15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Rusiya yeni oyun qurur: Sanksiyalı qaz endirimlə təklif olunur
Qlobal enerji bazarında dərinləşən böhran fonunda Rusiya mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində diqqətçəkən addımlar atır. Bloomberg agentliyinin yaydığı məlumata görə, Moskva Cənubi Asiya ölkələrini sanksiyalara məruz qalan layihələrindən qaz almağa cəlb etməyə çalışır.
Mənbələrin bildirdiyinə görə, Rusiya alıcılara bazar qiymətlərindən təxminən 40 faiz daha ucuz təkliflər irəli sürür. Bu isə xüsusilə enerji çatışmazlığı ilə üzləşən ölkələr üçün cəlbedici seçim kimi qiymətləndirilir. Maraqlı məqam isə ondan ibarətdir ki, göndərilmə sənədlərində qazın mənşəyi Rusiya deyil, Nigeriya və ya Oman kimi göstərilə bilər.
Ekspertlərin fikrincə, bu addım həm sanksiyalardan yayınmaq, həm də bazar payını qorumaq məqsədi daşıyır. Ticarət prosesində isə daha çox az tanınan Çin və Rusiya şirkətlərinin vasitəçi kimi çıxış etdiyi bildirilir.
Enerji bazarındakı gərginliyin əsas səbəblərindən biri Hürmüz Boğazı ətrafında yaranmış vəziyyətdir. Boğazın bağlanması və Qatar ərazisində yerləşən iri mayeləşdirilmiş təbii qaz obyektlərinə hücumlar nəticəsində qiymətlər kəskin artıb. Bu isə xüsusilə idxaldan asılı olan Banqladeş və Hindistan kimi ölkələri çətin vəziyyətə salıb.
Hazırda Banqladeş qaz ehtiyacının böyük hissəsini daha baha spot qiymətlərlə qarşılamaq məcburiyyətindədir. Qlobal enerji bazarında yaranmış bu qeyri-sabitlik 2026-cı ilin mart ayından etibarən daha da dərinləşib.
Analitiklər, o cümlədən Macquarie Group mütəxəssisləri xəbərdarlıq edir ki, əgər böhran davam edərsə, neftin qiyməti kəskin şəkildə artaraq rekord həddə çata bilər.
Beynəlxalq səviyyədə isə vəziyyət ciddi narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyi rəhbəri Fatih Birol bu böhranı qlobal enerji təhlükəsizliyi üçün böyük sınaq kimi qiymətləndirərək, miqyas baxımından əvvəlki enerji şokları ilə müqayisə edib
Mövcud vəziyyət yalnız regional deyil, qlobal iqtisadi sabitlik üçün də ciddi risklər yaradır.
Arzuman Loğmanoğlu
Sozcu.info