşmasın.

- Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz? Prosesin birdən-birə bu cür sürətlənməsi sizi də narahat etdimi?

- Gürcüstanda ən böyük xalqlardan, icmalardan biri də azərbaycanlılardır. Biz Azərbaycandakı hadisələri çox böyük narahatlıqla izləyirik. Bundan başqa, Gürcüstan Azərbaycanın strateji dostu, qardaşı, müttəfiqidir. Biz azərbaycanlılar üçün isə çox ağrılıdır son proseslər. Böyük narahatlıqla izləyirik. Doğrudur, vəziyyət Ermənistandakı qədər fəlakətli deyil. Amma o rəqəmlərin artması narahatlıq doğurur. Azərbaycanda da hökumət bütün vacib tədbirləri həyata keçirdi, ancaq hansısa məqamda arxayınlıq yarandı, vətəndaşlar da arxayın oldular və kütləvi yoluxma baş verdi. Mən bir millət vəkili, bir ağsaqqal kimi, xalqımıza müraciət edirəm ki, karantin qaydalarına əməl etsinlər, qayda pozmasınlar, bu çətin dövrdə dövlətin yanında olsunlar. Virusla aparılan çətin mübarizədə vətəndaş məsuliyyəti çox önəmlidir. Xalq dövlətin yanında olmalı və onun qoyduğu qayda-qanunlara əməl etməlidir. Hər yerdə dövlət nəzarəti mümkün deyil, çox şey vətəndaşın məsuliyyətindən asılıdır. Rica edirəm ki, xalqımız məsuliyyətli olsun.

- Gürcüstanda sərt karantin rejimi necə tətbiq edildi və nə qədər davam etdi?

- Bizdə sərt karantin rejimi ancaq bir neçə rayonda, Tiflisdə, Marneulidə, Bolnisidə və başqa bir neçə rayonda tətbiq edildi. Mart ayının 23-dən may ayının 18-nə kimi sərt karantin rejimi davam etdi. Bolnisidə indi də davam edir. Gürcüstanın digər rayonlarında isə fərqli tədbirlər görüldü, komendant saatı tətbiq olundu, axşam saat 9-dan səhər saat 6-ya kimi küçəyə çıxmaq yasaqlandı. İstisnasız olaraq ölkədə həyat dayandı, sənaye müəssisələri, təhsil müəssisələri, nəqliyyat dayandı. Müəyyən vaxtlarda nəqliyyatın hərəkətinə tam qadağa qoyuldu, çox radikal qərarlar verildi. Hətta şübhələr var idi ki, bu nəyə lazımdır, ancaq belə göründü ki, lazım imiş. Vaxtından öncə tədbirlər görüldü və ən radikal addımlar atıldı. Artıq həyatın bütün sahələri normal axarına qayıdır, sənayenin bütün sahələri fəaliyyətə başlayıb. İctimai-iaşə və nəqliyyat işləyir. Ancaq bu arxayınlaşmaq üçün bizə əsas vermir, hələ də 10 nəfərdən artıq şəxsin toplaşması qadağandır, toy və yas qadağaları da qalır. Qaydaları pozan hüquqi şəxslər 10 min lari, fiziki şəxslər isə 2000 lari cərimə olunacaqlar. Bu gün qanun layihəsini parlamentdə qəbul edəcəyik. Qapalı məkanlarda maska taxılmamasına görə fiziki şəxslər 20 lari, yəni təxminən 6-7 dollar, hüquqi şəxslər isə 500 lari cərimə tətbiq olunur. Restoranlar açıq olsa da, mütləq əyləşənlər arasında sosial məsafə olmalıdır və hamı maskalı olmalıdır, maskanı ancaq yemək vaxtı çıxarmaq olar.

"Gürcüstanda antiböhran tədbirləri dövlət büdcəsinə 3 milyard lariyə başa gəlir”

- Gürcülər milli xarakterlərinə görə sosial məsafə saxlamağa meyllidir, yoxsa azərbaycanlılar kimi daha mehriban xalqdırlar?

- Açığı deyim ki, mənim Azərbaycandakı vəziyyətə görə ürəyim ağrıyır, orada qızım, nəvələrim var, yaxın qohumlarım var. Azərbaycanda insanlarda arxayınlaşma oldu, mənim oradakı vəziyyətdən məlumatım var. Karantin yumşalan kimi insanlar heç nə yoxmuş kimi davranmağa başladılar. Nəticədə bu durum yarandı. Gürcüstanda vəziyyət bu qədər pozitiv olsa da, insanlar restoranda  maska ilə əyləşir. Buna adət etmək lazımdır, biz uzun müddət bu virusla yanaşı yaşayacağıq. Mən xalqıma yalvarıram ki, nə özlərinin, nə yaxınlarının həyatını təhlükəyə atmasınlar. Ciddiyə alsınlar, maska taxsınlar, karantin qaydalarını gözləsinlər.

- Mahir müəllim, Gürcüstan hökuməti biznesə və vətəndaşlara nə kimi yardım göstərdi?

- Çox böyük antiböhran tədbirləri hazırlandı. Gürcüstanda ümumi iqtisadi vəziyyət və bütünlükdə fiskal vəziyyət çətinləşdi, ilin sonuna qədər davam edəcək. Ancaq hökumət çox geniş antiböhran planı işləyib hazırlayıb. Bu, həm sənaye, həm kənd təsərrüfatı sahələri üçündür, həm də əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlər planıdır. Pandemiyanın başladığı gündən Gürcüstanda əhalinin bütün banklara olan borcları, kreditləri  3 ay müddətinə donduruldu, bu müddətdə banklar əhalidən borcun nə əsas məbləğini, nə də faizlərini almadılar. Daha sonra əhalinin kommunal ödənişlərinə böyük güzəştlər oldu, 200 kubmetr qaz və 200 kilovatt-a qədər elektrik enerjisi istehlak edən vətəndaşlar ödəniş etmədilər, bundan azad oldular. Bütün işləməyən dövlət müəssisələrində işçilərin maaşı saxlanıldı. Əhalinin aztəminatlı təbəqəsi üçün, işsizlər, əlillər və sosial yardım alanlar üçün ayda 100 lari yardım təmin olundu. Həmçinin əvvəllər işləyib gəlir qazananlar, lakin pandemiya dövründə işsiz qalanlar, gəlir mənbələrini itirənlər ayda 200 lari almaqla  3 ay müddətinə dövlət tərəfindən müavinət aldılar. Çox geniş bir proqramdır. Təkcə kənd təsərrüfatında 13 dövlət proqramı işə salınıb, fermerlərə dəstək olunacaq. 25  sotdan 10 hektara qədər olan torpaq sahələrinə dövlət hər hektara 200 lari təmənnasız yardım edir. Həmin pula fermer gübrə, toxum və sair ala bilər. Eyni zamanda bu il Gürcüstanda suvarma suyu üçün verilən puldan azad olundular, köhnə borcları silindi. Hər hektar üçün 150 litr dizel yanacağını bazar qiymətindən 1 lari ucuz dövlət fermerlərə verdi. O  cümlədən tikinti sahəsi, iqtisadiyyatın başqa sahələri üçün dövlət kreditləri ayrıldı. Həmçinin onların bank kreditlərinin təxirə salınması, dövlət tərəfindən kreditlərin böyük hissəsinin ödənilməsi kimi tədbirlər nəzərdə tutulur. Geniş bir antiböhran planı işlənib hazırlandı. Bu planın mahiyyəti Gürcüstanın dövlət büdcəsinə 3 milyard laridən artıq məbləğə başa gəlir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}