Venesuelanın gələcəyini Çin təyin edəcək –QUAYDO PEKİNİN SAQQIZINI OĞURLAMAQ ÜÇÜN NƏ VƏDLƏR VERİB?

Venesuelanın gələcəyini Çin təyin edəcək –QUAYDO PEKİNİN SAQQIZINI OĞURLAMAQ ÜÇÜN NƏ VƏDLƏR VERİB?

 

Karlos Eduardo Pina

"Əl-Cəzirə”, 15.07.2019

 

Yanvarın 23-də ABŞ-ın dəstəklədiyi müxalifət lideri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edərkən, prezident Nikolas Maduronun hakimiyyətdən məhrum edilməsinin asan olacağını düşünürdü. Onun sadə, üçtərəfli planı vardı: Maduronun prezidentliyini qeyri-qanuni elan etmə, onu iqtidara gətirən seçkiləri qeyri-legitimləşdiməklə, keçid hökuməti qurma və müxalifəti hakimiyyətə gətirəcək yeni seçkilərin keçirilməsi.

Lakin, demək olar ki, 6 ay ərzində Quaydo Maduronun hakimiyyətini azca da zəiflədə bilməyib.

35 yaşlı müxalifət liderinin Maduronu devirməməsinin əsas səbəbi bir sıra mühüm beynəlxalq güclərin, ilk növbədə, Çinin Venesuela hökumətinə verdiyi dəstəkdir.

Venesuela ilə əhəmiyyətli maliyyə və hərbi əlaqələrə malik qlobal qüdrət – Çin Quaydonun prezidentliyini tanımaqdan imtina edib, bunun əksini suveren dövlətin daxili işlərinə müdaxilə sayıb.

Quaydonun xarici tərəfdarları, o cümlədən ABŞ prezidenti, Çinin mövqeyini Maduro və hökumətinə dəstək olaraq şərh edib və hətta Çinin Venesuelada davam edən böhrana görə məsuliyyət daşıdığını söyləyib. Məsələn, aprelin 13-də Çili səfəri zamanı ABŞ dövlət katibi Mayk Pompeo deyib: "Çin Maduro rejiminin ömrünü və bu ölkədəki böhranı uzadır”.

Bu yaxınlarda ABŞ-ın Cənub Komandanı admiral Kreyq Faller bildirib ki, Çinin Venesuelaya nəzarət texnologiyası şəklində dəstəyi "Venesuela xalqını izləmək və ona təzyiq etmək üçün istifadə edilir”.

Bununla yanaşı, Çinin davamlı böhranda oynadığı mühüm rolu qəbul edərək, Pekinin "Çavista” hökumətinə dəstəyini dayandırmaq üçün Quaydo kampaniyaya başlayıb.

Pompeonun Çinlə bağlı tənqidindən bir gün sonra özünü müvəqqəti prezident elan edən Quaydo "Bloomberg”-də "Niyə Çin Venesuelada dəstəklədiyi tərəfdən imtina etməlidr?” adlı məqalə dərc etdirib.

Məqalədə Quaydo müxalifət hökumətinin Çin maraqlarını və investisiyalarını "Çavista”dan daha yaxşı müdafiə edəcəyini və mövcud hökumətə dəstəkdən əl çəkməyə razılaşsa, Venesuelada Çinə yeni maliyyə güzəştləri verəcəyini bildrib.

Quaydonun məqaləsi və Pompeonun bəyanatları yalnız bir çox Venesuela müşahidəçisinin çoxdan xəbərdar olduğunu təsdiqləyir: Çinin siyasi mövqeyi Venesuelanın gələcəyini təyin edəcək əsas amildir.

 

Venesuela Çin üçün niyə vacibdir?

 

Pekin, Karakas üçün əvəzsiz iqtisadi və siyasi tərəfdaş olsa da, Latın Amerikası dövləti də Çin üçün çox vacibdir.

Çin neftlə zəngin sosialist ölkəni mühüm ticarət tərəfdaşı və əsas siyasi-iqtisadi rəqibi ABŞ-ın arxa bağçasında geosiyasi müttəfiqi kimi görür. Bununla yanaşı, son 12 ildə Pekinin bu ölkəyə qoyduğu investisiyalar Venesuelanı Çinin gələcək iqtisadi rifahı və enerji təhlükəsizliyində mühüm tərkib hissəsinə çevirib.

1999-cu ildə Uqo Çavesin hakimiyyətə gəlməsindən sonra Çinlə Venesuela arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə böyüməyə başlayıb. 2013-cü ildə Çavesin ölümündən sonra iki dövlət arasında xoş münasibətlər Maduronun başçılığı altında davam edib.

2000-ci ildən 2018-ci ilədək iki ölkə arasında ticarət dövriyyəsi 20 dəfədən çox artıb və Çinin birbaşa investisiyanın dəyəri 6 milyard dollara çatıb. Bununla yanaşı, Venesuela üçün Çin kreditlərinin ümumi dəyəri 60 milyard dollar həcmini ötüb.

Çinin Venesuelaya verdiyi kreditlər və investisiyaların əksəriyyəti neft sektoruna aiddir. 2007-ci ildə Pekin, Venesuelanın Çindən 5 milyard dollara qədər tranzit borcları almaq və borcu xam neft tədarükü ilə ödəməyə imkan verən Çin-Venesuela Birgə Fondu (FCCV) yaradıb. FCCV, Çin hökumətinin dünyanın ən böyük neft anbarı olan Orinoko qurşağında neft istehsalına qatılmasına izn verib.

 

Niyə Çin hələ də Maduronu dəstəkləyir?

Son 20 ildə böyük məbləğdə borc yığdıqdan sonra, neft satışı durğunluqda olsa da, Venesuela Çinə olan borclarını azaltmağa çalışır. Bu, Çin iqtisadiyyatını və enerji təhlükəsizliyini risk altında qoyur.

Bununla yanaşı, Venesuelada Çinin birbaşa investisiyalarının əksəriyyəti ölkədə biznes üçün əlverişsiz şəraitə görə tamamilə dayandırılıb.

Hazırda Venesuelada qarşılaşdığı riskləri qəbul edən Çin hədəflərini yenidən qiymətləndirir və yeni infrastruktur kreditlərinin verilməsini məhdudlaşdırıb. Diqqət Venesuelanın dövlət enerji şirkəti "Petroleos de Venezuela SA” ilə ortaq şəkildə yaradılan qarışıq müəssisələrin maliyyələşdirilməsinə yönəldilib. Bu, həmçinin Karakasa verilmiş kreditin son istifadəsinə nəzarət mexanizmlərini artırıb.

Çətinliklərə və potensial iqtisadi itkilərə məruz qalma riskinə baxmayaraq, Pekin, ən azından indiyə qədər, Maduro hökumətinin yanında qalmağa davam edir. Həmin mövqenin arxasında duran rəsmi səbəb Çin hökumətinin suveren dövlətin daxili işlərinə müdaxilə etməmə prinsipinə riayət etməsidir. Bununla belə, motivasiyasını tam açıqlamır.

Qeyri-rəsmi olaraq bir sıra başqa səbəblər də var. Pekin hələ də Venesuela hökumətini dəstəkləyir, çünki ABŞ-ın arxa bağçasındakı sosialist ölkə ilə müttəfiq olma Venesuelada davam edən böhrandan itirəcəklərindən vacibdir.

Bununla yanaşı, "Cənub-Cənub əməkdaşlığı” hazırda Çin xarici siyasətinin məhək daşlarından biridir və Pekin ABŞ-ın dəstəklədiyi müxalifət qrupu ilə əlaqə yaratmaqla, aparıcı ticarət tərəfdaşının gözündən düşmək istəmir.

Bundan başqa, Quaydonun səylərinə baxmayaraq, Çinin Venesuela müxalifətinə etibar etməsi üçün heç bir səbəbi yoxdur. İllərdir Venesuela borcları ilə bağlı müxalifətin mövqeyi birmənalı deyil. Bu gün Pekinin müxalifətin hakimiyyətə gəldikdən sonra yığılmış borcları ödəməyə razı olacağını düşünməsi üçün heç bir əsası yoxdur.

Venesuela müxalifətinin Tramp administrasiyası ilə sıx münasibətləri Maduronu dəstəkləməyə davam etmənin başlıca səbəbidir. Çin hökuməti Ağ Evin qəyyumluğu altında olan Venesuela elitasının Venesuela və ya bölgədə maraqlarını qoruya biləcəyinə inanmır.

Ancaq Çinin mövqeyi daşlaşmış deyil. Quaydo və tərəfdarları Tramp administrasiyasından uzaqlaşmaq və Venesuelanın Çin qarısındakı maliyyə öhdəliklərini təmin etməklə, Pekinin mövqeyini dəyişə bilərlər.

Müxalifət, həqiqətən, Pekin etibarını qazanmaq üçün bir yol tapsa, "Çavista”nı yıxma və nəticədə, Venesuelada hakimiyyətə yiyələnmə şansı qazanacaq.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti