MÖVQEYİMİZ QƏTİDİR, DƏYİŞMƏZDİR!

Prezident İlham Əliyev 28 fevral tarixində Alman iqtisadiyyatının Şərq komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəmizin başçısı bir çox mühüm məsələyə münasibət bildirib. 
Prezident qeyd edib ki, Almaniya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında iqtisadi sahə həmişə mühüm rol oynayıb. Almaniya Fransadan fərqli olaraq Azərbaycana qarşı qərəzli mövqedə olmayıb. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi xüsusilə İkinci Qarabağ müharibəsindən sonra özünü daha aydın şəkildə göstərir.  
Avropa Şurasının Xarici Əlaqələr Komissarı Josep Borrelin “Azərbaycan Ermənistana hücum etsə bunun ağır nəticələri olacaq” kimi açıqlamalarının heç bir əsası yoxdur və bu Azərbaycanı təcrid etmək üçün bir bəhanədir.
İlham Əliyev bildirib ki, Azərbaycan 2023-cü ilin sentyabrında öz suverenliyini tam bərpa etdikdən sonra Azərbaycanla Ermənistan arasında heç bir münaqişə baş verməyib. Yalnız bu ilin fevralında erməni snayperin açdığı atəş yenidən gərginlik yaradıb.
Ölkə başçısının da dediyi kimi, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında olarkən, bir milyona yaxın azərbaycanlı evlərindən didərgin düşərkən bu gün Azərbaycanı əsassız iddialarla ittiham etməyə çalışanlar bunlara biganə qaldılar. BMT-nin qəbul etdiyi 4 qətnamə sadəcə kağız üzərində qaldı. Hətta tarixin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımına da laqeyd qalındı. 
Ancaq Azərbaycanın öz gücü ilə ədaləti bərpa etməsini həzm edə bilməyən bəzi dairələr uydurma ittihamlar ortaya ataraq ölkəmizin demonizə edilməsinə hesablanıb. 
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Avropa Şurası Parlament Assambelyasında Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi təklifi məhz Almaniya Kansleri Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən irəli sürülüb.
Bu gün Avropanın bir çox mətbuatında o cümlədən alman mətbuatında Azərbaycanın güya azadlıqların məhdudlaşdırıldığı, diktaturanın hökm sürdüyü despotik bir ölkə olduğu kimi böhtan xarakterli yazılar dərc edilir. Bütün bunların yalnız bir məqsədi var, Azərbaycanı Cənubi Qafqazın digər ölkələrindən ayıraraq bir xətt yaratmaq. Azərbaycanda insanlar düşünür ki, Gürcüstan və Ermənistan Avropaya Azərbaycandan daha yaxındır. Bunun da səbəbi Azərbaycanın İslam ölkəsi olması ilə əlaqələndirilir.
Cənab Prezident qeyd etdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. 
Prezident ATƏT-in minsk qrupu ilə bağlı məsələyə də münasibət bildirdi. Prezidentin də dediyi kimi, Azərbaycan torpaqları işğal altında olarkən Minsk qrupunun həmsədrləri olan üç ölkə, ABŞ, Fransa və Rusiya heç bir ciddi addım atmadı. Əksinə biz öz torpaqlarımızı işğaldan azad etməyə başlayanda bizə təzyiqlər etməyə başladılar. Təbii ki, heç kim bizi öz yolumuzdan döndərə bilməzdi. 
Bu gün artıq görürük ki, Rusiya baş verənləri anlamağa başlayıb. Çox istərdik ki, ABŞ və Fransa da eyni cür hərəkət etsin. Əgər bu ölkələr reallığı qəbul etməsələr hadislər onların planlaşdırdıqları kimi olmayacaq.
Reallıq budur ki, bu gün Cənubi Qafqazın ən güclü orduya malik və iqtisadiyyatı ən çox inkişaf edən ölkəsi Azərbaycandır.
Hacıbala Abdullayev
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti