RUSİYA FTX TÜRKİYƏ XÜSUSİ XİDMƏT ORQANLARINA QARŞI...

RUSİYA FTX TÜRKİYƏ XÜSUSİ XİDMƏT ORQANLARINA QARŞI...

 

Vahid türk dövlətinin - Turanın yaranması Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək

Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Kreml türklərə qarşı yetirdiyi məkrli siyasətindən əl çəkməyəcək

Rusiya, Çin və İran vahid türk dövlətinin yaranmasına, türksoylu ölkələrin daha sıx əməkdaşlıq etməsinə mane olur

Keçmişdə Çar Rusiyası və Sovet İttifaqı, bu gün isə Rusiya Federasiyası zamanı Kreml hər vəclə türkləri assimilyasiya etməyə, türk dövlətlərini bir-birindən mümkün qədər uzaq tutmağa, onların yaxınlaşmasına imkan verməməyə çalışıb və hələ də bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Tarixi Azərbaycan torpaqları olan, türk etnosuna məxsus İrəvan xanlığında Ermənistan dövlətinin yaradılması da məhz bu məqsədə xidmət edib. Belə ki, Rusiya bu yolla Azərbaycanın Türkiyə ilə birbaşa sərhədinin olmasını, iki türk dövlətinin yaxınlaşmasını əngəlləməyi qarşısına məqsəd qoyub.

Kreml əlində olan bütün təsir rıçaqlarından istifadə edərək Türkiyənin qarşısına məqsəd qoyduğu "Vahid Türk Dövləti" planını pozmağa çalışır

Qeyd edək ki, Rusiyada hakimiyyətə kimin, hansı partiyanın gəlməsindən asılı olmayaraq, rəsmi Moskva türklərə qarşı yetirdiyi məkrli siyasətindən əl çəkən deyil. Çünki türk xalqlarının mədəni, iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlığı, türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsi mərhələli şəkildə sonra vahid türk dövlətinin - Turanın yaranmasına səbəb olacaq ki, bu da öz növbəsində, Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək. Məhz elə buna görə də Kreml əlində olan bütün təsir rıçaqlarından istifadə edərək Türkiyənin qarşısına məqsəd qoyduğu "Vahid Türk Dövləti" planını pozmağa çalışır. Nəzərinizə çatdıraq ki, axar.az-ın məlumatına görə, bununla bağlı Teleqram sosial şəbəkəsindəki "Silahsız" kanalında yayımlan informasiyada bu ilin sonuna qədər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində "Türk bölmələri"nin yaradılmasının planlaşdırıldığı qeyd olunub. Bildirilir ki, burada məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır: "Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən, Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub".

Moskva, Pekin və Tehranın rəqibi olan Vaşinqtonu Avropa Birliyi formatında bir Türk Birliyinin yaradılmasına razı salmaq lazımdır

Gördüyünüz kimi, bu məlumat bir daha onu təsdiqləyir ki, türk xalqlarının birliyi, türksoylu dövlətlər - Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası arasında əməkdaşlığın möhkəmlənməsi, onların vahid cəbhədə təmsil olunması Rusiyanı ciddi şəkildə əndişələndirir. Ona görə ki, adıçəkilən müstəqil türk dövlətlərinin bir araya gələrək siyasi, iqtisadi və hərbi ittifaq yaratması sonda, bu gün Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan, Tatarstan, Krım, Çuvaşiya, Saxa-Yakutiya, Kabarda-Balkar, Xakasiya, Qaraçay-Çərkəz, Tuva, Altay Respublikası və Taymır Dolqan-Nenes rayonunun da gec-tez həmin ittifaqda yer almasına səbəb ola bilər. Bu isə faktiki olaraq dünyaya meydan oxuyan Rusiya Federasiyasının parçalanması ilə nətəcələnəcək. Odur ki, Kreml türk döblətlərinin bir araya gəlməməsi, onların hər hansı bir ittifaqda birləşməməsi üçün əlindən gələni edir. Bu işdə onun ən yaxın müttəfiqi isə Çin və İrandır. Çünki hazırda Çin Xalq Respublikasının tərkibində olan və Şərqi Türküstan kimi tanıdığımız Sintszyan-Uyğur Muxtar Rayonunda 20 milyona, İranda, daha doğrusu Cənubi Azərbaycanda isə 40 milyona yaxın türk yaşayır. Elə bu səbəbdəndir ki, həm Rusiya, həm Çin, həm də İran nəyin bahasına olursa-olsun, vahid türk dövlətinin yaranmasına, türksoylu ölkələrin daha sıx əməkdaşlıq etməsinə mane olur, müxtəlif təsir vasitələrindən istifadə edərək buna əngəl törədirlər.

Əslində, bütün bunlar Türk Birliyinin yaradılmasının zərurət olduğunu deməyə əsas verir. Çünki türk dövlətlərinin inkişafının, onların dünyada söz sahibi olacaq gücə çevrilməsinin yeganə yolu məhz birlikdən keçir. Lakin bir qədər əvvəl də qeyd etdiyimiz kimi, bu gün bunun baş tutmasını istəməyən qüvvələr mövcuddur. Odur ki, sözügedən məqsədi reallaşdırmaqdan ötrü ilk öncə bütün müstəqil türk dövlətləri birgə hərəkət edərək həmin qüvvələrə siyasi və iqtisadi cəbhədən müqavimət göstərməli, onların rəqibləriylə, əsasən də ABŞ-la dil tapmağı bacarmalı, müxtəlif yollara baş vuraraq rəsmi Vaşinqtonu Avropa Birliyi formatında bir Türk Birliyinin yaradılmasına razı salmalıdırlar.

Partiya sədrləri, politoloqlar, elm adamları və media mənsubları dəfələrlə türk dövlətlərinin vahid düşərgədə təmsil olunmasının vacibliyini vurğulayıb

Nəzərinizə çatdıraq ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar, o cümlədən politoloqlar, elm adamları və media mənsubları dəfələrlə türk dövlətlərinin vahid düşərgədə təmsil olunmasının vacibliyini vurğulayıb. Məsələn, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev hələ 2012-ci ildə parlamentdə çıxışı zamanı "Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri"nin yaradılmasının gündəliyə gətirilməsini təklif etmişdi. Həmin çıxışında deputat Azərbaycanın hərbi-siyasi müstəvidə Türkiyə və digər türk dövlətləri ilə birlikdə ortaq Avrasiya bloku yarada biləcəyini qeyd etmişdi: "Niyə biz ortaq hərbi birlik yaradaraq PKK-ya qarşı mübarizə aparmırıq? Türk ordusunun bu mübarizədə kifayət qədər gücü var, ancaq bizim köməyimiz ortaqlığımızı daha da gücləndirəcək. Əgər bir gün Qarabağ müharibəsi başlasa, türk əsgərləri də orda iştirak edə bilərlər. Bu birliyi daha sonra inkişaf etdirərək bloka çevirə bilərik".

Təxminən, eyni mövqedən çıxış edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bir müddət öncə verdiyi açıqlamasında Türk dövlətlərinin vahid hərbi kontingentinin yaradılmasının mühüm önəm kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu, həyati vacib bir məsələdir və bu istiqamətdə görülən bəzi işlər – planlar, bəyanatlar, fikir mübadiləsi var: "Bunları inkişaf etdirmək lazımdır. Çalışmaq lazımdır ki, vahid ordu birləşməsinin yaradılmasına nail olunsun. Bu, olduqca önəmli bir məsələdir. Bu, kimsəyə qarşı formalaşacaq bir ordu deyil. Bildiyiniz kimi, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq var. Bu tarixi təcrübədən yararlanmaq lazımdır. Belə bir birliyin yaranması bütün türk dövlətləri üçün xeyirli olan bir məsələdir. Bu məsələ yalnız bəyanat və bədii filmlərdə öz əksini tapmalı deyil". Hər bir türk dövlətinin bu məsələdə üzərinə düşən işi görməli olduğunu deyən KXCP sədri qeyd edib ki, vahid türk ordusunun formalaşması Azərbaycanın işğal altında olan ərazilərində anti-terror əməliyyatları aparması, torpaqlarını azad etməsi məsələsində ölkəmizə dəstək olacaq amillərdən biri ola bilər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu isə "Hürriyyət"ə verdiyi müsahibələrinin birində sözügedən məsələ ilə bağlı sualı cavablandırarkən, həm Türk Birliyinin, həm də "Türk NATO-su"nun yaranmasının türk dövlətlərinin hər birinin maraqlarına cavab verdiyini vurğulayıb. Onun fikrincə, bu gün türk dövlətləri müstəqil olarsa, onların hamısının maraqları tələb edir ki, həm Türk Birliyi, həm də "Türk NATO-su" yaransın. "Hətta "Türk-İslam NATO-su" da yaradıla və digər İslam dövlətləri də bura qoşula bilər" deyən Sərdar Cəlaloğlu bu qənaətdədir ki, Rusiyanın nəzarəti altında olan türk dövlətləri İslam dünyasının problemlərinə ciddi şəkildə müdaxilə etmirlər: "Uzun illərdir ki, müsəlman dünyasının böyük əksəriyyəti xritian imperialistlərinin əlində oyuncağa çevrilib. Belə ki, Afrika müsəlmanları Fransa, ABŞ və İngiltərənin, Yaxın Şərq ölkələri ABŞ-ın təsir dairəsindədir. Bu səbəbdən də imperiyaların maraqları toqquşduğu kimi, onlara tabe olan müsəlman dövlətlərinin də maraqları bir-birinə ziddir. Eləcə də Rusiyanın nəzarəti altında olan türk dövlətləri də İslam dünyasının problemlərinə ciddi şəkildə müdaxilə etmirlər. Hətta bəzi hallarda Rusiyanın təkidiylə Qarabağ məsələsində Ermənistanın mövqeyini dəstəkləyirlər. Bu baxımdan, müsəlman dövlətləri imperialist güclərin nəzarətindən çıxmayınca onlar öz maraqlarına uyğun addım ata bilməzlər".

Türk Konfederasiyası Türkiyə və Azərbaycanın hər birindən ayrılıqda böyük olacağını iddia edən ADP sədri hesab edir ki, bu konfederasiyanın həm Aralıq, həm Qara, həm də Xəzər dənizinə nəzarət etmək imkanı olacaq: "Bundan başqa, bu gün Türkiyə hərbi gücünə görə dünyada dördüncü yerdədirsə, bu konfederasiyadan sonra üçüncü hərbi gücə çevriləcək. Eyni zamanda, Türk Konfederasiyası sayəsində həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanları qeyri-adi dərəcədə yüksələcək. Nəhayət, uzun illərdir ki, ayrı qalmağımıza baxmayaraq, yenidən eyni xalqa, millətə çevrilə biləcəyik".

Türk dövlətlərinin daha sıx əməkdaşlıq etməsinə, onların bir cəbhədə təmsil olunmasına mane olan səbəblərə gəlincə, prezidentliyə keçmiş namizəd bildirib ki, həmin səbəblər sırasında ilk yerdə türk dünyasının müxtəlif təsir dairəsində olması dayanır: "Bildiyiniz kimi, yeni türk respublikaları SSRİ-nin dağılması nəticəsində əmələ gəlib və ruslar 300-400 il ərzində həmin ölkələrdə imperialist siyasət aparıblar. Odur ki, bu bölgələr Rusiyanın maraq dairəsindədir. Yəni Türk Birliyinin qurulmasının qarşısında duran birinci maneə Rusiyadır. İkinci maneə isə Çindir. Məlumunuzdur ki, Şərqi Türküstan Çinin ərazisindədir. Şərqi Türküstan xalqlarının bir qismi özbəklər, bir qismi qazaxlar, bir qismi uyğurlar və digərləridir. Bu dövlətlərin güclənməsi isə Çin üçün bir təhdiddir. Ona görə də Çin türk dünyasının birləşməsində marağı olmayan güclərdən biridir. Üçüncü səbəb isə türk dövlətlərinin siyasi rejimləridir".

Türk Birliyinin yaradılmasında türkdilli ölkələrin siyasi iradəsi mühüm rol oynayır

Bu arada, politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova da "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, Türk Birliyinin yaradılması zərurətdir. Lakin onun fikrincə, indiki dünya reallığında Avropa Birliyi formatında bir Türk Birliyinin yaradılması, buna imkan verilməsi müşkül məsələdir: "Burada türkdilli ölkələrin siyasi iradəsi mühüm rol oynayır. Ancaq ən fəal Azərbaycan və Türkiyə, həmçinin Qazaxıstandır. Digər türkdilli ölkələrdən biz bu yanaşmanı, entuziazmı görmürük. Doğrudur, bunun reallaşması üçün bir sıra mühüm addımlar atılıb, xüsusilə Azərbaycanın səyləri danılmazdır. Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edilib, bu yaxınlarda Qırğızıstanda onun növbəti sammiti keçirildi, bizim prezidentimiz də orada iştirak və çıxış etdi. Lakin türkdilli ölkələrin heç də hamısı bu təşəbbüslərdə fəal deyillər. Üstəlik, Rusiya, Çin, Avropa, ABŞ kimi böyük güclərin bu birlikdə maraqlı olmadıqları bir şəraitdə bu, yaxın və orta perspektivdə mümkün görünmür". Məhz bu mövzu ilə bağlı bir müddət əvvəl "Hürriyyət"ə açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli də bu qənaətdədir ki, dünya gücləri – Böyük Britaniya, ABŞ, Rusiya, Çin və digər əks ölkələr "Türk NATO-su"nun yaradılmasına mane olmaq üçün bütün imkanlarından istifadə edə bilərlər. İnkişaf etməkdə olan türk dövlətləri üçün bu problemin uyğun görünmədiyini deyən ekspertin fikrincə, hazırda bu siyasi iradəni ortaya qoyacaq liderlər də yoxdur. Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayıl isə qəzetimizə müsahibəsində türksoylu dövlətlərin bir araya gəlib Avropa Birliyi modelində Türk Birliyini yaratmalarının mümkün olduğunu bəyan edib. Onun sözlərinə görə, bunun üçün sadəcə siyasi iradə, əzm və çox çalışmaq lazımdır.

2025-2030-cu illərdə Xəzərdən Azova qədər olan bütün məkanı əhatə edən yeni türk dövləti yaranacaq

Beləliklə, yazının əvvəlində də nəzərinizə çatdırdığımız kimi, türk xalqlarının mədəni, iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlığı vahid türk dövlətinin yaranmasına və bu da öz növbəsində, Rusiya Federasiyasının süqutuna səbəb olacaq. Məhz elə bu səbəbdən də Putinin "danışan dili" kimi tanınan, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski bir neçə dəfə bu mövzuya toxunub və bəyan edib ki, Azərbaycan İranla (Cənubi Azərbaycan nəzərdə tutulur-red.) birləşib Orta Asiyaya girəcək, nəticədə ulu türk dövləti Turanı quracaq: "Bu gün onlar çox böyük gücdülər. Onlar birləşib Ermənistanı silə bilərlər. Azərbaycan İranla birləşib Orta Asiyaya girəcək və ulu türk dövləti Turanı quracaq". Jirinovski başqa bir açıqlamasında isə bildirib ki, bir müddət sonra Rusiyada yeni türk dövləti yaranacaq. Belə ki, Şimali Qafqazı Rusiya üçün təhdid adlandıran Putinin "danışan dili" hesab edir ki, bu təhdid konkret xalq və millətdən deyil, etnos və ya etnosların toqquşmasından gəlir: "Hazırda Qərb qafqazlılara toxunmur. Onlar gözləyirlər ki, qafqazlılar bizim suyumuzu sıxacaq, varlanıb çoxlu fabrik və kurort zonaları tikəcəklər. Gələcəkdə isə hər şeyə rəğmən, Şimali Qafqazda narıncı inqilab təşkil edəcəklər və onu ələ keçirəcəklər. İndi tezdir, ona görə ki, burada rusların daha çox torpağını ələ keçirmək lazımdır. Qafqazlılar artıq Stavropola daxil olublar və vilayətin üçdə birini ələ keçiriblər. Onlar artıq Volqoqrad vilayətinin cənubunda, Rostov vilayətinin bir hissəsində məskunlaşıblar. Onlar Xəzərdən Azova qədər hər yeri tutacaq. Bundan sonra Qərb, NATO deyəcək ki, onlar müstəqillik istəyirlər. Xalqların öz dövlətlərini yaratmaq haqqı var. Üstəlik, onlar müsəlmandırlar. Onlara Səudiyyə Ərəbistanı, Türkiyə, İran daha yaxındır. Onlara pulu əbəs yerə vermirlər. Kreml ilk növbədə onların sakit oturmaları üçün pul verir. Onlar sakit oturub, pul toplayırlar. Türkiyə də onlara pul verir. Türk emissarları burada hər yerdədir". Şimali Qafqazın Türkiyəyə daha yaxın olduğunu deyən Jirinovski Dağıstanda türkdilli xalqlar olan avarlar, kumıklar, noqaylar və digərlərinin yaşadığını etiraf edib: "Kabarda-Balkarda balkarlar türkdillidir. Qaraçay-Çərkəzdə isə qaraçaylar bu kateqoriyaya aiddir. Qafqazın türk olmayan xalqları çeçenlər, kabardinlər və adıgeylərdir. Yerdə qalan böyük çoxluq türk xalqlarıdır. Onlar bizdən sülh yolu ilə torpaqlar alırlar. Onlar pulu buna görə verirlər. Torpaqları alıb, ruslara təzyiq edirlər. Onlar Xəzərdən Azova qədər olan bütün məkanı ələ keçirəndən sonra Avropadan tələb edəcəklər ki, Qafqaz Əmirliyi yaratmağa izn versinlər. Biz hamımız cənubu itirəcəyik, bizim rəhbərlərimiz isə istefaya gedəcəklər. Bunlar 2025-2030-cu illərdə olacaq. 80-ci illərdə kim desəydi ki, 1991-ci ildə SSRİ dağılacaq, onu dəli adlandırardılar. İndi isə 2025-ci ildə cənubda başqa dövlətin olacağını deyənlərə başıxarab deyirlər".



Oxşar Xəbərlər

Xəbər lenti