Azərbaycanın taleyini dəyişən şəxsiyyət – Heydər Əliyev

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
1993-cü ilin may ayının axırları, iyunun əvvələrində Azərbaycanda vəziyyət faktiki olaraq vətəndaş müharibəsi ərəfəsində idi. Azərbaycanda vəziyyət olduqca qeyri-müəyyən idi və günbəgün mürəkkəbləşirdi. Ölkəyə rəhbərlik edən adamların dövlət quruculuğu məsələlərində heç bir səriştəsi yox idi. Onlar başlarını itirmişdilər və yalnız istənilən vasitələrlə hakimiyyəti əldə saxlamaq barədə düşünürdülər. 1993-cü ilin o dəhşətli iyun günlərində Azərbaycan cəmiyyəti elə bir həddə çatmışdı ki, bu həddin arxasında tamamilə məhv olmaq qorxusu real görünürdü. Onda Azərbaycan xalqı özünün bütün müdafiə qüvvələrini səfərbər edərək xarizmasına və xilaskar missiyasını həyata keçirəcəyinə qeyd-şərtsiz inandığı siyasətçinin xeyrinə seçim etdi və Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 15-də hakimiyyətə gəldi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü,onun siyasi Olimpin zirvələrinə ikinci, daha parlaq və müzəffər yüksəlişi başlandı. Bu yolun təməli 1990-cı il iyulun 22-sində Naxçıvanda qoyulmuşdu. O öz “kiçik vətəni”ni narahatlıqla tərk edib gedirdi, hərçənd, Muxtar Respublikaya rəhbərlik etdiyi iki ildən az müddətdə o başlıca məqsədinə nail olmuşdu - Naxçıvanı işğaldan xilas etmiş, sərt blokadanı aradan qaldırmış, Naxçıvan sakinlərini aclıqdan və soyuqdan qorumuşdu. İndi o bütün ölkəni fəlakətdən qurtarmalı idi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Böyük risklərə baxmayaraq dahi lider böyük cəsarətlə xalqın xilaskarlıq missiyasını öz üzərinə götürdü. Əgər əsas məsələ müstəqilliyi əldə etmək idisə, ikinci məsələ həmin müstəqilliyi qoruyub saxlamaq və onu inkişaf etdirmək idi. Heydər Əliyev bu missiyanı Azərbaycanda reallığa çevirdi. 1993-cü il oktyabrın 3-ündə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Dahi liderin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Azərbaycanın haqq səsi bütün dünyada eşidilməyə başlandı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir-müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bugünki Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O həmin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev kursunun davam etdirilməsi İlham Əliyevin üzərinə düşürdü.

Azərbaycan xalqı da İlham Əliyevin bütün fəaliyyəti dövründə onun ətrafında sıx birləşərək Heydər Əliyev siyasi kursuna sadiqliyini, Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Bu siyasətin nəticəsində indi biz tarixin ən güclü Azərbaycan vətəndaşları olmağımızla fəxr edirik. Dövlət başçısı İlham Əliyevin nail olduğu bütün uğurlar Heydər Əliyev arzularının həyata vəsiqə almasının təsdiqi idi. Nəhayət, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə İlham Əliyev xalqımızın ən ümdə taleyüklü problemini həll etdi. Döyüş ruhunu, birliyini və iradəsini itirməyən xalqımız daha böyük əzmlə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Şəhid olmuş mülki vətəndaşlarımızın qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. 44 günlük qəhrəmanlıq savaşımız Azərbaycan xalqına şanlı qürurumuz olan Zəfər sevincini yaşatdı. İlham Əliyev öz çıxışında demişdir: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşmənləri torpaqlarımızdan qovacağıq!” 

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Xalıqova



Oxşar Xəbərlər

Xəbər lenti