Arif Rəhimzadənin millət anlayışı

Arif Rəhimzadənin millət anlayışı

 

 

Millətimizə qarşı Moskvanın siyasətini millət vəkillərimiz davam etdirir

Azərbaycan və Qafqazda yaşayan türklərin kimliyini şübhə altına almaq, assimilyasiya etmək bütün rus imperiyalarının, Çar Rusiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının Qafqaz siyasətinin əsas məqsədi, hədəfi olub.Rusiyanın imperiya idarələrində bildiriblər ki, onların Qafqaz siyasətinin qarşısını ala biləcək yeganə bir güc var. Bu gün də Azərbaycan və Qafqazın əsas etnosu olan türklərdir. Azərbaycan türkləri və ya Qafqaz türkləri adlandırılan türkləri Rusiya özünə təhlükə kimi gördüyündən özünün düşməni hesab edib və başımıza gələn bütün faciələrin kökünü burada tapmaq olar.

Erməniləri və digərlərini Qafqaza ruslar məhz ona görə köçürübər ki, burada yerli türk etnosuna qarşı əlavə cəbhə açsınlar. Bu gün Qarabağın müharibə ocağına çevrilməsinin kökü də buradadır. Rusiya nəhəng imperiya olduğundan dövlət idarələri, elmi potensialı da bu məqsədə xidmət edib. Rusiyanın imperiya idarələrində belə qənaət formalaşıb ki, Qafqaz və Azərbaycanda möhkəmlənmək üçün yerli türkləri sona qədər qırıb qurtarmaq mümkün olmayacaq. Ona görə də, assimilyasiya siyasətinə üstünlük veriblər. Bu həm də assimilyasiya edilmiş xalq hesabına özünə vassal qazanmaq imkanı da verdiyinə görə, Moskva bütün imkanları ilə türkləri assimilyasiya etməyə çalışıb. Buna görə ilk olaraq türklərin adını dəyişməyə çalışıb. Onlara tatar, müsəlman və ən nəhayət azərbaycanlı adı veriblər. Azərbaycanın böyük oğlu, Milli Azadlıq Hərəkatının lideri Elçibəy Moskvanın bu bədnam siyasətinin nəticələrini aradan qaldırmağa çalışsa da, qısa müddətli hakimiyyəti 200 illik bir əsarətin bütün yaralarını sağaltmağa imkan vermədi. Elçibəydən sonra Heydər Əliyev Azərbaycanla türkiyəni "Bir millət, iki dövlət” formulunda ifadə etməklə Azərbaycan vətəndaşlarının da türk kimliyini qabartmağa nail oldu. Ancaq çox təəssüflər ki, bu gün hakim partiyanın sıralarında, xüsusilə də rəhbər şəxsləri arasında elə şəxslər var ki, hətta ümummilli lider, mərhum prezident Heydər Əliyevin siyasətinin əleyhinə olaraq Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin etnik mənsubiyyətini şübhə altına almaqdan çəkinmirlər. Onlardan biri də Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadədir. Çox maraqlıdır ki, Moskvanın Azərbaycan xalqına qarşı bədnam siyasətinin ifadəçəsinə çevrildiyinin fərqində olmayan deputat Arif Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini bəyan edir: "Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bəraət qazandırmaq üçün  mərhum prezident Heydər Əliyevin məşhur "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” –sözlərindən istifadə edir. Ancaq Heydər Əliyevin yalnız Azərbaycanda deyil, Türkiyədə şüara çevrilən "Biz bir millət, iki dövlətik” sözlərini xatırlamaq istəmir. 

Arif Rəhimzadənin bu məsələni indi, Rusiyanın imperiyaçılıq siyasətinin qabardığı indiki mərhələdə dilə gətirməsi də təsadüfi hesab oluna bilməz. Bir müddət əvvəl Rusiyanın imperiyaçılıq siyasətinin əsas ideoloqlarından biri olan Vladimir Jirinovski Azərbaycanın milli dövlətçiliyini şübhə altına almışdı. İndi isə Arif Rəhimzadə millətimizin milli kimliyini şübhə altına alır. Bu isə Jirinovskinin münasibətindən daha pisdir. Əlbəttə, özünün deputat toxunulmazlığı, hakim partiyanın rəhbər şəxslərindən biri olması kimi immunetetlərin arxasında Arif Rəhimzadə özünün toxunulmaz hesab edə, hətta üzr istəməkdən imtina edə bilər, ancaq Arif Rəhimzadənin nə deməsindən asılı olmayaraq, Rusiyanın 200 illik imperiya siyasətinin təsirlərinə baxmayaraq Azərbaycanın şimalında əksəriyyət, Cənubuna isə bütün xalq özünü türk hesab edir. Görünür, Arif Rəhimzadə bunları bilmir. Əgər bilsəydi o özü haqqında "mən türk deyiləm” deyərdi və hər kəs də onun bu mövqeyinə hörmətlə yanaşardı. Ancaq onun bütün millətin, o cümlədn də bu sətirlərinin müəllifinin adından istifadə etmək haqqı yoxdur.

Moskvanın imperiya siyasətininə alət olmaqdan çəkinməyənlər, bəzən isə buna həvəslə can atanlar anlamalıdır ki, onların güvəndiyi Rusiya tarixinin son qərinəsini yaşayır. Bu qərinənin sonunda, təxminən 2035-ci ildə Rusiya böyük dövlət kimi mövcud olmayacaq və bu imperiyanın Qafqazdakı bütün tör-töküntüləri məhv olacaq.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti