8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nazirlər Kabinetinin tərkibində dəyişikliklər gözlənir. “Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, fevral-mart aylarında Nazirlər Kabinetinin tərkibində dəyişikliklər həyata keçiriləcək, bir neçə nazir vəzifəsini itirəcək. İqtidara yaxın mənbənin məlumatına görə, yaxın günlərdə Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunacaq. Məlum olduğu kimi Mədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. İxtisasca hüquqşünas olan Adil Kərimli ötən ilin dekabrında mədəniyyət nazirin birinci müavini təyin olunub. Məlumatlara görə hazırda nazir vəzifəsinə ən real namizəd də məhz odur. Adil Kərimlini yaxından tanyanlar onu güclü təşkilatçı kimi xarakterizə edirlər. Məlumata görə, məhz bu xüsusiyyətinə və keyfiyyətinə görə nazirin birinci müavini təyin edilib. Əgər hər hansısa fövqəladə hadisə baş verməsə, martın sonuna kimi Adil Kərimli mədəniyyət naziri təyin olunacaq.
Nazirlər Kabinetinin tərkibində gözlənilən dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin vəzifəsini itirməsi ilə müşaiyyət olunacaq. Məlumatlı mənbə bildirir ki, Sahil Babayev hazırda ən mənfi imicə malik hökumət üzvü hesab edilir. Ölkədə ən böyük narazılıq da məhz sosial sahə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirirliyi ilə bağlıdır. Sahil Babayevin vəzifəsindən kənarlaşdırılması sosial narazılığın bir qədər səngiməsinə səbəb ola bilər. Buna görə də Sahil Babayev 2018-ci ilin aprelindən rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ayrılmaq məcburiyyətində qalacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində Sahil Babayevi əvəz edəcək şəxsin də kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə üç əsas namizəd var. Həmin şəxslərin kimliyi ilə bağlı məlumat tam olmadığı üçün oxucularla paylaşmağı uyğun hesab etmirik.
Məlumata görə, hökumətdəki dəyişiklik Ədliyyə Nazirliyini də əhatə edəcək. Digər şəxslərdən fərqli olaraq Fikrət Məmmədov ötən ilin sonunda şifahi şəkildə artıq təqaüdə çıxmaq istədiyini bildirib. Onun bu istəyi hörmətlə qarşılansa da, bir müddət gözləməyi tövsiyyə ediblər. Məlumatlı mənbənin sözlərinə görə, Ədliyyə naziri vəzifəsinə ən şanslı namizəd xarici işlər naziri Ceyhun Bayramov hesab olunur. İxtisasça hüquqşünas olan Ceyhun Bayramov xarici işlər naziri kimi də özünü təsdiq edib və bu uğur onun iqtidar komandasındakı mövelərini möhkəmləndirib.
Hökumətin tərkibində baş verəcək dəyişiklik Müdafiə Nazirliyini də əhatə edə bilər. Məlumata görə Azərbaycanın əsas tərəfdaşları Müdafiə Nazirliyində islahatların aparılmasını, Nazirliyə mülkü şəxsin rəhbər təyin edilməsini tövsiyyə edirlər. Bu tövsiyyə müsbət qarşılanıb. Buna görə də gözlənilən dəyişiklik çərçivəsində Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişəcəyi gözlənilir. Müdafiə naziri Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin oluna bilər. Xidmətin hazırkı rəisi Arzu Rəhimov isə istefaya göndəriləcək. İqtidar komandasında bir sıra digər dəyişikliklər də gözlənilir. Mənbə ehtimal olunan dəyişikliklərlə bağlı “Yeni Sözçü” qəzeti vasitəsilə cəmiyyəti bilgiləndirməyə davam edəcəyini vəd edir.
Son olaraq onu da əlavə edək ki, Naxçıvanda həyata keçirilən dəyişikliklər Bakıda da bəzi kadrların karyerasına son qoyacaq. Məsələn, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun yaxın həftələrdə istefaya göndəriləcəyi gözlənilir. Bütün bunlarla bağlı redaksiyamızı bilgiləndirən mənbə qeyd edir ki, prezident İlham Əliyev dövlət başçısı olduğu zamandan kadr dəyişikliklərini özünün uyğun bildiyi qaydada və tərzdə həyata kçirir. Bu yanaşma da bu günə kimi özünü doğruldub. Buna görə dövlət başçısı sınaqdan çıxmış kadr siyasətini davam etdirəcək.
A.Aydın
“Yeni Sözçü” qəzeti